adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
12 Yanvar 2022 15:00
1120
MÜSAHİBƏ

GƏNCƏ ÜSYANININ TƏDQİQİNƏ SANBALLI TÖHFƏ

Gəncə üsyanı təkcə qədim şəhərin deyil, Azərbaycan xalqının azad, müstəqil yaşamaq uğrnda apardığı çoxəsrlik mübarizə tarixinin ən parlaq səhifələrindən birini təşkil edir. Müstəmləkəçiliyə, istismara qarşı bu möhtəşəm xalq hərəkatının 100 illi tamam oldu. Ötən dövr ərzində çox təəssüflər olsun ki, hansı səbəb üzündənsə bu tarixi hadisəyə laqeyd yanaşılmış, xalqın kütləvi qəhrəmanlığına ən gözəl nümunə olan Gəncə üsyanının baş verdiyi tarixi şərait, xalq üsyanını doğuran səbəblər, onun ümümi tariximizdəki yeri və rolu tam araşdırılmamışdır . AMEA Gəncə Bölməsinin Elmi Şurrasının Gəncə üsyanın hərtərəfli tədqiq edilməsi ilə bağlı layihəsi bu kütləvi xalq qəhrəmanlığının əsl mahiyyətini açıb göstərməklə, həm də xalqımızın azad, müstəqil yaşamaq üğrunda mübarizə tarixini daha da zənginləşdirəcəkdir. Hazırda kitabın nəşri ilə bağlı son hazırlıq işləri görülür. Tarix elmləri doktoru, professor Həsənbala Sadıqovla söhbətimiz də kitab üzərində aparılan elmi axtarışların nəticələri barədədir

 

-Həsənbala müəllim, 1920-ci ilin mayında Azərbaycanda Sovet hakimiyyətinin qurulmasına qarşı Gəncə üsyanı istiqlal mübarizəsi tariximizdə çox mühüm yer tutur. Çox təəssüf olsun ki, Gəncə üsyanından 100 il keçməsinə baxmayaraq bu tarixi hadisə hələ də tam tədqiq olunmamış, ona hərtərəfli tarixi qiymət verilməmişdir. Bu laqeydliyin nəticəsidir, yoxsa onun arxasında hər hansı siyasi xislət dayanır.

 

- Müstəmləkəçilər üçün üsyan qədər onun haqqında tədqiqat aparmaq da təhlükəlidir. Buna görə də üzün illər 1920-ci il Gəncə üsyanına aid arxiv sənədləri “yasaqdır” xəbərdarlıqlı sandıqlarda “həbs” edilmişdi. Gəncə üsyanı sadəcə üsyan deyildir. O, Azərbaycanda dövlət çevrilişi nəticəsində qurulan Sovet hakimiyyətinə qarşı Müqavimət hərəkatının mərkəzi idi. Sovet hakimiyyəti illərində yazılan tarixi əsərlərdə Gəncə üsyanına ya yer ayrılmamış, ayrıldıqda da şəhəri o zamankı tədqiqatlara uyğun olaraq “əksinqilab yuvası” adlandırılmışdır. Bu kimi yanaşma olduqda Gəncə üsyanı haqqında hər hansı bir müsbət fikir söylənilməsini heç gözləmək də olmazdı.Buna görə də sovet tarixşünaslığında 1920-ci il Gəncə üsyanı haqqında elə bir əsaslı təhlil aparılmamışdır. Azərbaycan müstəqillik qazandıqdan sonra Gəncə üsyanı haqqında müəyyən tədqiqatlar aparılmasına imkan yaradılmışdıqr. Bunun nəticəsi olaraq bir sıra elmi məqalələr yazılmış, xatirələr dərc edilmişdir. Elmi ədalət naminə qeyd etməliyik ki, 1920-ci il Gəncə üsyanından yazan müəlliflər tarixi hadisə ilə əlaqədar çox mühüm sənədləri elmi mübadiləyə daxil etmişdilər. Amma ümumi nəticələr Gəncə üsyanının yenidən hərtərəfli tədqiqini zəruri edir. Elmi mübadiləyə daxil edilən sənədlərdə 1920-ci ilin mayında Gəncədə baş verən üsyanın bir sıra cəhətləri qismən də olsa işıqlandırılır. Qeyd olunanlardan aydın görünür ki, 1920-ci il Gəncə üsyanının arxiv sənədləri və çox sayda xarici mənbələr əsasında onun yenidən hərtərəfli tədqiq dilməsinə ehtiyac var.

