adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
22 Yanvar 2022 22:53
1037
MÜSAHİBƏ

Əli Əmirli: “Teatr məni elə cəzb elədi ki, nə yazmaq istəyirdimsə , pyesə çevrilirdi ” - MÜSAHİBƏ

Əli Əmirli: “ Bütün sirr də elə hasarın görünməyən tərəfindədir ”
 
Bu dəfəki həmsöhbətim Azərbaycanın görkəmli yazıçısı, ssenarist, dramaturq, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 1998-ci ildən Azərbaycan Teatr xadimləri ittifaqının üzvü, Azərbaycanın əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının müdiri, professor Əli Əmirlidir. Onunla söhbətim Azərbaycan Dövlət Mədəniyyət və incəsənət Universitetində oldu. Elə isə söhbətimizi sizə çatdırıram.

- Xoş gördük, Əli müəllim. İlk sualı belə ünvanlamaq istəyərdim ki, Əli Əmirli üçün yazmaq nə deməkdir?

- Bu suala dəqiq cavab vermək çətindir, bununla belə, yazmaq mənim üçün mənəvi ehtiyacdır, özünü ifadədir, ruhi və fiziki rahatlıqdır. Bir sözlə, yazmaq həyat tərzimdir. Bir müddət yazmıramsa, narahat oluram, özümü qınayıram, danlayıram, etiraf etmək çətin olsa da, indiki yaşımda bir yazıçı kimi tükəndiyimi düşünürəm. Hər yeni əsərin son nöqtəsini qoyanda isə prosesdən zövq alır, məmnun oluram,  özümü xoşbəxt hiss edirəm.

- Yazmaq vərdişdir, ya istedad?

- Əgər yazıçı, indiki halda dramaturq, özündə yazmaq vərdişi tərbiyə edə bilməsə, heç bir istedad ona kömək edə bilməyəcək. Yaradıcı proses dramaturq üçün təbii həyati vərdişə çevrilməlidir. Əks halda süjet üzərində ciddi nəzarətin, xarakterləri dərindən anlamağın, dialoq və replikaları həssaslıqla duymağın, işgüzar səriştənin belə xeyri olmayacaq. Odur ki, istedadla vərdişi üz-üzə qoymaq doğru deyil, onlar bir-birini tamamlayırlar.

- Dramaturgiyamızın gələcək taleyini  necə görürsünüz?

- Dramaturgiyanın gələcək taleyi haqqında proqnoz vermək, fikir söyləmək, ümumiyyətlə, gələcək haqqında düşünmək mənlik deyil. Peyğəmbərimizə aid edilən bir hədisi yada salmaq istəyərdim: " Sabahın dərdini bu gün çəkmə ". Bu günü düşünmək daha  məqsədəuyğundur. Bununla belə arxayın olmağa əsasımız var. Çox istedadlı, fəal, işgüzar, kreativ gənc nəsil dramaturqlar yetişir.  Onların əsərlərini  artıq teatr səhnələrində görürük. Təəssüf, bir ara dramaturgiyamızda bir nəsil boşluğu əmələ gəldi. İnanıram, bir 5 - 10 ilə çox parlaq imzalar çıxacaq meydana.

- Dramaturgiyamızı ayaqda saxlayırsınız. Özünüz də əsas simasınız. Çətin və şərəfli mövqedəsiniz. Sizin üçün çətin deyil?

- Dramaturgiyaya mən gec gəldim. İlk pyesim 1990 - cı ildə tamaşaya qoyulanda iyirmi illik nasir təcrübəm vardı, yaşım da  40 - dan yuxarı idi. Buna baxmayaraq dramaturgiyada özümü o qədər rahat hiss elədim ki, bir də nəsrə qayıtmadım. Teatr məni elə cəzb elədi ki, nə yazmaq istəyirdimsə , pyesə çevrilirdi. Bu otuz il içərisində cəmi iki nəsr əsəri yazdım: "Ağdamda nəyim qaldı" və "Mələk əmi".

