adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
17 Avqust 2022 11:47
465
MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: Atmosferə normadan artıq zərərli qazlar atılırsa...

Avqustun 1-dən 31-dək DİN Baş Dövlət Yol Polisi İdarəsi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi birgə «Təmiz hava» aylığı keçirir

 

Bu gün dünyanı ən çox narahat edən məsələlərdən biri ekoloji tarazlığın pozulması, atmosferin, çayların, göllərin, dənizlərin və meşələrin çirklənməsidir. Təbii ki, bu dediyimiz amillər çox strateji əhəmiyyətlidir və ondan Yer üzündə yaşayan insanlar istifadə edirlər. Yəni dəniz, okean, çay, hava, meşə çirklənirsə, son nəticədə bu, bumeranq kimi insanların özlərinə qayıdır və ona zərər vurur.

Atmosferin çirklənməsi isə daha dəhşətlidir. Ona görə dəhşətlidir ki, atmosferə atılan min tonlarla zərərli qazlar göy üzünə yığılır və ordan da yağış kimi yenidən yer üzünə qayıdır. Hələ üstəlik də, milyardlarla insanlar o çirkli havanı udmağa məcbur olurlar. Çirkli havanın udulması isə müxtəlif xəstəliklərin, o cümlədən xərçəngin yayılması deməkdir. Əlbəttə, bütün göstərdiyimiz bu faktlar onu deməyə əsas verir ki, atmosferin çirkləndirilməsi insanlar üçün çox böyük bəladır və onun qarşısı alınmalıdır.

Təbii ki, bu, dünyəvi bir məsələdir. Dünyanın hər yerində atmosferin çirklənməsinin qarşısını almaq üçün milyonlarla vəsait xərclənir və böyük layihələr gerçəkləşdirilir. Aydındır ki, bizim məmləkətimizdə də zaman-zaman atmosferə atılan zərərli qazların qarşısını almaq üçün çox böyük Dövlət Proqramları və layihələr həyata keçirilir. Onlardan biri də hər ilin avqust ayının 1-dən 31-ə qədər DİN-in Baş Dövlət Yol Polisi İdarəsi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birlikdə keçirdiyi «Təmiz hava» aylığıdır. Onu da qeyd edək ki, bu cür tədbirlərin çox böyük önəmi var, təbiətin və  atmosferin qorunmasında əhəmiyyətli rol oynayır. Aydındır ki, hər bir dövlət səviyyəli tədbirin gerçəkləşdirilməsi birmənalı olaraq insanların sağlam həyat yaşamasına və onların həyatını təhlükədən xilas olunmasına yönəldilir.

Artıq avqustun 1-dən bugünkü tarixə qədər DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı respublika ərazisində reydlərə başlayıb və nəqliyyat vasitələrini texniki sazlığını yoxlamaq üçün stasionar postlarda və rayon ərazilərində reydlər keçirir. Öncədən onu qeyd edək ki, əvvəlcədən sürücülərin, eləcə də hüquqi, fiziki və vəzifə şəxslərin maarifləndirilməsi diqqət mərkəzində saxlanılıb. Belə ki, yol polisi əməkdaşları ayrı-ayrı nəqliyyat sahələrində, istehsalat yerlərində və digər məkanlarda olub həmin insanlarla müəyyən maarifləndirici tədbirlər aparıb. Bu işdə Baş Dövlət Yol Polisi İdarəsinin avtotexniki müfəttişlik şöbəsinin əməkdaşlarının xidmətini xüsusi ilə qeyd etmək lazımdır. Çünki şöbənin əməkdaşları nəinki «Təmiz hava» aylığında, həm də adi günlərdə belə sürücülərlə, hüquqi, fiziki və vəzifəli şəxslərlə söhbətlər aparır, onlara mövcud vəzifələrini izah edir və bir daha xatırladır ki, atmosferin çirklənməsinin qarşısını alması üçün üzərilərinə düşən işləri vaxtında yerinə yetirsinlər.

Bir faktı da qeyd edək ki, «Təmiz hava» aylığında avtotexniki müfəttişlik şöbəsinin əməkdaşları rayonlara ezam olunur, Bakı şəhərində reydlərin təşkilində yaxından iştirak edirlər. Heç kimə sirr deyil ki, bəzən rayon yerlərində sürücülər texniki cəhətdən daha çox nasaz avtomobillərdən istifadə edirlər. Xüsusən də Sovet və Rusiya  istehsalı olan «Vaz» markalı avtomobillərdən atmosferə daha çox zərərli qazlar atılır. Onunla yanaşı, istismar müddəti çox olan «Kamaz», «Kraz» və «Şadman» tipli ağır tonlajlı maşınlardan da atmosferə normadan artıq zərərli qazlar tullanır.

