02 May 2025 15:16
243
GÜNDƏM

Erməni bloggerdən Balasanyana "nokaut":"Sən və Vardanyan bir alətsiniz..."

Qarabağın işğalı dövründə  özünü qondarma "artsax"ın  keçmiş "təhlükəsizlik şurasının katibi" adlandıran  Vitali Balasanyan  Rusiya lideri Vladimir Putinə  məktub ünvanlayıb. Məktubda bildirib ki,  guya  Qarabağdan olan 90 min  erməni Sovet İttifaqının faşist Almaniyası üzərində Böyük Qələbəsinə  töhfə verib:"Ümid edirik ki, sizin vasitəçiliyinizlə Böyük Vətən Müharibəsində qalib gəlmiş xalqın varisləri olan Qarabağ erməniləri öz tarixi vətənlərinə qayıdacaqlar"

Adalet.az xəbər verir ki, erməni bloger Natali Aleksanyan Xocalı cəlladı Vitali Balasanyanın Vladimir Putinə yazdığı məktuba  kəskin bir münasibət bildirib:" Vitali Balasanyan, yalanlara son qoy! Sən və sənin kimilər onilliklər ərzində "artsax" adından danışaraq əslində yalnız bir işlə məşğul olmusunuz – Azərbaycan torpaqlarını işğal etməklə. Siz beynəlxalq hüquqa görə heç vaxt Ermənistana məxsus olmayan əraziləri zəbt etmisiniz və bunu şəxsi maraqlarınız və siyasi manevrlər üçün etmisiniz.

Putinə yalvarmaqla istədiklərinizə nail ola bilməyəcəksiz. Sizin saxta qələbələriniz “arsaxı” qorumaq əvəzinə, onu düşmənçiliyin mərkəzinə çevirdi.

Siz yerli azərbaycanlıları qovdunuz, kəndləri partlatdınız, abidələri məhv etdiniz, evləri yandırdınız və bu gün utanmadan Putinə yalvarırsınız ki, gəlib sizin öz əlinizlə dağıtdığınızı xilas etsin.

Siz xalqın adından danışan insanlar deyilsiniz – siz mafiyasınız, Qarabağı qapalı bir zonaya çevirən quldur dəstələrsiniz. Orada yalnız siz hökm sürə bilirdiniz. Qarabağ heç vaxt sizin şəxsi mülkiyyətiniz olmayıb. Siz onu siyasi alverin, saxta milli ritorikanın və xarici güclərə yarınmağın alətinə çevirdiniz.

Və sonda, dünya yekdilliklə bu torpağın Azərbaycana məxsus olduğunu dedikdə, siz nəinki bu həqiqəti qəbul etmədiniz, hətta bütün erməni cəmiyyətini parçaladınız. Axırda isə Azərbaycan ərazi bütövlüyünü bərpa edərkən, siz döyüşsüz qaçdınız, xalqı taleyin ümidinə buraxaraq.

İndi göz yaşı tökərək Putinə müraciət edirsiniz, unudaraq ki, Rusiya sizin kimi alətlərdən istifadə edib, sonra kənara atır – Ruben Vardanyan buna bariz nümunədir.

Qarabağ artıq sizin oyuncağınız deyil. Bu məsələ yalnız Ermənistan və Azərbaycan arasında həll olunacaq – sizin yalançı “qəhrəmanlıqlarınız” olmadan, məktublarınız və hədələriniz olmadan. Xalq artıq həqiqəti görüb və sizin qayıdışınız mümkün deyil”, - Aleksanyan bildirib.

 Əntiqə Rəşid