adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
01 Aprel 2024 10:01
2581
MÜSAHİBƏ

Elə bilirlər deputat pul kəsir - Aqil Abbasla AD GÜNÜ MÜSAHİBƏSİ

Bu gün Milli Məclisinin deputatı, Əməkdar jurnalist Aqil Abbasın 71 yaşı tamam olur.

Bakıvaxtı.az bu münasibətlə onunla müsahibəni təqdim edir.

Bacarıqlı həkimlərimiz var, amma növbə-filan işi korlayır

- Aqil müəllim, necəsiniz? Səhhətiniz necədir?

- Altı ay öncə pis idi. İndi keçib gedib. Allaha şükür.

- Yəqin ki, xəstə olduğunuz vaxt siz də həkimlərə üz tutmusunuz. Xəstəxanalarımızdakı vəziyyət sizi qane edib?

- Hazırda xəstəxanalarımızda vəziyyət o qədər də yaxşı deyil. Adam əlindən tərpənmək olmur. Yaxşı, bacarıqlı həkimlərimiz var. Amma növbə-filan işi korlayır. Bu da Səhiyyə Nazirliyinin günahı deyil. İndi xəstə sayı çoxdur. Məsələn, ən böyük dərdlərdən biri də odur ki, rayonlarda böyük pullar qoyub xəstəxanalar tikiblər. İndi həmin xəstəxanalarda həkim çatmır. Təkcə Ağdamda 86 həkim vakansiya yeri boşdur. Xəstələr məcbur Bakıya gətirilir. Ona görə də paytaxt xəstəxanalarında belə mənzərə yaranır. Rayonlardakı xəstəxanalar normal işləsə belə olmaz. Hətta mən bir dəfə təklif etmişdim ki, kəndlərdə də xəstəxana var. Məsələn, bizim kənddə - Ağcabədinin Bayat kəndində xəstəxana var. Orada ambulator var. Kimə lazımdır? Bir həkim, tibb bacısı və təcili tibbi yardım maşını elə ora bəsdir. Artığı nəyə lazımdır? Ora çəkilən xərci mərkəzdəki xəstəxanalara çəkə bilərik.

- Sağlamlığımız bir az da öz məsuliyyətimizdir...

- Bilmirəm, amma fransızlar deyirlər ki, xəstələnmək mədəniyyətsizlikdir.

Televiziyada kişisini qoyub qaçan və ya arvadını atıb gedən kişi görmək istəmirəm

- Yaradıcılığınız hansı mərhələdədir?

- 30-a yaxın kitabım çıxıb. Gənclər də kitab oxumurlar. Demirəm məni oxusunlar. O qədər cavan, istedadlı yazıçılarımız var ki, heç olmasa onları oxusunlar. 1000 manatlıq telefon işlədirlər, 10 manatlıq kitab almırlar...

- Aqil müəllim, bu, bir az sosial məsələlərə bağlıdır. Bu gün gənclərin istifadə etdiyi 1000 manatlıq telefon onlara 10 manatlıq kitabdan daha çox və daha tez qazanc gətirirsə, şübhəsiz ki, gənclər 10 manatlıq kitabdan daha çox 1000 manatlıq telefon alacaq.

- Üstəlik, hələ ona danışıq üçün pul da ödəyəcəklər...

- Nə i, mövzunu dəyişək... Aqil müəllim, televiziya izləyirsiniz?

- Bütün kanallara baxmıram. Adətən xəbərləri izləyirəm. AzTV-nin müəyyən siyasi proqramlarını və demək olar İTV-nin bütün verilişlərini izləyirəm. Orada maraqlı və əyləncəli verilişlər çoxdur. Məsələn, "Kim milyonçu olmaq istəyir", " Ötən günlər" və s.

- Son vaxtlar bəzi televiziya kanallarında yayımlanan sosial verilişlərlə bağlı fikirlər səsləndirilir. Bəziləri düşünür ki, sözügedən verilişlər bağlanmalıdır. Siz bu haqda nə düşünürsünüz?

- Niyə bağlanmalıdır ki? Bir az səliqəyə salınmalıdır. Özəl televiziyaları heç cür məcbur edə bilməzsən ki, hansısa verilişinin yayımını dayandır. Özəl televiziyalar o verilişlərdən reytinq qazanır, gəlir əldə edir. Onlar da pul qazanmalıdır. Bu normaldır. O verilişlərin ideyası da həmin televiziyaların deyil. Türkiyədən, Rusiyadan götürüb bir az bayağılaşdırıb camaata təqdim edirlər.

