adalet.az header logo
  • Bakı -°C
07 Noyabr 2013 21:50
28797
İDMAN
A- A+

Elbrus Abbasov: "İndi "Qarabağ"da işləməyə, oynamağa nə var ki?"

70-80-ci illərdə Azərbaycan futbolunda güclü və dəqiq zərbələri, texnikası ilə fərqlənən bir futbolçu var idi - Elbrus Abbasov. Azərbaycan futbolunun əfsanələrindən sayılan 63 yaşlı veteran bu gün demək olar ki, işsizdir. Davamını özü danışır.

- Elbrus müəllim, milli çempionatın oyunlarına baxırsınız?
- Bəli, baxıram. İmkan olanda gedib stadiondan izləyirəm, olmayanda televizordan baxıram.
- Son dəfə hansı oyuna baxmısınız?
- "Bakı"-"Simurq" oyununa baxdım.
- İyirmi il əvvəlin "Neftçi"si, yaxud "Qarabağ"ı ilə indiki komandaları nə ilə fərqləndirirsiniz?
- Müqayisəolunmazdır. O vaxt biz "Dinamo" Kievlə, Moskva "Spartak"ı, "Torpedo"su, Tiflis "Dinamo"su kimi əjdaha komandalarla oynayırdıq. O vaxt bir "Neftçi" komandası idi. İndi on komandamız var.
- Taktikada, texnikada nə fərq var?
- Müqayisəyəgəlməz fərq var. O vaxt Banişevski, Tuayev, Səməd Qurbanov, Rafiq Əlizadə, rəhmətlik Əli Rəhmanov, Smolnikov kimi çox güclü futbolçular var idi.
- İndi milli çempionatımızda oynayan futbolçulardan kimi bu adlarını sadaladığınız oyunçularla müqayisə etmək olar?
- Heç kimlə. 2-3 normal legioner var.
- Məsələn?
- Flavinyo, Almeyda, Reynaldo. Amma o dövrdə Səməd Qurbanov elə təkcə mənə 28 qol ötürməsi vermişdi.
- Bu ötürmələr bir çempionatda olub?
- Bəli.
- Elə bil son zamanlar mətbuata da o qədər çox müsahibələr vermirsiniz.
- İlk müsahibəni 1975-ci ildə "Neftçi"nin bazasında Aqil Abbasa vermişəm. O vaxt Aqil universitetdə oxuyurdu. Koça Maxaradze, Nikolay Ozerov kimi jurnalistlər məndən müsahibə alıb. Biz 1996-cı ildə "Qarabağ" komandası ilə ilk dəfə Finlandiyadan xal gətirmişik. Aqil Abbas da komandayla getmişdi. Mənim oğlum Vüqar, onun oğlu Tuncay da bizimlə getmişdilər Finlandiyaya.
- Səhv etmirəmsə, siz həm də "Qarabağ" klubunun yaradıcılarındansınız...
- "Qarabağ"ı 1987-ci ildə Adil Nadirovla yaratmışıq. Mən oldum baş məşqçi, o da oldu komandanın rəisi. 1988-ci ildə komandanı SSRİ birinciliyinin ikinci dəstəsinə çıxartdıq. Komandanın adı əvvəlcə "Koperator" olub 1987-ci ildə.
- Niyə "Koperator"?
- Çünki komandanı "Koperator"ictimai iaşə birliyi saxlayırdı. İndiki pulla 70-80 manata oynayan oyunçular var idi. Elə futbolçular olub ki, qolu, ayağı sınıb ağrıkəsici iynə ilə çıxıb oyun udublar. 1987-2000-ci illərdə fasilələrlə komandanın baş məşqçisi olmuşam. Ağasəlim Mircavadov və Rəşid Özbəyov da işləyiblər. Özüm gedib "Neftçi" bazasının qarşısında Ağasəlim Mircavadova demişəm ki, "gedək, "Qarabağ"da işlə". Çünki o vaxt müharibə dövrü olduğundan dövlət əhəmiyyətli işlərim var idi.