 

- Görünür, AMEA Gəncə Bölməsinin Elmi Şurasının Gəncə üsyanının hərtərəfli tədqiq edilməsi ilə bağlı təşəbbüsü də bu ehtimaldan qaynaqlanır. Aparılan elmi araşdırmalar haqqında təəssüratlarınız oxucularımız üçün çox maraqlı olar.

 

- Bəli, xaqımızın qəhrəmanlıq mübarizəsi tarixində çox əhəmiyyətli yer tutan Gəncə üsyanın yenidən, hərtərəfli tədqiqi təkcə Gəncənin deyil, Azərbaycan tarixinin daha da zənginləşdirilməsinə bir töhfə olacaq. Bu yöndə atılan ilk addım kimi tədqiqatın mənbəşünaslıq bazasını xüsusi ilə qeyd etmək lazımdır. Azərbaycan Respublikasının Arxivlərindən, xüsusən Siyasi Sənədlər Arxivindən 1920-ci il Gəncə üsyanı ilə əlaqədar vacib sənədlər əldə etdik. İlk dəfə olaraq “Dünya tarixşünaslığında 1920-ci il Gəncə üsyanına baxış necədir?” sualı qarşıda dururdu. Ona görə də 15-dən artıq ölkədəki az da olsa Gəncə üsyanı ilə əlaqədar qəbul edilən konsepsiyanı Azərbaycan oxucusu ilə tanış etməyi planlaşdırmışıq. Mənə görə bu, 1920-ci il Gəncə üsyanı ilə əlaqədar çox uğurlu yanaşma hesab edilməlidir. Bunun da mənası “özümüz yazıb özümüz oxuyuruq” metodundan “bizim tariximiz haqqında xaricilər nə yazırlar?” metoduna keçməkdir. Xarici tarixşünaslıqda qərəzli yazanlar olmasına baxmayaraq, üsyana obyektiv yanaşanlar da vardır və onlar 1920-ci il üsyanını Müqavimət hərəkatının mərkəzi, sonrakı üsyanlara nümunə olaraq qəbul edirlər.

 

- Professor, 1920-ci il Gəncə üsyanı haqqında az da olsa müasirləri tərəfindən hazırlanmış mənbələr var, tədqiqat prosesində onlardan istifadə etmisinizmi, çünki qeyd olunan mənbələrdə üsyanın meydana gəlməsinin səbəblərinə aid maraqlı faktlar mühafizə olunmuşdur.

 

- Əslində, Gəncədə müstəmləkəçiliyə, istismara qarşı üsyanın mübarizə tarixi çox qədimdir. Yaxın tarixə nəzər salaq. Üsyanın təməli 1804-cü ildə Gəncənin, sonra isə Azərbaycanın Rusiya tərəfindən işğalı ilə qoyulmişdur. İctimai münasibətlərin bütün sahələrində Rusiya Azərbaycanda ən amansız müstəmləkə rejimi tətbiq etrmişdir. Gəncə adı ləğv edilərək Yelizavetpol adlandırılmış və addan istifadə edənə qarşı vergi müəyyən edilmişdir. Erməniləri yerləşdirmək üçün torpaqlarımızı aldılar. Erməniləri silahlandırdığı halda. Azərbaycan türkləri tərksilah edilmişdir. Azərbaycan türkləri Rusiyada hərbi xidmətdən uzaqlaşdırılmışdı. Azərbaycanda, xüsusən Bakıda müstəmləkə iqtisadiyyatı formalaşdırılmışdı. Bütün sahələrdə mürtəce siyasət həyata keçirirdilər. Ermənilər Azərbaycan torpaqlarına yerləşdirildikdən sonra Rusiyanın himayəsi ilə Azərbaycan türklərinə qarşı soyqırımı həyata keçirirdilər. Əhalinin səbr kasasını dolduran ən mühüm amil ermənilər qarşısında Azərbaycan türklərinin tərksilah vəziyyətinə salınması idi. Ona görə də azərbaycanlılar “Difayi”-nin təsbit etdiyi kimi tərksilah edilmiş xalq idi. İstər 1905-1906-cı illərdə, istərə də 1918-ci ilimn martındakı soyqırımın həyata keçirilməsində Çar Rusiyasının hadisələrə obyektiv münasibəti görünmədi. Erməniləri dəstəklədi və onlarla müttəfiq oldu. Milli Ordu hissələri buraxıldı. Bütün bunlar Gəncə üsyanını yaratdılar.