Mən də televiziyada kişisini qoyub qaçan və ya arvadını qoyub qaçan kişi görmək istəmirəm. Xalqın mentalitetində bu yoxdur. Bunu xalqa sırımaq olmaz. Düz bir ay ərini qoyub onun qardaşı ilə qaçan arvadın həyatı efirdə müzakirə olunur. Belə şeylər, əlbəttə, xoşagələn deyil. Amma o da var ki, həmin verilişlərdə insanlara kömək edirlər. Kimisə axtarıb tapırlar və ya kimisə pulsuz müalicə edirlər. Mən istəyərəm ki, bu verilişlər daha səviyyəli olsun, amma səviyyəli verilişlərə də baxmırlar.

Bir növ Mirzə Cəllilk etmişəm

- Aqil müəllim, sizcə, əsrimizin yeni Mirzə Cəlilə ehtiyacı var?

- Əvvəla yazıçı Anar əsrimizin Mirzə Cəlili olub. O, Cəlil Məmmədquluzadənin, Əbdürrəhim bəy Haqverdiyevin, Üzeyir Hacıbəyovun yolunu gedib. Yekəxanalıq çıxmasın, indi yaşlanmışam, “Ədalət” qəzeti elə Mirzə Cəlilin təbliğatı idi. Yazdıqlarımın çoxunu Mirzə Cəlilin üslubunda yazmışam. Bir növ Mirzə Cəllilk etmişəm. Hətta sonra başqa qəzetlər məndən götürüb elə yazmağa başladılar. Onlara dedim ki, qardaş, bulaq onsuz da qaynayır da, mən özüm Mirzə Cəlildən oğurlayıram, siz niyə məndən oğurlayırsınız, gedin bulağın gözündən götürün də.

İndi zəmanə başqadır. Mirzə Cəlil indi yetişməz. Onu öz zəmanəsi yetişdirmişdi. Saysaq 20-ci əsrin əvvələrində Azərbaycan 50-dən çox dahi yetişdirib. Allahın bu millətə yazığı gəlib o fərdləri göndərib. Bu milləti də kütlə yox, o fərdlər inkişaf etdirib. Hüseyn Cavidlər, Cəfər Cabbarlılar, Səməd Vurğunlar, Rəsul Rzalar, Ömər Faiq Nemanzadələr, Əli bəy Hüseynzadələr və s. Balaca bir Şuşa bizə 200-ə qədər görkəmli şəxsiyyət verib. Necə ki, fərdlər Azərbaycanı qorudu, məsələn, Heydər Əliyev gəldi Azərbaycanı dağılmaqdan qorudu, İlham Əliyev gəldi Qarabağı azad etdi. Bütün bu işləri fərdlər gördü.

 

Deputat olmaq çətindir

- Deputat, yoxsa qələm əhli olmaq daha çətindir ?

- Deputat olmaq çətindir. Qələm əhli olmaq istedad tələb edir. Həm zəngin mütaliən, həm istedadın olmalıdır. Yazıçı gündəlik işini görüb yazısını yazmalıdır. Amma deputatın işi başqadır. O, xalq ilə iqtidar arasında körpüdür. Başqa problemlər də var, onları demək istəmirəm.

- Bir ara deputatlara ev verilməsi məsələsi müzakirə olunurdu. Sizcə, deputatlara ev verilməlidirmi?

- Hamı elə bilir ki, deputat hər şeyə qadirdir və pul kəsir. Deputat istəyəndə ona ev verirlər. O baxır deputatın həyat şəraitinə. Rayondan gələn deputatlar da kirayə evdə yaşayırsa, onun evinin kirayə pulunu dövlət verir. Yəni onlara müəyyən şəait yaradırlar.

- 2022-ci ildə Azərbaycanlı şairlərin şeirləri İrəvanda nəşr olunan antologiyaya salınmışdı. Erməni jurnalist Yuri Manvelyanın təşəbbüsü və baş redaktorluğu ilə nəşr olunan antologiyaya, şairlərimiz Rasim Qaracanın, Həmid Herisçinin, Aqşin Yeniseyin, Günel Mövludun, Nərmin Kamalın, Babi Bədəlovun şeirləri erməni dilinə tərcümə olunaraq daxil edilmişdi. Siz də bildirmişdiniz ki, erməni bunu xoş niyyətindən etmir. Ümumiyyətlə, Azərbaycan ədəbiyyatının Ermənistanda təbliğ olunsa sizcə, necə olar?

- Artıq müharibə bitib. Bizim əsərləri – şeir, roman və s. siyasi motiv olmadan çap edə bilərlər. Mən ermənilərin bir yazıçısını - Hrant Mativasiyanı çox sevirəm. Evimdə onun kitabları da var. O, yeganə ermənilərdən biridir ki, hadisələr başlayanda bu hadisələrə qarışmadı. Hətta yazdı ki, qonşu ölkəsiniz, qohumsunuz belə şeylərə yol verməyin. Elə bir çıxış etmişdi. İndi deyəsən rəhmətə gedib. Onu Əkrəm Əylisli, Natiq Səfərov tərcümə edib. Çox maraqlı koloritli yazıçıdır.