Ona görə də reyd zamanı bu cür nəqliyyat vasitələrinin sürücüləri mütəmadi olaraq saxlanır və onlarla səmimi söhbətlər aparılır. Avtotexniki müfəttişlik şöbəsinin apardığı bu maarifləndirici söhbətlərdən və xəbərdarlıqlardan nəticə çıxaranlar da var, nəticə çıxarmayanlar da. Həmin sürücülərin bir çoxuna  birinci dəfə xəbərdarlıq edilir. Amma ikinci, üçüncə dəfə onlar saxlanılarkən nəqliyyat vasitələrinin yoxlanılması zamanı atmosferə normadan dəfələrlə çox zərərli qazlar atıldığına görə həmin sürücülər inzibati məsuliyyətə cəlb olunurlar.

Yol Patrul Xidməti Alayının birinci, üçüncü, altıncı, yedinci, on ikinci və eləcə də ekoloji postunda saxlanılıb yoxlanılarkən neçə-neçə nəqliyyat vasitəsindən atmosferə normadan artıq zərərli qazlar atılması aşkarlanıb. Bu cür faktların üzə çıxması ilk növbədə həmin avtomobillərin sükanı arxasında əyləşən sürücülərin maarifləndirmə  və xəbərdarlıq tədbirlərinə bir daha məhəl qoymamaları müəyyənləşib. Çox təəssüf ki, bir çox intizamsız sürücülər bəzi hallarda yol polisinin humanist və insanpərvər münasibətlərindən sui-istifadə edirlər. Bu da nəticədə həmin sürücülərin inzibati məsuliyyətə cəlb olunması və 50 manat civarında cərimə edilməsi ilə yekunlaşır.

Avtotexniki müfəttişlik şöbəsinin rəisi, polis polkovnik-leytenantı Xalid Əzimov bildirir ki, ekoloji tarazlığın pozulması birmənalı olaraq nəinki yol polisini, cəmiyyəti narahat edən ən böyük problemlərdən biridir. Elə məhz buna görə də həmişə dövlət bu məsələni prioritet kimi diqqət mərkəzində saxlayır və hər il biz Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə «Təmiz hava» aylığı keçiririk. Bu isə öz müsbət nəticəsini zaman-zaman verir. Çünki bu cür tədbirlərin gerçəkləşdirilməsi sözün həqiqi mənasında təbiətimizi və atmosferi çirklənməkdən xilas edir. Ümumiyyətlə, bu gün dünya çox böyük bir ekoloji fəlakət qarşısındadır. Meşələr qırılır, yandırılır, dənizlər, okeanlar, çaylar çirkləndirilir. Atmosferə isə normadan artıq min tonlarla zərərli qazlar atılır. Xüsusən də istismar müddəti bitmiş və köhnə nəqliyyat vasitələrindən atmosferə daha çox zərərli qazlar tullanır. Elə bizim də reydlərimiz vaxtı stasionar postlarda və eləcə də xüsusi yerlərdə həyata keçirilən tədbirlər zamanı bu cür nəqliyyat vasitələri aşkar edilir. Xüsusən də istimar müddəti bitmiş Rusiya istehsalı olan   «Vaz» markalı nəqliyyat vasitələrindən atmosferə daha çox zərərli qazlar atılır. Əlbəttə, hər bir sürücü, hər bir fiziki, hüquqi və vəzifəli şəxs öz üzərinə düşən missiyanı yerinə yetirsə, havamız da bu dərəcədə çirklənməz. Havanın çirklənməsi isə insanların çətin anlar yaşamasına və müxtəlif xəstəliklərə düçar olmasına gətirib çıxarır. Bir daha sürücülərdən, adını çəkdiyimiz digər şəxslərdən  xahiş edirik ki, mövcud qanunlara əməl etsinlər, texniki cəhətdən nasaz olan avtomobillərlə mənzil başına getməsinlər. Bir faktı da qeyd edim ki, bu  cür köhnə avtomobillər qəzalar zamanı digər nəqliyyat vasitələri ilə toqquşanda deformasiya uğrayır və ölüm hadisələri daha çox baş verir.

Onu da qeyd edək ki, atmosferə atılan normadan artıq zərərli qazlara səbəb olan amillərdən biri də yanacağın keyfiyyətsiz olmasıdır. Bu barədə sürücülər biz jurnalistlərə də dəfələrlə öz fikirlərini bildiriblər. Deyiblər ki, bizim idarə etdiyimiz avtomobil təzədir, ancaq bəzi yanacaqdoldurma məntəqələrində maşınımıza yanacaq vurduranda görürük ki, avtomobilimiz yaxşı işləmir və nəqliyyat vasitəsini yoxlayanda atmosferə normadan artıq zərərli qazların atılması faktı aşkarlanır.

Deməli, burdan da belə bir məntiqi nəticə çıxır ki, bu işdə tək sürücülər, fiziki, hüquqi və vəzifəli şəxslər deyil, həm də yanacaqdoldurma məntəqələri məsuliyyət daşıyırlar. Bir sözlə, təmiz havamızı çirkləndirməmək üçün hər bir insan öz üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Yoxsa, əks təqdirdə atmosferə normadan artıq zərərli qazların atılması prosesi davam edəcək.