 

Rusiyada Çarın dövründə bolşevik erməni ordusu Sovet Rusiyası tərəfindən dəstəklənirdi və planlı şəkildə Bakıya yerləşdirirdilər. Lenin Qafqazla əlaqədar artıq gizli olmayan bolşevikləşdirmə planlarını Bakı Xalq Komissarlar Sovetinin erməni birlikləri tərəfindən yerinə yetirilməsinə nail olmağa çalışırdı. Buna görə də Şaumyanın tabeliyində olan erməni-rus dəstələri tez-tez Gəncəni də işğal etmək istəyirdilər. Leninin tapşırığı ilə Bakı Kommunası dəfələrlə Gəncəyə qarşı uğuruz yürüşlər təşkil etdi.

 

Gəncə Azərbaycan Xalq Cümhuriyyətinin müvəqqəti paytaxtı və tarixi paytaxt Bakının azad edilməsinin mübariz qərargahı olmuşdu. 1920-ci il aprelin 27-28-də Bakıda hakimiyyətin bolşeviklərə verilməsi ilə tarixi paytaxtımızda Sovet hakimiyyətinin qurulmasının qarşısını ala bilməyən qüvvələr Gəncəyə toplaşmağa başladılar. Sovet hakimiyyəti narazı qüvvələrin Gəncəyə toplanmasının qarşısının alınmasına müstəsna əhəmiyyət verirdi. Ona görə də Bakı-Gəncə arasında bolşeviklər bir neçə yerdə Gəncəyə gedən yollarda nəzarət qoymuşdu. Bu da çox vacib şəxslərin Gəncəyə gəlib üsyana qoşulmasına imkan verməmişdi. Gəncə Azərbaycanda Cümhuriyyət uğrunda mübarizə aparan son qala oldu. Ümumiyyətlə, Azərbaycanda baş vermiş bütün tarixi taleyüklü məqamlarda Gəncə xüsusi rol oynamışdır.

 

- Həsənbala müəllim, 1920-ci il may üsyanının sosial bazası xüsusi qeyd edilməlidir. Çünki bu məsələ bəzi tədqiqatçılar tərəfindən birmənalı qarşılanmayıb, bəlkə bu barədə bir qədər geniş məlumat verəsiniz.

 

- Sovet hakimiyyəti illərində belə bir fikir yaratmağa çalışırdılar ki, Gəncə üsyanı əksinqilabçı-müsavat qüvvələrin üsyanı idi. Amma üsyanın tarixinin tədqiqi prosesində tamam fərqli vəziyyət ortaya çıxır. Üsyanda Azərbaycan Milli Ordusunun zabitləri ilə birlikdə əsgərləri iştirak edirdilər. Milli burjuaziyanın nümayəndələri və torpaq sahibləri üsyanda iştirak edirdilər. Gəncəbasar kəndliləri üsyana fəal qoşulmuşdular. Gəncəbasarda və Gəncədə olan xalq qəhrəmanları da dəstələri ilə üsyanda xüsusi ilə qəhrəmanlıq göstərirdilər.1920-ci il Gəncə üsyanı bütün xalq tərəfindən dəstəklənən xalq üsyanı idi. Digər bir məsələ ondan ibarət idi ki, Gəncə üsyanı əslində Sovet hakimiyyətinə qarşı Müqavimət hərəkatı idi.

