04 Iyun 2025 13:40
448
İQTİSADİYYAT

Erməni mediasına cavab:"Xankəndi bizimdir, istərik sökərik, istərik tikərik"

Bütün dünya, o cümlədən Ermənistan hakimiyyəti - baş nazir Nikol Paşinyan “Qarabağ Azərbaycanın bir hissəsidir" reallığını qəbul etsə də hələ də erməni ictimaiyyəti bu gerçəkliyi həzm edə, qəbullana bilmir.


İki gün əvvəl Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov bildirdi ki, Xankəndi şəhərində aparılan genişmiqiyaslı tikinti-quruculuq işləri çərçivəsində yeni yaşayış binaları inşa ediləcək:"Xankəndi şəhərindəki yaşayış binalarının əksəriyyəti ötən əsrin 1950-1960-cı illərində inşa olunub. Şəhərin müxtəlif küçə və prospektlərində yerləşən və o zamanlar Azərbaycan hökumətinin maliyyə dəstəyi ilə tikilmiş hündürmərtəbəli yaşayış binalarının əksəriyyəti artıq istismar müddətini başa vurub. Qəzalı vəziyyətdə olan binalar müvafiq qurumların rəyi əsasında sökülərək, yerində müasir, Azərbaycanın memarlıq üslubuna uyğun hündürmərtəbəli yaşayış binaları tikiləcək. İnşaat işləri dövlət büdcəsi hesabına yox, özəl sektor tərəfindən tikinti şirkətləri vasitəsilə həyata keçiriləcək. Bu da doğma Xankəndidə dayanıqlı məskunlaşmaya və yeni iş yerlərinin yaranmasına səbəb olacaq".

Elə məhz bu məlumatdan sonra, iki gündür erməni mediası susmur. Yazır ki, düşmən (yəni, biz) “özbaşına tikinti işləri” və ya “fövqəladə” tikinti adı altında Qarabağda xüsusən Xankəndidə "erməni irsini" məhv etməyə davam edir.
Erməni mediası bu məlumatları Azərbaycanın Telegram kanallarından öyrəndiklərini deyirlər:"Azərbaycan həmçinin Qarabağın tarix və mədəniyyət abidələrini dağıtmaqda davam edir.

Erməni mediası onu da qeyd edib ki, guya son zamanlar müxtəlif yerli təşkilatlar Qarabağda "erməni izlərinin " kütləvi şəkildə məhv edilməsi ilə bağlı həyəcan təbili çalsa da, Beynəlxalq təşkilatlardan və Ermənistan hakimiyyətindən bu günə qədər heç bir müvafiq cavab verilməyib:"Ermənilər azərbaycanlılar tərəfindən Qarabağda sökülən evlər haqqında məlumat toplayır. Təşəbbüsün məqsədi faktları Avropa İnsan Haqları Məhkəməsinə təqdim etmək və Azərbaycanı hüquqi məsuliyyətə cəlb etməkdir"-deyə məqalələr yazırlar.
Amma anlamadıqları bir həqiqət var ki, hər bir ölkənin öz ərazisində tikinti tikmək kimi böyük bir səlahiyyəti var. Bu adi, sıradan bir gerçəyi anlamayan toplumun hələ uzun illər belə çığır-bağır salıb, ara qarışdırmasına fikir verməməliyik!
Qarabağın yenidən qurulmasında, tikilməsində dövlətimizə və xalqımıza uğurlar olsun!


Xatırladaq ki, ümumiyyətlə Xankəndinin memarlığına, arxitekturasına zidd olan, işğaldan sonra tikilən bütün binaların söküntü işləri aparılır.


Əntiqə Rəşid