03 Oktyabr 2023 12:01
1065
MƏDƏNİYYƏT

Əməkdar artist: “Bu, birmənalı şəkildə ölkə başçısının xidmətinin nəticəsidir...”

“Allahın haqq-ədalət deyilən bir körpüsü var və bunu heç vaxt unutmaq olmaz. Bu bir daha bütün dünyaya sübut etdi ki, haqqa-ədalətə arxa çevirmək olmaz. Gec gələr, güc gələr. Mən bu məsələlərdə xalqımızın qeyrətini, ordumuzun qüdrətini vurğulayıram. Bu ilk növbədə Azərbaycan Prezidentinin, Ali Baş Komandanın, siyasətçi olaraq apardığı çox böyük müdrük bir yolun, işığın bizim xalqın üzərinə düşməyidir”

Bunu Adalet.az-a açıqlamasında Əməkdar artist Azad Şükürov deyib. A.Şükürov torpaqlarımızın qalan hissəsinin də işğaldan azad edilməsinin xalqımızın həyatında böyük dönüş olduğunu bildirib:

“O işığı yandıran da, yolu çəkən də Cənab İlham Əliyevdir. Bu vurhavurlarda, qarmaqarışıqda, bütün dünyanın alverə çevrildiyi bir məqamda, mənəviyyatsızlığın baş alıb getdiyi zamanda bu boyda mənəviyyatla dolu bir addım atasan, torpaqları işğaldan azad edəsən, bütün işləri düzəsən, qoşasan ağılagəlməz şeylərdir. 

44 günlük Vətən müharibəsində torpaqlarımızın azad olunması haqda fikirləşəndə deyirdim ki, bu belə olmalıydı. Amma bu cür işğalda qalan torpaqlarımızın rayonlarımıza necə girəcəyimizi, necə olacağı riyazi tənliyini həll edə bilmirdi. O riyazi tənlik çox çətin bir tənlik idi. Amma görün Prezident onu  necə həll etdi. Bu birmənalı şəkildə ölkə başçısının xidmətinin nəticəsidir. Təbii ki, xalq, ordu, birlik və insanların Ali Baş Komandana inanmağı çox vacib şərtlərdir. 

Bir günlük antiterror əməliyyatından sonra özümü xoşbəxt hiss edirəm. Təzyiqim də normallaşıb, hamıyla mehriban görüşürəm, hətta mənə pislik etmiş adamlara da yaxşılıq etmək arzusuyla yaşayıram. Hələ ki, proseslər davam edir, amma mən çox arxayınam. Sözün həqiqi mənasında böyük fəxarət hiss keçirirəm ki, mənim ölkəmin belə bir başçısı var.  Ermənilər bizə zülm etmişdilər, amma biz onlara göstərdik ki, insanlıq necə olur. Biz Allahın bəndələriyik”. 

Vasif Əlihüseyn