21 Oktyabr 2016 10:11
16746
ELM VƏ TƏHSİL

"Elxanilər dövründə Azərbaycanda tibbi biliklər"

Bayram Quliyev, 
BDU -nun müəllimi

Əsas mərkəzi - metropoliyası Azərbaycan olan Elxanilər (Hülakilər) dövləti 1259-cu ildə yaranandan sonra monqollar tərəfindən müxtəlif dağıntılara məruz qalmış Azərbaycan mədəniyyəti inkişaf etməyə başladı Bu zaman mədəniyyətin ən çox və sürətli inkişaf etmiş sahəsi elm idi. Azərbaycan alimləri elmin müxtəlif sahələri üzrə çoxlu biliklər əldə etmişdilər. Əldə olunmuş elmi biliklər içərisində tibbi biliklərin özünəməxsus yeri və əhəmiyyəti vardır.

Baxmayaraq ki, Elxanilər dövründə Azərbaycanda təbabət elmi özünün ən inkişaf etmiş dövrünü yaşamışdır, araşdırılmaqda olan bu mövzu istər yerli, istərsə də xarici tarixşünaslıqda olduqca zəif tədqiq olunmuşdur. Mövcud problem nəinki kompleks şəkildə hətta, bir fəsil həcmində də araşdırılmamışdır. Elxanilər dövründə Azərbaycanda təbabət elmi mövzusuna ya tarixə, tibbə və mədəniyyətə dair kitablarda mədəniyyətdən bəhs edən fəslin bir hissəsi kimi, ya da sadəcə bir – iki paraqraf həcmində yer ayrılmışdır. Tezisin bəhs etdiyi bu mövzu ilk dəfədir ki, kompleks şəkildə və müstəqil formada araşdırılır Bütün bunları nəzərə alaraq demək olar ki, mövcud problemin araşdırılması vacib olduğu qədər də aktualdır.

Bütün İslam dünyasında olduğu kimi Azərbaycan təbabət elminin əsasında İbn Sina məktəbi dayanırdı. Azərbaycan həkimləri tibbi əsərlər yazarkən ya bu böyük alimin əsərlərinə istinad verir, ya da həmin əsərləri şərh edirdi. Hətta, Nəcməddin Naxçıvani kimi bütün şərqdə tanınan görkəmli alimimiz İbn Sinanın bir neçə sərinə tənqidi formada şərhlər də yazmış və buna görə də özü çoxsaylı tənqidlərə məruz qalmışdır.
Müəllim və onun həkim olacaq tələbəsi

Həm Yaxın və Orta Şərq, həm də Azərbaycan həkimləri bir çox xəstəlikləri müalıcə edə bilirdilər. Onla bir sıra xəstəlikləri müalicə edərkən çoxsaylı dərman vasitələrindən istifadə edirdilər. Xəstələrin müalıcəsində istifadə olunan üsullardan biri də tibbi yağlardan istifadə idi. 31 adda bitkidən və meyvədən, eləcədə yarpaqdan müxtəlif formalarda 51 adda yağı alınırdı. Bu tip dərmanlar ya bir birinə qarışdırılaraq əldə edilir və ağız vasitəsi ilə qəbul olunur, ya da bu bitkilərin qoxularından istifadə olunurdu. Bu tip müalicəvi yağlardan adətən mədə-bağırsaq, əsəb xəstəlikləri və əzələ zədələnmələri zamanı istifadə olunurdu