 

Artıq bir həftədən sonra məhşur siyasi xadimlərin Bakıda fəaliyyət göstərməsi üçün heç bir təminatı qalmadı. Əksəriyyəti “əvvəl Gəncə” son Gəncə” deyib Gəncəyə toplanmağa başladılar. Azərbaycanın hər yerində xüsusən də Gəncədə üsyan ruhu tamam yetişmişdir. Azərbaycanda xalq qısa müddətdə yaşadıqları, şahid olduqlarından sovet hakimiyyətinin repessiya aparatının fəaliyyətə başladığını aydın görürdülər. Ona görə də Azərbaycanın hər yerində üsyan qaynamağa başladı. Ölkənin heç bir yerində azərbaycanlılar üçün azad yaşamağa təminat yox idi.

 

-Və üsyan başladı...

 

- Tarix qatarı çox sürətlə gedirdi. Cümhuriyyət dövründə proseslərin qanunauyğun nəticəsi 1920-ci iln mayında Gəncə üsyanını meydana çıxardı. Azərbaycan, uzun illər idi ki, Gəncə üsyanına döğru yol gəlirdi. Bütün zamanlarda o cümlədən 1920-ci ilin aprel-may aylarında “Haradan gəlib hara gedirik” – sualına cavab tapmaq, geniş anlamda isə özünü tanımaq və tanıda bilmək üçün çox sayda olan səbəblərin nəticəsi kimi Gəncə üsyanı gərək idi.

 

Çar Rusiyası Azərbaycanda mədəni müəssisələrin fəaliyyət göstərməsi üçün bir qəpik pul xərcləməyib milli kapitalistlərdən pul alırdı. Azərbaycanda üsyan ruhunun qalxmasına səbəb olan amillərdən biri də Cənub cəbhəsindən gətirilən türk əsirlərinə qarşı qeyri insani münasibət göstərmələri idi.

 

Azərbaycan türklərininn daima qaynayan üsyan ruhu damla-damla yaradılmışdır. Rusiyanın Azərbaycan siyasəti 1800-cü ildən başlayaraq Gəncədə üsyan ruhunu yetişdirirdi. Rusiya imperiyasının Azərbaycan siyasəti etibarsızlıq, inamsızlıq kompleksi idi. Azərbaycanlıların dini heysiyyatı çox hallarda hətta aşağılanır, müxtəlif formada və yerlərdə təhqir olunurdu. Hərbi xidmətdən uzaqlaşdırılaraq müasir silahlanmadan üzaq salınmışdı. Hətta milli həmrəylik məkanı olan Gəncədə çayın sağ sahilində olan ərazidə Erməni hissəsi yaradılmışdı. Alban abidələrinin erməniləşdirilməsinə çarizm tərəfindən rəvac verilmişdi. Yerlərdə hakimiyyətdə rus və ermənilərdən istifadə edirdilər. Qeyd olunanların izi uzun müddətdən sonra Azərbaycanın hər yerində hiss olunan üsyan ruhunu yetişdirdi. Bu mənada 1920-ci ilin mayında Gəncədə başlayan əzəmətli üsyan üzun illərdən davam edən çarizmin haqsızlığı nəticəsində meydana gəlmişdi.

 

Bakıda zor ilə qurulan sovet hakimiyyəti Gəncəyə də gəldi. Gəncə Bakıya 19 ay əvvəl “cümhuriyyət” aparmışdı. Bolşeviklərin gətidikləri cümhuriyyəti aradan qaldırdı və cümhuriyyət paytaxtı Gəncəyə sovet hakimiyyətini gətirirdilər. Gəncə heç cür bolşevizmin-sovet hakimiyyətinin fəaliyyətə başlaması ilə razılaşa bilmirdi. Bir zamanlar Gəncə “xanlı günlərin” həsrətini çəkirdisə, bu gün də itirdiyi “cümhuriyyət”in nisgilini çəkirdi. Nə qədər səbəblər var idi Gəcənin sovet rejimini qəbul etməməsi üçün. Qəbul da etmədi. Üsyanın məqsədi Azərbaycanı sovet işğalından azad etmək, kommunistlərin özbaşınalığına son qoymaq idi. Bu üsyan XX əsrdə Azərbaycanın işğal edilməsinə qarşı baş vermiş ən böyük və ən çox itkiyə səbəb olmuş üsyandır.