- Milli komandamızın son seçmə mərhələ oyunlarını necə dəyərləndirirsiniz?
- Yaxşı təsir bağışladı, oynadılar. Keçmiş oyunlarla müqayisədə nizam-intizam, taktiki texniki hazırlıq düzəlib.
- Sizcə Berti Foqtsu millidə saxlamağa dəyər?
- Onu mən həll etmirəm ki.
- Amma tanınmış veteran futbolçusunuz.
- Mənim fikrimi öyrənmək istəyirsən də, hə? Əgər komanda yoxdursa, futbolçu yoxdursa, kimi gətirsəniz xeyri olmayacaq. Bunun üçün Azərbaycanda uşaq futbolu inkişaf etməli, bütün rayonlarda, klublarda futbol məktəbləri açılmalıdır. İndi biz Ağdamda AFFA-nın köməyi ilə bir sektor açmışıq. Amma ardını gətirə bilmirik. Bir məşqçidir, bir də mənəm-koordinator. Bununla futbol olar? 200 uşağı yığmışam ora, bir süni örtüklü meydançamız var.
- Orda çatışmayan nədir?
- Üç elə meydança, 1-2 stadion, futbol akademiyası lazımdır. Necə ki "Qəbələ" və "Bakı" klubları akademiya açıb.
- Ağdam kimi yerdə süni örtüklü meydançaya nə ehtiyac var?
- Yağış, qar yağır, palçıq olur.
- Amma yeniyetmə futbolçu yaşıl meydanı, otu hiss etməlidir.
- Hanı yaşıl meydança? Bərbad vəziyyətdədir. Kimdir ora baxan, kimi maraqlandırır ki? Cənab prezident o stadionu tikdirdi ki, uşaqlar futbol oynasınlar, pis əməllərdən uzaq olsunlar. Bu gün bizdəki 200 uşaq sabah 200 sağlam gənc, möhkəm Azərbaycan əsgəri deməkdir. Amma kim buna qiymət verir ki?
- Mütəxəssislər deyirlər ki, indiki "Qarabağ" tarixinin ən güclü dövrünü yaşayır. Sizcə belədir?
- İndi nə var ki, orda işləməyə? Ay kişi, orda istənilən futbolçunu qoy, işləsin. Mənə 35 "şirvan" (70 manat-İ.V) maaş verirdilər e. Qalmağa yerimiz, yeməyə yeməyimiz yox. O pula kim futbol oynayardı? Heç geyinib oyuna çıxmağa forma tapmırdıq. Amma bu gün komandanın illik büdcəsi 25-30 milyondur. İndi "Qarabağ"da işləməyə, oynamağa nə var ki? Belə şəraitlə bundan da artıq nəticələr olmalıdır. Ona görə deyirəm uşaq futbolunu inkişaf etdirmək lazımdır ki, o legionerlərə ehtiyac olmasın. Çünki o legionerlərin çantaları əllərindədir. Müqavilələrini bağlayıb pullarını alıblar. Maaş alırlar, mükafat alırlar. Evləri, yeməkləri, içməkləri, soyuducuları dolu, arvadını gətirir, qayınanasını, qaynını və dayəsini gətirir. Bu kimə lazımdır? "Bakı", "Neftçi", "Qəbələ", "İnter" kimi klublarda uşaq futboluna diqqət var.
- Son illər milli çempionat Bakı birinciliyini xatırladır. İndi də 10 komandadan 5-6-sı paytaxt təmsilçisidir...
- Mingəçevir, Şirvan, Tovuz, Şəmkir, Gəncə, Sumqayıt kimi bölgələrdə yaxşı futbolçular var. Söhbət ondan gedir ki, uşaq futbolu inkişaf etməlidir. Yoxsa, o legionerlərdən bir vaqon gətir Azərbaycana, payla klublara belə futbol olmaz. Uşaq futbolu olmaq üçün uşaq futbolu ilə məşğul olan mütəxəssislərə normal əməkhaqqı verilməlidir ki, başını aşağı salıb işini görsün.