Sizə bir misal çəkim. Erməni oğluna məsləhət verir, bir cığır göstərir deyir ki, bu cığır gedir Kolanı kəndinə. Orada azərbaycanlılar yaşayır. Deyir ki, onlarla normal davran, qonaqpərvərdir filandır. Amma onlara qarşı səhv bir şey etsən, çomaqla başını yararlar. Yəni onlarla mehriban ol. Bunu erməni - Hrant yazıb...

- “Qarabağ”ın son oyunlarını izlədiniz?

- “Qarabağ” mənim komandamdır. O komandanın ən pis vaxtında mən yanında olmuşam. Ağdamdan çıxandan sonra düz 10 il gücüm çatan köməyi etmişəm. O, mənim sevimli komandamdır...

- İkinci Qarabağ savaşındaqazandığımızqələbənin ədəbiyyata, filmə gətirilməsi ilə bağlı müxtəlif fikirlər səsləndirildi. Kimisi bunu bacardığımızı, kimisi də bacarmadığımızı iddia etdi. Siz bu haqda nə düşünürsünüz ?

- Hələ ki bacarmamışıq. Amma onun da vaxtı var. Bacaracağıq. Gərək nəsə soyuya. Məsələn, mən “Dolu2”-nin ssenarisini yazmışam. Bu günlərdə təqdim edəcəm. Yəqin başqaları da bu istiqamətdə çalışır. Gərək elə film çəkəsən ki, xalqın içindən gələnləri orada tam göstərə biləsən. Film çəkmək asan məsələ deyil. Yaxşı cavan rejissorlarımız var. Bu dəqiqə əsas komediya filmləri çəkirlər. Qazancı da o gətirir. Ciddi filmə baxan yoxdu. Milləti bir az korlamışıq, hamı gülmək istəyir. Yaxşı filmə böyük pul lazımdır. Məsələn, gürcülər Sovet vaxtı bir film çəkəndə beş ssenaristə hadisə verirdilər ki, onun ssenarisi yazsınlar. Onun pulunu da ödəyirdilər. Beşinin içindən də birini seçib ona film çəkirdilər. Amma bizdə bir filmin ssenarisini bir ssenarist yazır. Ssenaristə pulu da film çəkiləndən sonra ödəyirlər.

Biz boşanmayacağıq, narahat olmayın

- Bir az şəxsi həyatınızdan danışaq. İradə xanımla münasibətləriniz necədir?

- Evdə hər gün qırğındır. Bir-birimizə raket atırıq. Hərdən qumbara da atırıq. Qatarda bir nəfərlə yol yoldaşı olduğun adamla ömür boyu dost qalırsan. 45 ildir bir yerdə yaşadığım insanla sizcə necə olar? Bu günə qədər bir dəfə də dalaşmamışıq. Bir dəfə xətrinə dəyəcəyim söz deməmişəm. İkimiz də yaxşıyıq. Oturub hansısa film, kitab haqqında danışırıq. O, məndən çox oxuyub. Mütaliəsi mənimkindən çoxdur. Rus dilini çox gözəl bilir. O, orijinaldan oxuyur, mən tərcümədən. Bilmədiyim şeyləri də xanımdan öyrənirəm. Yazdığım yazıları da ona göstərirəm. Xoşu gəlməsə, cırıb atıram.

- Ölkəmizdə ildən-ilə boşanmaların sayı artır...

- Biz boşanmayacağıq, narahat olmayın. Yaşımız o yaş deyil.

- 45 illik evlilik təcrübəniz var. Bu mövzudagənclərə nə tövsiyə edə bilərsiniz?

- İndiki gənclər evlənib iki aydan, altı aydan sonra da boşanırlar. Sevmədən, valideynlərinin məsləhəti ilə evlənənlər daha tez boşanırlar. “Filankəsin oğludur, qızımı ona verəcəm”, “Filankəsin qızıdır, oğluma onu alacam” məsələləri...

Gərək evlilikdə sevgi olsun. Sevgi olan yerdə bir-birinin sözünü udmaq olur.

Boşanmalara digər səbəb sosial problemlərdir. Ev, iş yoxdur, qalırlar belə, boşanırlar. Sovet vaxtını tərifləyən deyiləm, amma elə ideologiya qurulmuşdu ki, sən maaş alanda sevinirdin. Maaşını da necə xərcləyəcəyini bilirdin. Evdə xanım da işləyəndə lap əla olurdu. İş tapmaq asan idi. İşsiz adamı tufeyli kimi həbs edə bilərdilər. Bir də indi ailənin ağırlığını götürə bilmirlər. Bunun üçün gərək yetişəsən. Məsələn, 20 yaşlı olan nə bilir ata olmaq nədir. 18 yaşlı qızı ərə verirlər. O, nə bilir uşaq saxlamaq nədir!