Bütün Elxanilər ərazisində, eləcədə Azərbaycanda ağrıkəsici kimi həm bitki mənşəli, həm heyvan mənşəli, həm də mineral mənşəli dərmanlardan istifadə olunurdu. Bitki mənşəli dərmanlara misal olaraq kafur (kamfora), həşiş, tiryək, zirə, zəfəran, xına, çobanyastığı, sarı yonca, küncüd, qızılgül yağı və digər bitkiləri göstərmək olar. Heyvan mənşəli müalicə vasitələrinə isə buğanın öd kisəsi, müşk, quş piyi və dana iliyini misal göstərmək olar. Mineral mənşəli dərman vasitəsi kimi mürəkkəb, qatran, bişirilmiş sink və s. dərmanlardan istifadə olunurdu. Bu dərmanlar ya ağız vasitəsi ilə qəbul edilir, ya qoxuladılır, yaxud da bədənin müəyyən hissələrinə yaxılırdı Elxanilər zamanında beynəlxalq dərman ticarəti həyata keçirilirdi. Həm burada istehsal olunan dərmanlar çinə göndərilir, həm də çin dərmanlarından ölkə ərazisinə idxal olunurdu. Eyni zamanda xristian dünyasında istehsal olunan dərmanlar da Monqol və Elxani hökmdarları arasında məşhur olmuşdu. Hətta, Qazan xanın "Tiraq-e Qazani” adlı anti-zəhəri var idi
Orta əsrlərdə çıxıqçılıq

Monqolların Azərbaycana gəlmələri və Azərbaycana ərazisində Elxani dövləti yaranandan sonra əsirlərlə İslam dünyasında formalaşan təbabət elmində xeyli dəyişikliklər oldu. Ənənəvi Azərbaycan təbabətinə çin və monqol təbabəti də təsir etməyə başladı. Bunun əsas səbəb ondan ibarət idi ki, monqollar Azərbaycana gəldikləri zaman özləri ilə monqol və çinli həkimləri də gətirmişdilər.
Bunun ikinci bir səbəbi isə Elxani hökmdarlarının və dövlət adamlarının çin təbabətinə marağının yaranması idi. Həm Hülakü xan, həm də Qazan xan Çin təbabətinin ölkədə işlədilməsində maraqlı idi və İslam təbiblərinin aciz qaldığı bəzi xəstəliklərin müalicəsində Çin həkimlərinin köməyindən istifadə edirdi. Qazan xan ən çox Çin təbabətindən istifadə edən hökmdar kimi tanınır. O göz iltihabı kimi bilinən oftalmiya (o dövrdə "ramad” adlanırdı) xəstəliyindən əziyyət çəkəndə İslam alimləri bu mərəzin çarəsini tapa bilmədilər. O 1303-cü ildə Təbrizə qayıtdı və Çin mütəxəssislərinə müraciət etdi. Xəstəlikdə cüzi irəliləyiş olsa da o at minməkdə və çapmaqda çətinlik çəkirdi. Qazan xanın və Məhəmməd Olcaytu xanın baş vəziri olmuş Fəzlullah Rəşidəddin eyni zamanda təbib kimi də məşhur idi. O bir sıra məktəblər və xəstəxanalar təsis etmişdi. Hətta elmin inkişaf üçün müxtəlif həvəsləndirici addımlar atardı. Yaxşı kitab yazan alimlər Fəzlullah Rəşidəddin tərəfindən qiymətli hədiyyələrlə qiymətləndirilirdi. O əsasını qoyduğu Rəbi Rəşidi kompleksində həm tibb elminin öyrədilməsi, həm də xəstələrin müalicə olunması üçün "Dar üş-Şəfa” təsis etmişdi. O, Əndəlüsdən, Tripolidən və Tunisdən bir sıra elm adamları Təbrizə dəvət olunmuşdu. Ona görə də, təbabət də öz inkişafının pik dövrünü yaşayırdı.
Anatomiya atlası