 

1920-ci ilin 24-dən 25-nə keçən gecə başlanan üsyan ilk günlərdə çox böyük uğurlar qazandı . Kitabda Gəncə üsyanının xronologiyasına uyğun olaraq üsyanın gedişi tədqiq edilir. Üsyanda bir məsələyə xüsusi aydınlıq gətirilmişdir. Gəncə üsyanına qarşı Sovet Rusiyasının çox böyük və amansız ordusu dayanmışdır. Moskva mütəmadi olaraq Gəncə üsyanına qarşı mübarizə üçün yeni-yeni qüvvələr göndərirdi. Burada erməni amiıli də mühüm rol oynamışdır. Qırmızılar Gəncə üsyanına qarşı ermənilərdən istifadə edirdilər. XI Ordunun amansızlığı onda idi ki, evdə gizlənmiş bir nəfər “təslim ol” çağrışına gec cavab verəndə evi top ilə dağıdırdılar. Üsyançıları qırmızılar və ermənilər güllələyir və ermənilərin zirzəmisində və ya həyətlərində toplu şıkildə basdırırdılar. Ona görə də 1920-ci ilin may-iyunun əvvəllərində deyirdilər ki, Gəncədəki qəbirlər ölənlərin sayından azdır. Azərbaycan Demokratik Cümhuriyyəti Bakıdakı məğlubiyyətdən sonra bir neçə günlük ömrünü Gəncədə başa vururdu. Lakin sovet hakimiyyəti şəraiti bildiyindən Gəncənin ətrafında sanitar kordon yaradıb ətrafdan köməyə gəlmək istəyənlərin qarşısın kəsir, müqavimət gördükdə atəşlə cavab verirdi. Ona görə də Gəncə üsyançıları ətrafdan gözlədikləri köməyi ala bilmədilər. Gəncə üsyançılarının Gürcüstandan kömək almaq fikri də-qonşuların Rusiya ilə müqavilə bağlaması ilə əlaqədar olaraq gerçəkliyini itirdi. Xalqın ən çox ümid etdiyi yoluna göz dikdikləri Osmanlı dövləti dağılmış, torpaqları Avropanın qalib dövlətləri tərəfindən işğal edilmiş və çox ağır olan işğal reğimi yaratmışdılar.

 

Sovet Rusiyasının çox sayda olan orduları bütöv bir xalqın İSTİQLAL uğrunda mübarizəsini qan dənizində boğdu. Gəncə üsyançıları çox ağır itgi verdilər. Gəncənin qəhrəman oğulları qətl edildilər. Ölənləri dəfn etmək belə mümkün olmadı. Çoxunu qırmızılar və ermənilər gizlədib sahiblərinə vermədilər.

 

- Kitabda üsyandan sonra mühacirət hərəkatına da toxunulmuşdur.

 

- Bəli. Üsyan yatırıldıqdan sonra vətən öğulları dünyanın hər yerinə səpələndilər. İlk vaxtlarda Gəncə üsyanın iştirakçıları 10-dan artıq ölkəyə sığındılar. Söhbətin əvvəlində qeyd etdim ki, Gəncə üsyanı təkcə qədim şəhərin deyil Azərbaycan xalqının azad, müstəqil yaşamaq uğrunda mübarizə tarixində çox əhəmiyyətli yer tutur. Bu gün xalqımız o tarixi qəhrəmanlıq haqqında hərtərəfli biliyə malik olmalıdır. Xüsusilə gənclərimizin vətənpərvərlik tərbiyəsində, onlarda azad, müstəqil yaşamaq etirasının gücləndirilməsində Gəncə üsyanın tarixi dərsləri çox vacibdir. Məqsədimiz həm Gəncə üsyanının dolğun, tarixi nöqteyi-nəzərdən obyektiv mənzərəsini yaratmaq, həm də xalqımıza, xüsusilə gənclərə örnək verməkdir.

 

Müsahibəni apardı: Vaqif TANRIVERDİYEV