adalet.az header logo
  • Bakı 28°C
  • USD 1.7
30 Iyun 2022 10:02
203
SİYASƏT

ERMƏNİ VANDALLARINI MƏLƏK GÖZÜNDƏ GÖRƏN DAİRƏLƏR, NƏHAYƏT, ƏSL HƏQİQƏTİ DƏ GÖRMƏLİDİRLƏR

Müasir dünyada bəzən elə ziddiyyətli hadisələrin şahidi oluruq ki, onların izahında elementar məntiq də aciz qalır. Narahatlıq doğuran xüsusilə odur ki, məntiqə sığmayan təşəbbüslər əsasən bizim coğrafiyaya təsadüf edir, məhz ölkəmizin suveren hüquqları ilə bağlı olur. Ukraynaya münasibətdə separatçılığın yolverilməzliyi ilə bağlı vahid mövqedən çıxış edən əksər Qərb dövlətləri Rusiya ilə siyasi, iqtisadi, hətta mədəni sahələrdə ən kiçik əməkdaşlığı belə rədd etdikləri halda, ölkəmizə, Cənubi Qafqaza gəldikdə şimal qonşumuzla hər cür əməkdaşlığa hazır olduqlarını bəyan edirlər. Bildirirlər ki, Ermənistan-Azərbaycan münaqişəsi ilə vaxtilə məşğul olmuş Minsk qrupunun həmsədrlər institutunun fəaliyyəti bərpa edilməlidir. Bunu arzu edənlər onu da görməzlikdən gəlirlər ki, az qala 30 illik fəaliyyəti dövründə səmərəsizliyi, bir sıra hallarda isə vasitəçi mandatının ziddinə olaraq tərəfsizlik prinsipini pozan, əsas işi işğalçı Ermənistanla işğala məruz qalan Azərbaycan arasında bərabərlik işarəsini qoymaqdan ibarət olan vasitəçilərə cəmiyyətimizin və dövlətimizin münasibəti yekdil və birmənalıdır. Çünki 30 il ərzində bir dəfə də olsun görmədik ki, bu gün Ukrayna ilə bağlı qəbul olunan genişmiqyaslı sanksiyaların heç olmazsa kiçik bir hissəsi Ermənistana qarşı tətbiq edilsin. İkili standartların, ayrı-seçkiliyin, öz adı ilə desək, siyasi riyakarlığın miqyası o həddə çatmışdı ki, 27 il ərzində dünyanın üç aparıcı nüvə dövləti işğalçı Ermənistanın BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsinə qarşı saymamazlıq göstərməsinə yalnız göz yumdu. Elə bu səbəblərdən Azərbaycan cəmiyyəti keçmiş həmsədrlər institutuna və onun xoşməramlı niyyətinə inamını büsbütün itirdi, sonda həmin qətnamələrin icrasını savaş meydanında təkbaşına təmin etməyə məcbur oldu. Prezident İlham Əliyev Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günündə Kəlbəcərə səfəri zamanı ikinci komando hərbi hissəsinin açılış mərasimində məhz bu gerçəkliyi nəzərə alaraq, bunları qeyd etdi: “Ümid edirdik ki, beynəlxalq aləm Ermənistana sanksiyalar tətbiq etməklə işğalçını məcbur edib bizim torpağımızdan çıxaracaq. Ancaq əfsuslar olsun ki, biz bunu görmədik və Azərbaycan xalqı bütün gücünü səfərbər edib tarixi şərəfli missiyanı yerinə yetirib”.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev son 30 ildə üzləşdiyimiz acı reallıqdan çıxış edərək məxsusi şəkildə vurğuladı ki, beynəlxalq hüquq normalarının icrasına eyni yanaşma formalaşmadıqca və beynəlxalq qanunvericiliyin icrası seçmə prinsipinə söykəndikcə, güc amili həmişə önə çıxmalı olacaq. Dövlətimizin başçısı elə bu səbəbdən xüsusi olaraq bunları qeyd etdi: “Bu gün bu hərbi hissənin açılması bir daha göstərir ki, biz istədiyimizə nail olacağıq-Qarabağı və Şərqi Zəngəzuru bərpa edəcəyik. Artıq bu proses başlamışdır və ilk növbədə, bu bölgədə- Qarabağda və Şərqi Zəngəzurda bizim hərbi gücümüz daha möhkəm olmalıdır. Ona görə bugünkü mərasim xüsusi məna daşıyır, rəmzi məna daşıyır”. Prezident Kəlbəcərdə komando hərbi hissəsinin açılışında hələ də köhnə vərdişlərindən əl çəkməyən və yalnız vaxt udmağa çalışan Ermənistan rəhbərliyini və oradakı revanşist qüvvələri növbəti dəfə xəbərdar etdi: Bax, o dağın başında mənim sözlərim yazılıb: “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın”.

