adalet.az header logo
  • Bakı -°C
30 Avqust 2021 10:16
3581
MARAQLI
A- A+

Əncir dinlərin kitabında, qədim xalqların  təfəkküründə:  Məbədlərə daşınan müqəddəs möcüzə

Əncir ən qədim meyvələrdən hesab edilir. Yer üzündə 750 -dən çox əncir növü olduğu söylənilir. Yer üzündə 1200 canlı növü əncir ilə qidalanır. Bunlar arasında quşların onda biri, meyvə yarasaları, primatlar da var. Bu canlılar əncirlə bəsləndikcə, toxumların yayılmasına kömək olur. Ekoloqlar bu səbəblə, ənciri "əsas qaynaq" olaraq görürlər.

Adalet.az xəbər verir ki, elm adamları bildirir ki, əncir yox olarsa, qalan hər şey də çökər. Məsələn, Şimpanzelərin də yabanı əncir ağacının qabığı və yarpaqlarını, dərman məqsədilə yedikləri görülüb. Araşdırmalar meyvənin, bakteriya, parazit və şişlərə qarşı təsirli olduğunu sübut edir.

 

Dinlər və Əncir

 İnsan təxəyyülünə bu qədər təsir edən başqa bir bitki olmayıb. Əncir haqqında bütün dinlərdə söz açılır. Adəm və Həvvanın ilk geyim kimi əncir yarpağından istifadə etdiyi deyilir. Əncir ağacını qurutmaqla İsa peyğəmbər Allaha iman etməyin vacibliyini əyani şəkildə göstərir. O deyir: «Dua edib xahiş etdiyiniz hər şeyi hökmən alacağınıza inansanız, alacaqsınız» Qədim yəhudi mənbələrində göstərilir ki, yerli əhali onun təzə bar verən ilk meyvələrini, uzaqda yaşayanlar isə əncirin qurusunu məbədə gətirirmişlər.


Müqəddəs “Qurani - Kərim”də "Tin" surəsinin 1-ci ayəsində "And olsun əncirə və zeytuna" - deyə söylənilir. Əncir eramızdan əvvəl becərilən qiymətli bitkidir. Onu dibçək bitkisi fikusun yaxın qohumu hesab edirlər. Əncir Aralıq və Qara dəniz sahillərində, Türkiyə, Suriya, Gürcüstan və Yunanıstanda da çox geniş yayılıb.

Peyğəmbərimizə (səlləlləhu aleyhi vəsalləm) birisi əncir verir, alandan sonra belə buyurur: “Əgər məndən cənnətdən hansı meyvə gəlmişdir soruşsalar, əncir deyərəm.” Peyğəmbərimizə (səlləlləhu aleyhi vəsalləm) birisi əncir verir, alandan sonra belə buyurur: “Əgər məndən cənnətdən hansı meyvə gəlmişdir soruşsalar, əncir deyərəm.”


Digər adı ficus religiosa olan bir əncir növü, iki min ildən artıqdır ki, buddistlərin və hinduların ibadətində öz yerini alır. Hindistandakı İndus Vadisi mədəniyyətləri, min illərlə əfsanə və rəvayətlərində, rəsmlərində bu bitkini təsvir ediblər.


Xalqlar və əncir


Yer üzündə 80 milyon ildir ki, var olan əncirin tarixi, insandan çox daha qədimdir. Əncir qədim xalqların təması nəticəsində Finikiya, Misir və Ellada kimi dövlətlərin ərazisinə də yayılıb. 
Əvvəl Ərəbistanda sonralar Suriya, Finlandiya və Misirdə də əncir ağacının yetişdirilməsinə başlanılıb. Əncir ilk dəfə Amerika ölkələrinə XVI əsrdə gətirilib.  Türkiyə, Suriya, Yunanıstanda MDB ölkələri arasında ən çox Türkmənistanda, Azərbaycanda, Özbəkistanda, Gürcüstanda, Tacikistanda əncir ağaclarına rast gəlinir.
latınca adı Ficus olaraq bilinən əncir bitkisinin çiçəkləri, içi boş meyvələrin içində gizlənir. Bundan başqa, bir çox bitkinin kökləri yerin altına inkişaf etdiyi halda, bəzi əncir növlərində köklər, yerin üzərində böyüyür.

 
Asiyanın tropik və subtropik bölgələrində yaranıb inkişaf edən mədəniyyətlər, əncir ağacını iqtidar simvolu və ibadət yeri olaraq görüblər. Hindistanda ən qədim ağac  banyan adı ilə tanınan Hind ənciri buna misaldı. Yaradılış hekayələri, folklor və məhsuldarlıq çağına çatmaqla əlaqələndirilən bu ağac, o qədər böyükdür ki, uzaqdan kiçik bir meşəni xatırlada bilər. Əncir ağacları, mədəniyyətlərin yaranmasına təsir etməklə yanaşı, qalıqlarını da saxlayıb. Hindistanda quraqlıq ucbatından dağılan Indus Vadisi mədəniyyətlərini saxladığı kimi. Qvatemaladakı Maya piramidaları, Kambocada Khmer məbədlərini saxladığı kimi.