- Siz nə qədər alırsınız?
- 450 manat. AFFA-nın Qarabağ üzrə baş koordinatoruyam. O pulun da üstünə bir az qoyub fəhləyə, uşağa, ora-bura paylayıram.
- Bəs necə dolanırsınız?
- Çətin. Mən də gəlmə məşqçilər, futbolçular kimi bir milyon almıram ki. O pulun on faizini versinlər bizim məşqçilərə, iki ilə yüksək səviyyəli futbolçular yetişdirərlər. Necə olur Ağdamdan 4 futbolçunu götürürlər "Qəbələ" futbol akademiyasına. Bu pis olsa götürməzlər də. Çünki orda seçimi xarici məşqçilər edir. Mən boyda mütəxəssis bu dəqiqə Ağdamdayam. Kömək eləsinlər, yaradım da.
- Ağdamda yaşayırsınız?
- Bəli, dörd ildir Ağdamda yaşayıram, çalışıram ki, burda futbol olsun. Amma bu təkcə mənim gücümdə deyil, kömək lazımdır.
- Niyə baş məşqçi işləmirsiniz?
- Təklif olub, amma maraqlanmamışam, yaşım da o yaş deyil.
- Söhbət yaşdan gedirsə, Berti Foqts sizdən də 3-4 yaş böyükdür.
- Düzü maraqlanmamışam.
- Hansı komandalardan təklif olub?
- Adlarını demək istəmirəm. Amma çoxundan olub. Mən istedadımı Bakının "Gənclik" komandasında da sübut eləmişəm. "Gənclik" komandasının o vaxtki heyəti indi çempionatımızda iştirak edən istənilən komandaya qalib gələrdi.
- Siz "Xəzri"ni nəzərdə tutursunuz?
- Bəli, sonra "Xəzri" oldu. Beş il o komandanın baş məşqçisi olmuşam, ölkə çempionu olmuşuq, kuboku götürmüşük. Milli komandada işləmişəm, olimpiya komandasının baş məşqçisi olmuşam.
- Sizcə son 10-15 ilin ən güclü futbolçumuz kim olub?
- Onları siz də tanıyırsınız. Müstəqillik illərində "Qarabağ" və "Neftçi"nin heyətində güclü futbolçular oldu. Zaur Tağızadə güclü futbolçuydu. Elçin Rəhmanov, Nəbi Xanciqazov, Ruslan Musayevi bəyənirdim, itdilər-batdılar o uşaqlar. Hücumçu İlqar Məmmədov var idi. Türkiyədə Polşa ilə oynayanda polşalılara qol vurdu. Rəşad Sadıqov yaxşı oynayır. Tərlan Əhmədov, Kamal Quliyev, Arif Əsədov, Aslan Kərimov...
- Sizcə millidə bu məşqçi saxlanılmalıdır?
- Bayaq dediyim kimi əldə perspektivli futbolçular olmasa, məşqçinin dəyişməyi heç nəyi dəyişmir.
- Perspektivli futbolçular var?
- İşləmək lazımdır. Bir neçə klubumuzun əsas heyətində klubun öz yetirmələridir. Normal uşaqlardır. Bir balaca işləyib onları düzəltmək lazımdır. Özümüzünküdür də. Material yoxdursa mütəxəssisin kimliyi heç nəyi dəyişmir. "Neftçi"də ta qədimdən gəlmə futbolçular olub. Amma canları yanmayıb, pul qazanmağa gəliblər. Bizimkilər bilir ki, pis oynasa, sabah küçəyə çıxa bilməyərək, dost tanışdan, evdə ailədən utanacaq.
- Sizi hansısa komandanın başında görə bilərik?
- Yox, elə uşaqlarla işləyirəm. 11-15 yaşda 3 yaş qrupunda uşaqlarımız var. Perspektivliləri çoxdur.

İntiqam Valehoğlu