- 30 yaşdan sonra da insanın ağlı başına gəlir evlənmək istəmir...

- O oğlanlara aiddir. Bu yaşdan sonra heç kimi bəyənmirlər, gah deyirlər qaşı, gah deyirlər burnu əyridir. Ailənin dayağı, evi saxlayan qadındır. Uşaqlarımız 5-6 yaşı olanda Qarabağ müharibəsi başladı. Beş il Bakıda olmadım. Rayonlarda səngərlədə idim. Uşaqların tərbiyəsi ilə anası məşğul olub. Mən ancaq pul və digər məsələləri həll etmişəm. Mənim o qədər günahım, o qədər sarsaq işlərim var ki, xanım onlara dözüb, üzümə vurub məni pərt etməyib. Belə şeylər var. Gərək bir-birini yola verməyi bacarasan. Hər dəfə boşanmaların sayı artanda çox pis oluram. Ailədə olan adi bir problemdən qaçırlar sizin dediyiniz sosial verilişlərə. Hər halda düzələr...

Həmişə yalan danışırq, heç olmasa, 1 apreldə düz deyək

- 1 Aprel dünyada gülüş günü kimi qeyd olunur. Siz də bu gün dünyaya gəlmisiniz. Maraqlıdır, Aqil müəllimi daha çox nə güldürür?

- Bizdə bu günə daha çox aldatma günü deyirlər. Mən də deyirəm,  həmişə yalan danışırq, heç olmasa, 1 apreldə düz deyək. Dostlarımın yanında özümü çox rahat hiss edirəm. Ayda 2-3 dəfə Qarabağa gedirəm. Hər dəfə gedəndə dostlarımı restorana yığıram. Çoxlu domino oynayırıq. Domino oynamağı xoşlayıram. Zarafatlaşırıq. Bəzən elə olur gəlib dostumun bir sözünə bir povest yazıram. Yaxşı dostlarım çoxdur. İndi bir qismi rəhmətə gedib. Məsələn, Şahin Əliyev var idi. Hər sözü duz idi. Onun sözlərindən povest yazmaq olardı. Qədir Rüstəmov Rəmiş də maraqlı adam idilər. Dostlarla yığışıb Ağdama da gedirik. Bilirsiniz də indi mina təhlükəsinə görə hər adamın ora getməsinə icazə vermirlər. Mənim hesabıma onları da buraxırlar. O xarabalığı gəzib ləzzət alırıq. Evi, qəbiri dağıda bilərsən, hər şeyi məhv edə bilərsən, amma torpağımızın dadını qaçıra bilməzsən. Birinci dəfə Ağdama gedəndə həyətimizdəki torpağı götürüb yemişəm. Uşaq vaxtı da o torpağı yemişdim. Gördüm eyni torpaqdır, dadı qaçmayıb. Problemlər içində belə sevinməli şeylər də var...

- Gənc nəsilə nə məsləhətiniz var?

- Çox oxusunlar. Sonra onlara lazım olacaq. Tez-tez universitetlərə görüşə gedirəm. Xüsusilə də, xaricə gedəndə orada universitetlərdə oxuyan gənclərimizi bir yerə yığıram. Deyirəm, köpək uşaqları, oxuyun da! Dörd il adam kimi oxusanız 60 il o oxuduqlarınızı xərcləyəcəksiniz. Necə ki, mən 55 ildir onları xərcləyirəm. O dövrdə də yaxşı müəllimlər var idi, indi də var.

Torpaqlarımız işğaldan azad olunub, indi ad günümü Ağdamda keçirirəm

- Aqil müəllim, 71 yaşınız olur. Yeni yaşınızda özünüzə nə arzu edirsiniz?

- 1988-ci ildən bəri həyatda ən böyük arzum Qarabağı azad görmək idi. Bundan başqa böyük bir arzum olmayıb. Təbii ki, balalarımı xoşbəxt görmək də mənim üçün vacibdir. Amma ikinci dərəcəli məsələdir. Onu da görmüşəm.

Torpaqlarımız işğaldan azad olunub. Hər il ad günümü Ağdamda keçirirəm. Şuşanı da gedib görmüşəm. Bu, özü xoşbəxtlikdir.

O gün Ağdama getmişdim. Oradan gedib Əsgəranı, Xocalını gəzib gəldim. Hətta bütün yazdığım əsərlərdə, romanlarda, köşə yazılarda, povestlərdə məqsədim xalqa inam aşılamaq idi ki, torpağımızı azad edəcəyik. Necə ki, "Dolu" filmində onu göstərmişik...

Günəş Mərd

Bakıvaxtı.az