- Mədəniyyət və İncəsənət Universitetində  kafedra müdirisiniz,  professorsunuz, bu yaradıcılığınıza mane olmur?

- İyirmi ildən çoxdur gələn il 100 yaşı tamam olacaq Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğulam. Hər cəhətdən gözəl bir kollektivdə işləməyimdən çox razıyam. O da yaxşıdır ki, tədris etdiyim fənlərin birbaşa yaradıcılığımla əlaqəsi var. Yəni, universitetdə də sevdiyim işlə məşğulam. Yaradıcılığımla müəllimliyim  bir - birinə mane olmur, əksinə bir - birini tamamlayır.

- Maraqlıdır, yazıları ilə diqqətinizi çəkən tələbələriniz olurmu?

- İstedadlı, öyrənməyə həvəsli tələbələrimiz  az deyil. Onların sonrakı fəaliyyətlərini də izləyirəm. Bu gün kinoda, ölkənin televiziya məkanında çalışan mütəxəssislərin əksəriyyəti bizim universitetin məzunlarıdır. Onların arasında artıq istedadını sübut eləmiş ssenaristlər, dramaturqlar, rejissorlar az deyil.

- Yaradıcı insanların ruhu bir az fərqli olur deyirlər. Ruhunuzdan danışaq.

- Ruh mənim üçün insanın mənəviyyatıdır. Onun haqqında danışmaq elə də asan məsələ deyil, bir halda ki, Peyğəmbərimiz özü belə ruh haqqında konkret bir şey deməyib, hətta ruh haqqında sorğuya cavab verməyi münasib bilməyib. Bu çox örtülü məsələdir.

- Əli Əmirli deyərkən ağıla nədənsə “Hasarın o üzü” gəlir. Hasarın o üzündə nə var, nə yox? Niyə  məhz hasarın o üzü?

- Əsərin adı gələndə müəllif yada düşürsə, bu yaxşı əlamətdir. Hasarın o üzünə gələndə isə, cavab verməyə çətinlik çəkirəm, çünki hələ hasarın bu üzündəyəm, hamının tanıdığı üzündə, o biri üzünü görməmişəm. Bütün sirr də elə hasarın görünməyən tərəfindədir. Bu suala pyesin özündə də birbaşa cavab yoxdur. O dünya haqqında təsəvvürüm çox dumanlıdır.

- Dini mövzuya toxunan əsərdir, maraqlıdır Əli Əmirlinin dinə münasibəti necədir?

- Doğrudur, "Hasarın o üzü" bir ailədə dinə ikili münasibət üzərində qurulub. İnanan qadın və inamında tərəddüd edən kişi. Kişinin prototipi çox güman mən özüməm. Elə bununla da sualınıza cavab vermiş oldum. Təfərrüata varmayacam.

- Pyesləri ən çox tamaşaya qoyulan müəllifsiniz.  Deməli, teatra yaxın adamsınız. Teatrlarımızın  çağdaş durumu  sizi qane edirmi?