Zaman keçdikcə görkəmli alimimiz çin təbabəti ilə də maraqlanır və öz ölkəsinə çindən bir neçə təbib dəvət edir. Çindən Elxanilər dövlətinə dəvət olunan həkimlərdən tibbin sirlərini öyrənən Fəzlullah Rəşidəddin özünün tibbə dair "Tanqsuqname–e Elxani” əsərini yazmışdır. Bu zaman Azərbaycan təbabətində çin tibb elminin nailiyyəti olan akupunktur və moksibişn (çildaq) kimi müalicə üsullarından istifadə olunurdu. Bundan əlavə travmatologiya elminin ən qədim müalicə vasitəsi olan və indi də Azərbaycanda istifadə olunan sınıqçılıqdan qırıq və sınıqlar zamanı müalicədə istifadə olunurdu. Onu da vurğulamaq lazımdır ki, sınıqçılıq çinə məxsus bir müalıcə vasitəsi deyildi. Azərbaycan və Yaxın Şərq təbabətinin əsasını təşkil edən İslamı təbabətdə də bədənin müxtəlif zədə almış orqanlarını sınıqçılıq vasitələri ilə bərpa etmə ənənəsi mövcud idi. Lakin, Çin sınıqçılığında bədənin sınmış və çıxmış hissələrini müalicə etmək üçün xüsusi üsullar mövcud idi. Monqol təbabətində müalicə vasitəsi kimi pəhriz əhəmiyyətli yerdə dayanırdı. Hətta, pəhriz siyahilarının daxil olduğu kitablar da yazılmışdı. Monqol təbabətində eləcədə Çin və İslam təbabətində ən məşhur və geniş yayılmış diaqnoz vasitəsi nəbz diaqnostikası idi. Həkimlər ürək döyüntüləri və qan dövranın müxtəlifliyi ilə bir sıra xəstəlikləri müalicə edə bilirdilər

Monqollar isə adətən müalicə vasitəsi kimi mineral bulaqların suyundan istifadə edirdilər. Monqollar eyni zamanda müxtəlif zədələri bərpa etmək və yaraları sarımaq üçün ölmüş heyvanların iç orqanlarından da istifadə edirdilər. Monqollarda və Elxanlılarda otoçi adlanan şamanlar həkim kimi fəaliyyət göstərirdilər. Bu ad Uyğur dilindəki "otaçi” sözündən götürülmüşdür. Uyğurcada otaçi həkimə deyirdilər. Ümumiyyətlə Monqolların işlətdiyi "təbabət” "dərman” və "ot bitkiləri” mənasını ifadə edən sözlər türk dilindən götürülmüşdü. Hətta, Hülakü xan qərbə yürüş edəndə özü ilə bu tip həkimlər də gətirmişdi. Belə həkimlərə "itibba-e xitai” deyirdilər. Həm Azərbaycanda, həm Monqollarda, həm də Çin təbabətində tibbin ən geniş yayılmış sahəsi sınıqçılıq idi. Həm islam dünyasının həkimləri, həmdə bu məktəbin bir hissəsi olan Azərbaycan həkimləri daxili zədələnmələr – sınıqlar, çatlar, çıxıqlar zamanı cərrahi müdaxiləyə üstünlük verməzdilər. Çixiqlar adətən müxtəlif hərəkətlər edilməklə yerinə salınaraq müalicə olunurdu. Sınıq və çatlara isə əsasən məlhəmlər yaxılırdı. Çin təbabəti bu ərazilərdə yayılandan sonra çin sınıqçılığı da geniş istifadə olunmağa başladı. Çin sınıqçılığının yerlı sınıqçılıqdan bir sıra fərqləri vardı ki, bunda biri də xəstəyə yad çisim toxundurmadan müdaxilə olunması idi. İslam dünyasında və Azərbaycanda sınıqların yerinə salınması üçün parça və ağacdan istifadə olunurdu. Monqol təbabətində geniş yayılmış və Çin təbabətinə məxsus olan çıldaq Elxanilər dövründə də istifadə olunurdu. Hətta, Qazan xanın göz xəstəliyi və baş ağrısı zamanı bədəninin və üzünün müxtəlif nöqtələrinə çildaq etdirdiyi haqqında məlumatlar da mövcuddur. İndi də Azərbaycanda çildaq metodundan qorxmuş insanların müalicəsində istifadə olunur.
Cərrahi əməliyyat prosesi