 

Qədim Yunanıstanda əncir xalqın ən sevimli meyvələrindən biri idi. Qədim yunan və romalılar ənciri, cənnətdən göndərilən meyvə olaraq görüblər
M.Katon onu «doydurucu meyvə» adlandırmışdır. Yunanlar ənciri gündə qurudub, saxsı qablarda saxlayırlar. Qeyd edək ki, quru əncirdə 70 faizə qədər şəkər olur.
Teofrast məlumat verirdi ki, Pontda, Pantikapeya şəhəri yaxınlığında çoxlu hündür əncir ağacları bitir. Romaya ənciri yunanlar gətirmişlər. Rəvayətə görə, dişi canavar Remi və Romulu əncir ağacı altında bəsləmişdir.

 

Qədim Misirin adətlərinə görə ölünü dəfn edərkən yanında müxtəlif əşyalarla bərabər xeyli yemək də qoyardılar. Bunların içərisində əncir də olarmış.( Misir ilahəsi Hathor, bir əncir ağacına çıxaraq fironun ölüm sonrası həyatı üçün hazırlıq görür- foto)

 


Əncirdə proteza deyilən maddə vardır ki, bişmiş südü «çürüdür». Onun bu xüsusiyyətindən hələ Homer zamanında pendir hazırlamaq və əti yumşaltmaq üçün istifadə edilmişdir.

 

Türkiyə ərazisində yerləşən qara əncir bir çox qədim mədəniyyət üçün vacib bir qida olub. Şumer kralı Urukagina, 5000 il bundan qabaq əncir haqqında söz açıb. İsrailin Kral Süleymanı, ənciri musiqilərində tərif edib. 

 

Gürcüstanda əncirin yеtişmiş mеyvəsindən qatı еkstrakt hazırlayaraq onu sidikqovucu kimi və ürəyin xəsəliklərinin yüngül formalarının müalicəsində istifadə еdilir.Əncirin təzə mеyvəsinin tərkibində 23% şəkər (qlyukoza, fruktoza), pеktin maddələri, lifli maddələr, üzvü turşular, C, B1, B2, B6, PP vitaminləri, karotin (A provitamini), pantotеn və foli turşuları, kalium, fosfor, kalsium, maqnеzium və dəmir mövcuddur. Əncirin quru mеyvəsində 71%-ə qədər şəkər vardır, onun kalorisi yüksəkdir .

Rusiyada- Sankt-Peterburq, Voronej və Kazandan olan alimlər əncirdə antibiotikləri əvəz edən bir maddə aşkar ediblər. Əncirin tərkibində yaraların daha sürətli sağalmasına kömək edən fenol maddəsi var.  
Mütəxəssislərin fərziyyələri mikroorqanizmlər və siçovullar üzərində təcrübədən keçirilib. Voronej Dövlət Universitetinin Biofizika və Biotexnologiya kafedrasının dosenti Marina Xolyavka, siçovullardakı irinli yaraların fenol istifadə edildikdə bir neçə dəfə tez sağaldığını söyləyib.

Orta əsr Azərbaycan müəllifləri bu bitkinin mеyvələrinin müalicəvi əhəmiyyətindən ətraflı məlumat vеrirlər. Məhəmməd Mömin yazır ki, əncir yüksək qızdırmanı, titrətməni, susuzluğu aradan qaldırır və işlətmədə faydalıdır. Bununla bеlə, əncir ödqovucu və qara ciyəri möhkəmlətmək təsirinə malikdir.Qədim İrəvan xanlığında əhali qurudulmuş əncir yarpağını qaynatmaqla ondan öskürəyin və ishalın müalicəsində istifadə edirmiş.
Əncir ağacı ilə bağlı Abşeronda bir xeyli inanc da var. Məsələn, bu müqəddəs sayılan ağacı kəsmək, doğramaq olmaz. Hətta odda yandırmaq da məsləhət deyil. Əgər hansısa səbəbdən ağacın bir qanadını kəsmək lazım gələrsə, onda mütləq dua oxumaq, əncir ağacının ruhundan üzr istəmək gərəkdir. Əncirin altında gecə yatmaq heç məsləhət deyil, çünki ağır ağac sayılır. Gecələr olduqca intensiv nəfəsalma gedir, oksigeni alır, karbon qazını buraxır.


Abşeron əhalisinin həyatında əncirin rolu böyükdür. Təhtəlşüurun gizli qatlarında nəsildən-nəslə ötürülən əncirə olan münasibət əsrlərlə qorunub saxlanılıb. Əncir elə həm isti Abşeron yayının, həm də Bakının bir simvoluna çevrilib. Dədə-baba bağı deyəndə, onun əsas atributu da bu müqəddəs ağacdır.

 Əntiqə Rəşid