adalet.az header logo
  • Bakı -°C
23 Iyun 2026 09:20
82
HADİSƏ
A- A+

“Avtobusların oturacaqlarının parçası keçinin dizi kimi qotur bağlayıb”

“Yerüstü ictimai nəqliyyata nəzarətiniz, tənzimləmə, əhaliyə xidmət çox nöqsanlıdır. Bir çox sürücülərinizin hansı formada, sanki sürücülük vəsiqəsi olmadan avtobus idarə etdiyini, sükan arxasında siqaret çəkdiyini, sərnişinlərlə pis davrandığını əgər bilmirsinizsə zəhmət çəkib təğyiri - libas olub bircə dəfə həmin avtomobillərə süvar olun”.

Adalet.az xəbər verir ki, bunu ilahiyyatçı Tural İrfan deyib. 

O, bildirib ki, çoxunda kondisioneri işlətmirlər ki, rəhbərlik icazə vermir:

“İctimai nəqliyyat elə gündədir ki, bircə nəfər qalstuklu adam avtobusa minmir. İctimai nəqliyyat elə gündədir ki, hamı borcla, kreditlə, sələmlə də olsa şəxsi avtomobil almağa üstünlük verir. Qoca arvadı səkidə avtobusunuz vurub öldürüb. Hər gün minlərlə təhlükəli vəziyyət yaradırlar, sərnişinləri incidirlər, camaat da ona görə şikayət etmir ki, xeyri yoxdur. Qəsəbələrə işləyən marşrutlarda daha dayanacaqda saxlamaq ənənəsi ləğv edilib. Kim harda dayanırsa, kim harada düşmək istəyirsə sifarişlə orada saxlayırlar. Avtobusların oturacaqlarının parçası keçinin dizi kimi qotur bağlayıb, qaysaq atıb kirdən, pasdan, mikrobdan. Qoyun şaqqıldağı kimi üfunət verir. Tozdan - torpaqdan burun tutulur, nəfəs almaq olmur avtobusların içində. İstifadəyə veriləndən içi yuyulmur, təmizlənmir, dezinfeksiya olunmur”.

İlahiyyatçının sözlərinə görə, sürücülərin çoxu çox aqressiv, gərgin, laqeyddir:

“Hələ digər problemləri demirəm, özünüz yəqin ki, məlumatlısınız...Nəzarət etmək lazımdır, nəzarət... Lazım gəlsə zəhmət çəkib reyd keçirmək, yoxlama aparmaq, izləmək, diqqət göstərmək lazımdır. İctimai nəqliyyatı elə nizamlamaq lazımdır ki, işə, dərsə gedən şəxs maşını ilə yox, marşrutla getməyə həvəs göstərsin. Amma siz ictimai nəqliyyatı elə günə qoyubsunuz ki, marşrutla yalnız əlacsız adamlar gedir. Əgər bilsəniz ki, həmin avtobusda hər gün beş məmur gedir, hər avtobusa əlavə kondisioner qoyub xüsusi sürücü təyin edərsiniz. Şəhərdaxili avtobuslarda bəlkə nadir hallarda vəzifəli şəxslər gedə bilər, amma qəsəbələrə işləyən ictimai nəqliyyatda əbədi olaraq icra nümayəndəsinin özünü, müavinini, bələdiyyə sədrinin ikinci müavinini, məktəb direktorunu, bağça müdirini belə görə bilməzsiniz. Çünki avtobuslar normal işləmir, sərnişinlər üçün normal şərait yoxdur, natəmizlikdir, gigiyenik qaydalara əməl olunmur. İnterval düzgün tənzimlənmir, basabas yaranır. Bəzən avtobuslarda adamlar elə formada daşınır ki, heç malı-heyvanı, toyuq-cücəni o şəkildə aparmırlar ki, birdən boğular, havasızlıq yaranar. Əslində avtobuslar heç olmasa 6 aydan bir dezinfeksiya olunmalıdır. Çünki ictimai nəqliyyata hər cür yoluxucu xəstəliyi olan adamlar da minir. Öskürən, asqıran, bəzən yerə tüpürən də olur.Bütün bu problemlər ona görə baş alıb gedir ki, normal nəzarət yoxdur. Bütün bu məsələlərə xırda məsələ kimi yanaşıb həll etmirsinizsə, heç olmasa sürücülərə diqqət edin, işə götürəndə araşdırın. Son zamanlar narazılıq həddən artıq çoxalıb”.

Vasif ƏLİHÜSEYN