Elxanilər dövründə xəstələrin müalicəsi üçün xüsusi binalar tikilirdi ki, bunlar Dar uş-Şəfa adlanırdı. Bu binalar adətən vəqf torpaqlarında inşa olunur və vəqfə tabe olurdu. Bunlardan ən məşhuru Təbriz şəhərində yerləşən Dar üş-Şəfa idi. Təbriz şəhərindəki Dar üş-Şəfa Rəbbi – Rəşidi adlanan kompleksdə yaradılmışdı və onun yaxınlığında xüsusi əczaxana yerləşirdi. Bundan əlavə daha bir yardımçı əczaxana da bu kompleksə daxil edilmişdi Bu Dar üş-Şəfalarda başda Yunanıstan və Krit, eləcə də Misir və Hindistan olmaqla müxtəlif ölkələrdən gəlmiş 70-dən artıq həkim fəaliyyət göstərirdi. Hər bir xəstəxananın özünün zəngin kitabxanası da var idi. Məşhur tarixçi. Elxani vəziri Fəzlullah Rəşidəddin sadəcə mərkəzi şəhərlərdə deyil, vilayətlərdə də xəstəxanaların – Dar üş-Şəfaların açılması üçün xüsusi fərmanlar imzalamışdı. Avrasiyanın ən böyük xəstəxana və tibb məktəbilərindən biri olan "Dar üş-Şəfa”da tibb fakültəsi də fəaliyyət göstərirdi. Burada ənənəvi İslam təbabəti ilə yanaşı Çin və Tibet təbabətinin sirləri də tələbələrə öyrədilirdi. Fəzlullah Rəşidəddin özünün tibbə dair "Tanqsuqname–e Elxani” əsəri təbabətə dair ilk nəzəri və praktiki əsər idi ki, əksər hallarda tələbələr bu kitabdan istifadə edirdilər. Bu kitabın digər kitablardan üstün olmasının daha bir səbəbi var idi. İslam dinin qaydalarına görə insan vücudunun çəkilməsi günah sayılırdı. Lakin, bu kitabda insan anatomiyası təfərrüatı ilə təsvir olunurdu. Bu əsərin 1313-cü ildə Məhəmməd ibn Mahmud əl Kirmani tərəfindən üzü köçürülən nüsxəsi Türkiyənin Aya Sofiya muzeyində saxlanılır

Elxanilər zamanında Azərbaycanda fəaliyyət göstərən, zamanının ən savadlı həkimləri hesab olunan və bütün Şərqdə, eləcə də Anadoluda tanınan bir sıra həkimləri var idi. Bu təbiblərdən ən məşhuru görkəmli alimimiz Nəsirəddin Tusi idi. Fəzlullah Rəşidəddin özünü "Camü üt-Təvarix” əsərində Hülakü xanın Tus şəhərinə yürüşündən bəhs edərkən Nəsirəddin Tusi, eləcə də onun iki oğlunun həkim olduğunu qeyd edir. Görkəmli alimimiz özünün "Adabül Mütəəlliminin” əsərində yaddaşsızlığın aradan qaldırılması üçün faydalı olan qidalardan söhbət açır. Onun fikirlərinə görə düzgün qidalanma və bir sıra hərəkətlərdən çəkinmə yaddaşı gücləndirtir. Məsələn, bal və kişmiş yemək, süd içmək və dişləri daim təmiz saxlamaq yaddaşı gücləndirdiyi halda, turş qidalar (xüsusən də alma) qəbul etmək. Hər hansı bir hadisəyə kədərlənmək və qəbirlərin üzərindəki yazıları oxumaq yaddaşsızlığa gətirib çıxarır.
Cərrahiyyə alətləri