Dövlətimizin başçısı işğaldan azad edilmiş rayonlarımıza hər səfərində ölkəmizin müdafiə qabiliyyətinin daha da güclənməsinə xidmət göstərən hərbi təyinatlı obyektlərin açılışı ilə yanaşı, Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdışı təmin edən çoxsaylı mülki obyektlərin və mülki infrastrukturun açılış və təməlqoyma mərasimlərində də şəxsən iştirak edir. Prezident İlham Əliyevin Göygöl, Kəlbəcər və Laçın rayonlarına 26 iyundakı səfəri də istisna təşkil etmədi. Dövlətimizin başçısı “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının açılışında iştirak etdi, Toğanalı-Kəlbəcər və Kəlbəcər-Laçın avtomobil yollarında, Laçın rayonundakı “Qorçu” elektrik yarımstansiyasında, “Çıraq-1” Kiçik Su Elektrik Stansiyasında və Laçın Beynəlxalq Hava Limanında aparılan tikinti işlərinin gedişatı ilə tanış oldu. Prezidentimiz Kəlbəcər İşğal və Zəfər müzey komplekslərinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, Kəlbəcər rayonunda su istehsalı zavodunun təməlini qoydu. Səfər zamanı Kəlbəcər şəhərinin baş planı və “Həkəriçay” su anbarının layihəsi də dövlətimizin başçısına təqdim olundu. İşğaldan azad edilmiş digər şəhər, rayon və kəndlərimizdə olduğu kimi, Kəlbəcərə də əzəli sahiblərinin qayıtdığını təcəssüm etdirən növbəti mühüm hadisə “İstisu” sanatoriyasının təməlqoyma mərasimi ilə bağlıdır. Prezident İlham Əliyev həmin tədbirdəki çıxışında Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işlərinin miqyasını və bu işlərin ölkəmizin öz imkanları hesabına aparıldığını xüsusi qeyd etdi, ermənilərin işğal dövründə torpaqlarımızda törətdikləri vəhşiliyi, vandallıq aktlarını bir daha diqqətə çatdırdı. Bu xatırlatma “ən qədim”, “ən mədəni” erməni milləti mifini yaradan dairələrə, onları əzizləyərək havadarlıq edənlərə də, qəflət yuxusundan ayılmaları üçün, bir mesaj idi: “Bu dağıntılar erməni faşizminin təzahürüdür. Onlar binalarımızı, məscidlərimizi, məktəblərimizi, şəhər və kəndlərimizi dağıdıblar. Bu sanatoriyanı da dağıdıblar. Amma bir müddətdən sonra burada yeni gözəl mehmanxana və müalicə mərkəzi yaradılacaq... Bütün şəhər və kəndlərimizi yenidən, sıfırdan bərpa edirik və edəcəyik, o cümlədən Kəlbəcər rayonunda, Laçın rayonunda böyük quruculuq işləri gedir”.

Prezident İlham Əliyev ölkəmizin apardığı genişmiqyaslı bərpa və quruculuq işlərinin gedişatını və işğal dövründə ermənilərin törətdiyi dağıntıların miqyasını hər fürsətdə beynəlxalq birliyin diqqətinə çatdırır. Çatdırır ki, erməni vandallarını hələ də mələk gözündə görənlərin gözləri açılsın, heç olmazsa, həqiqətləri təhrif etməkdən çəkinsinlər. Dövlətimizin başçısı iyunun 27-də Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda keçirilən 11-ci sessiyasının tribunasından da bu həqiqətləri dünya birliyinə çatdırdı: “Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib. Ağdam şəhəri o dərəcədə dağıdılıb ki, əcnəbi mütəxəssislər onu “Qafqazın Xirosiması” adlandırıblar” . Prezident bu mötəbər tədbirdə onu da bəyan etdi ki, Azərbaycan öz tarixinin ən mürəkkəb və ən iddialı bərpa-yenidənqurma işlərinə artıq start verib. Dövlətimizin başçısı dünya birliyinin gözü qarşısında Ermənistanın siyası-hərbi rəhbərliyinə və onları kənardan yönləndirənlərə bu mesajı da verdi: “Ermənistanın 30 illik işğalına baxmayaraq, Azərbaycan müharibə səhifəsini çevirmək, münasibətləri normallaşdırmaq və bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması prinsipi əsasında Ermənistanla sülh müqaviləsi imzalamaq istəyindədir”.

Prezident İlham Əliyev xüsusi olaraq bunu da qeyd etdi ki, Azərbaycan, hər zaman olduğu kimi, mötəbər beynəlxalq təşkilatlarla qarşılıqlı etimada söykənən əməkdaşlığa hazırdır və bu cür əməkdaşlığın dərinləşməsində maraqlıdır. Elə bu səbəbdən, dövlətimizin başçısı bildirdi ki, hazırda BMT-nin Yaşayış Məskənləri Proqramının ( “UN-HABİTAT”) rəhbərliyi ilə bu il Ağdamda illik Milli Şəhər Forumunun təşkili məsələsi müzakirə olunur. Prezident İlham Əliyev sessiyada yeni təşəbbüs irəli sürdü və təklif etdi ki, Ümumdünya Şəhər Forumunun növbəti sessiyalarından biri Azərbaycanda keçirilsin. İnanıram ki, Prezidentimizin bu təşəbbüsü də gerçəkləşəcək və ölkəmizdə keçiriləcək növbəti sessiyada Azərbaycanla, regionumuzla bağlı həqiqətlər təhrif olunmadan dünya birliyinin diqqətinə bir daha çatdırılacaq. Mütərəqqi dünya şahidi olacaq ki, Azərbaycan öz haqqını savaş meydanında istənilən gücün qarşısında qoruya bildiyi kimi, analoqsuz bərpa və quruculuq işlərinin öhdəsindən də uğurla gəlməyə və bu nümunəni sivil dünyaya təqdim etməyə qadirdir.

Ülvi Quliyev Milli Məclisin deputatı