- Yaşıma, əlli illik teatr təcrübəmə əsaslanıb deyə bilərəm ki, heç vaxt teatr mütəxəssislərinin çağdaş teatrdan razı qaldığını görmədim. Yaxşı teatr deyəndə həmişə keçmişə boylanır, keçmişi ideallışdırırlar. Halbuki, o keçmişdə də teatrı danlayıblar, yamanlayıblar. Bu gün böyük rejissor kimi tez-tez xatırlanan Tofiq Kazımovun tamaşaları müasirləri tərəfindən ən kəskin hücumlara məruz qalmamışdımı? Və yaxud elə Tofiq Kazımovun özü bu gün də sevilən  "O olmasın, bu olsun" filmini sərt tənqid atəşinə tutub, filmi "eybəcər oyunbazlıq" adlandırmamışdımı? Həmin film haqqında Abbas Zamanovun haqsız tənqidini demirəm. Deməli, ən ədalətli hakim zaman özüdür. Teatrdan gileyli münasibət tək Azərbaycanda deyil, çox uzağa getməyək, bizə həmişə nümunə göstərilən Rusiya teatrlarında da elədir, Gürcüstanda da. Onlar da öz teatrlarından narazıdırlar. Rus mətbuatını izləmək kifayətdir. Bir teatr adamı kimə mənə gəldikdə isə, yaxşını görməyə vərdişliyəm. Azərbaycan teatrını küll halında götürəndə müsbət məqamları daha çox görürəm. Bununla belə yaxşıya, yeniyə, müsbət tendensiyalara, bir sözlə, inkişafa açıq olmalıyıq.

- Yaradıcılıq qurban tələb edir deyirlər, bu yolda nələri qurban verdiniz?

- Üzr istəyirəm amma heç bir əsası olmayan yanlış fikirdir, bu günə isə heç  dəxli yoxdur.  Nə yaradıcılıq, nə də incəsənət qurban tələb edir. Sənətkar Allahın verdiyi istedadla nəsə yaradırsa, onun yaratdığını insanlar qiymətləndirirsə, bu böyük xoşbəxtlikdir. Qurban verməkdənsə söz ola bilməz. Konkret mənə gələndə, nə qurban vermişəm, nə itkim olub.  Mən sevdiyim, necə deyərlər, ləzzət aldığım işlə məşğulam. Xalqa da minnət qoymaq lazım deyil, hər bir yaradıcı adam seçilmək, tanınmaq, ilk növbədə özünə, mənafeyinə  xidmət üçün yaradır. Nəticədə, xalq da onun yaratdığından məmnun qalırsa, nə gözəl!

- Əli Əmirli nəyi itirmək istəməz?

- İnsan istəsə də, istəməsə də son mənzilə doğru itirə-itirə gedir, bu qorxulu deyil, qorxulu olan ləyaqəti itirməkdir.

- Olubmu ki, yazmaqdan usanasınız?

- Tənbəlliyə meyilli olsam da, heç vaxt  yoruldum, bezdim demirəm. Əgər yazmaq istəyim, yaratmaq ehtiyacım varsa, usandım, bıkdım sözləri ağlıma gəlməz. Amma bir şey var ki, yazmağa çox çətin başlayıram. Elə ki, işə girişdim, onun ləzzətini duydum, hər şey yoluna düşür.

- Bu il üçün sizdən hansı yeniliyi gözləyə bilərik?

- Yaradıcılıq tək pyes yazmaq deyil, məqalələr, təəssüratlar, müsahibələr, televiziya verlişlərində iştirak da yaradıcılıq işidir. Tədris etdiyim fənnlərlə bağlı dərs vəsaitlərinin hazırlanması, elmi işlərin yazılması, proqramların tərtibi, rəhbərlik etdiyim kafedranın idarə edilməsi də yaradıcı yanaşma tələb edir. Əlbəttə, bütün bu işlər çox vacib, çox məsuliyyətli işlərdi, amma yeni bir bədii əsər, pyes yazmadığım ili özüm üçün uğursuz hesab edirəm. Ötən il iki pyes yazdım, onlardan biri möhtəşəm qələbəmizin şərəfinə yazıldı. Hər iki pyes - " Pərdəsiz " və " Bircə addım " , " Azərbaycan " jurnalında dərc olundular. Ötən ilin sonlarında " On beş pyes " və " Hasarın o üzü " adlı pyeslər kitabımdan sonra on bir pyesdən ibarət " Pərdəsiz " adlı üçüncü pyeslər kitabımı nəşr etdirdim. İnanıram, 2022 –ci il də mənim üçün səmərəli olacaq, inşallah!

Söhbətləşdi: Şəlalə CAMAL