Təbabətin ən inkişaf etmiş sahələrindən biri də cərrahiyyə idi. İslam həkimləri adətən cərrahiyyəyə meyllı deyildilər. Onlar son əlac kimi bu üsuldan istifadə olunurdu. Ən çox sünnət və amputasiya cərrahi əməliyyatları yerinə yetirilirdi. Amputasiya olunmuş yerlər mikrob düşməsin deyə dağlanırdı. Dağlama isti dəmirin qızdırılaraq yaranın üzərinə basılması əməliyyatıdır. Bundan başqa hemoroid xəstəliyinin müalicəsində də dağlama metodundan istifadə olunurdu. Həmçinin diş həkimləri də dağlama metodundan istifadə edirdilər. Çəkilmiş dişin yeri dağlanırdı. Eyni zamanda diş həkimləri müxtəlif heyvan sümüklərindən istifadə edərək implant dişlər də hazırlaya bilirdilər
Bu dövrdə sadəcə Monqol və Çin təbabəti yerlı təbabətə təsir etməmişdi. Monqollar da qərb və İslam təbabətinin üsullarından istifadə edirdilər. Qədim Yunanıstanda hazırlana teriaka adlana anti-zəhər Monqollar arasında və Elxanilərdə geniş istifadə olunurdu. Bu ənənə xristianlığı yaymaq məqsədi ilə bu ərazilərə gəlmiş səyyah və tacirlərin daha sıx gəlişi ilə formalaşmışdı. Həmçinin bal və müxtəlif meyvə qurularından hazırlana şərbətlərdən də Elxanilər dövründə istifadə olunurdu. Eyni zamanda şərbətdən istifadə bütün Monqol imperiyasına da yayılmışdı. Hətta müalicə məqsədi ilə şərbətin içərisinə limon da əlavə olunurdu

XIII əsrdə Azərbaycanın məşhur təbabət alimlərindən biri də Nəcməddin Naxçıvani idi. Ömrünün bir qismini Anadoluda keçirmiş və əsasən tibbə dair əsərlər yazıb, həkimlikdən daha çox təbabət elmi ilə məşğul olmuşdur. Onun "Hal ul-Şukuk əl-Mürədə fiş-Şərh il-Fəhrirazi” və "Zübbət ün-Nəğz və Lübab ül-Kəff” adlı tibbə dair şərhlərdən ibarət əsərləri zamanımıza qədər gəlib çatmışdır
Göz və onun quruluşu haqqında kitabdan

Əbu İshaq İbrahim bin Məhəmməd Qəzənfər at-Təbrizi Azərbaycanın digər bir savadlı təbabət alimlərindən biri idi. Onun bizə gəlib çatan yeganə əsəri İbn Sinanın "Əl-İşarət vət-Tənbihat” əsərinə yazmış olduğu şərhlərdən ibarət kitabıdır. Bu dövrün daha bir təbibi isə Əkmələddin Naxçıvani idi ki, o dövrdə "Zamanın həkimi” "Zamanın Hippokratı” və "Zamanın Əflatunu” adlandırılırdı.
Azərbaycanda tibb elminin bir hissəsi olan farmakologiya elmi də inkişaf etmişdi və bir sıra əczaçı alimlərimiz yetişmişdi. Bunlardan biri də Mahmud ibn İlyas idi ki, o, 1260-cı ildə "Elm üt-Tibb” və "Müxtəsər üt-Tibb” əsərlər yazmışdır. Bundan başqa Məhəmməd Təbrizinin "Ədvar əl-Həmiyyat” (Qızdırma dərmanları) adlı əsəri də təqdirə layiqdir.

Göründüyü kimi bu dövrdə həm tibb elmi, həm də təbabət yüksək səviyyədə inkişaf etmişdi. Bunun əsas səbəbi isə Elxani dövlət adamlarının elmə olduğu qədər tibbə və təbabətə də xüsusi maraq göstərməsi və mədəniyyətin bu sahələrinin inkişaf etdirilməsi üçün müvafiq şəraitin yaradılması idi.


"The Medical science in Azerbaijan in XIII – XIV centuries (on the basis of the English-language historiography)”

Quliyev Bayram Noor ad-Din oghlu
Baku State University. PhD candidate

The Paper deals with the history of Azerbaijan medicine in XIII – XIV century. Different branches of Azerbaijani culture, especially medicine developed in this period. Chines and Mongolian medicine influenced traditional Azerbaijani medicine after the emergence of Ilkhanate dynasty. Many popular doctors of Azerbaijan, such as Nasir ad-Din Tusi, Najm ad-Din Nakhchivani, Ghazanfar at-Tabrizi etc. were popular in the East and Anatolia and they were treated for various diseases.