adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
20 Yanvar 2022 11:22
321
GÜNDƏM

El adamı, el ağsaqqalı - Asif Quliyev yazır

Uzun illərdən bəri yaxından tanıdığım, adamlarının çoxu ilə doğma, səmimi münasibətim olan Bakının Bilgəh kəndinin hər üzünü  görmüşəm. Qışın şaxtasında da, yayın insanı yandırıb-yaxan istisində də neçə dəfə Bilgəhdə,  bilgəhlilərin toylarında, bayram şənliklərində, hüzür məclislərində iştirak etmişəm.

Amma, nə Bilgəhi, nə də bilgəhliləri heç vaxt o günkü kimi (14 yanvar) qəmli, kədərli görməmişdim. Kəndin yaşlı qocaları da, cavanları da, hamısı səssiz-səmirsiz, ancaq ürəklərində için-için ağlaya-ağlaya qəsəbədən dənizə tərəf düşəndə Hacı Fərrux Zeynalovun yolun sağ tərəfində, təpənin üstündəki evinə tərəf axışırdı. Həm şəhərdən, həm də qonşu kəndlərdən gələn insan əlindən tərpənmək olmurdu... Bilgəhin, yox, təkcə Bilgəhin deyil, Bakının əksər kəndlərinin özlərinə ağsaqqal saydığı Hacı Fərrux Məmmədnəbi oğlu Zeynalov vəfat etmişdi.

...Taleyi keşməkeşli olan Fərrux Zeynalov müharibənin od-alov püskürdüyü 1942-ci il mayın 4-də Bakının Bilgəh kəndində dünyaya göz açmışdır. Ömrünün ilk günlərindən məhrumiyyətlərlə rastlaşan balaca Fərrux altı aylığında atasını, beş yaşında böyük qardaşını itirmişdir. Lap körpə  yaşlarından, məktəbdə oxuya-oxuya həyətlərində mal-heyvan saxlayıb onların ağartısını satmaqla ailəyə yardımçı olan Fərrux Zeynalovu orta məktəbi bitirdikdən sonra ilk əmək fəaliyyətinə məişət xidməti sahəsində fəhlə kimi başlamışdır. Bir müddət dərzi köməkçisi, daha sonra dərzi işləmiş, istehsalat müdiri olmuşdur. Ali təhsil aldıqdan sonra fabrik direktoru, Bakı Şəhər Əhaliyə Məişət Xidməti İdarəsinin rəisi, N.Nərimanov adına Corab-Trikotaj Birliyinin direktoru, “Azəryüngülyeyintisənaye” Birliyinin baş direktoru, müstəqil Azərbaycanın Material Ehtiyatları naziri vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Ali Sovetinin deputatı olmuş, Milli Məclisin üzvü seçilmişdir.

Fərrux müəllimlə tanışlığımız Milli Məclisdən başlayıb. Mən  Milli Məclisdə vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsinin müdiri idim, o da deputatı idi. Şöbə müdiri kimi, hər gün yüzə qədər şikayətçini, əsasən də, qaçqın və köçkünləri qəbul edib, kömək göstərməli olurdum. Həmin günlərdə qəbula gələnlərin çoxu tanınmış deputatlardan Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı, Vahid Əhmədov, İsa Qəmbərlə yanaşı Fərrux Zeynalovla da görüşmək istəyirdilər. Çünki o, yanına gələnlərin, hansısa bir işə görə ona müraciət edənlərin heç birini naümid geri qaytarmırdı.

Yaxşı yadımdadır, Bakı kəndlərinin birindən gələn qadın övladının cəbhədə həlak olduğunu, nəvələrinin evsiz-eşiksiz qaldığını bildirib, deputat Fərrux müəllimdən kömək istədi. Fərrux müəllim başını aşağı salıb, bir xeyli sakitcə dayandı, sonra da telefonun dəstəyini  qaldırıb kimlərəsə zəng etdi. Birindən daş, başqa birisindən taxta-şalban istdi. Başını qaldırmadan: “Siz gedin, bazar günü özüm kəndə gələcəm, evsiz qalmayacaqsınız” – dedi.

Qaydaya görə, qəbula gələnlərin kim tərəfindən qəbul olunduğunu xüsusi vərəqdə qeyd edib nəticəsini izləyirdik. Bir neçə aydan sonra həmin qadın yenidən Milli Məclisə gəlmişdi, amma şikayətə yox, təşəkkür etməyə. Evi tikilmişdi... Sonralar Fərrux müəllimlə bir yerdə Respublika Material Ehtiyatları Nazirliyində işləyəndə də yüzlərlə bu cür hadisənin şahidi olmuşam. O, qazandığı bir tikəni imkansızlara, qaçqın və köçkünlərə verməkdən həzz alırdı. Demək olar ki, hər ay qaçqınlar üçün xüsusi ərzaq payı göndərtdirirdi. Bakıdakı  yataqxanalarda, digər yaşayış sahələrində yerləşdirilmiş qaçqınlara tez-tez özü baş çəkər, kömək göstərərdi.

Fərrux müəllim mülayim xasiyyətli, az danışan, lakin yeri gələndə öz sözünü cəsarətlə deyən, haqqı, ədaləti inadla müdafiə edən bir şəxsiyyət idi. Yadımdadır, Milli Məclisin o vaxt “prezident otağı” adlandırılan otağına cəbhədən və iqtidardan olan bir neçə deputat yığışmışdı. Xalqla ən yaxın əlaqəsi olan şöbə müdiri kimi mən də orada idim. Bir sıra məsələlər müzakirə edildikdən sonra hələ seçilməmişdən özünü Prezident kimi aparan Əbülfəz Elçibəy birdən: “...Baş nazir  vəzifəsinə kimi məsləhət görürsünüz?” – deyə soruşdu. Otaqdakıların hamısı biri-birinin üzünə baxdı. Cəmi bir neçə gün əvvəl keçmiş prezident Ayaz Mütəllibovun fərmanı  ilə baş nazir vəzifəsinə təyin olunmuş Rəhim Hüseynov hələ heç kabinetinə getməmişdi. Tanınmış, daha doğrusu sözü keçən deputatlardan heç kimin dillənmədiyini görən Fərrux müəllim ayağa qalxıb:

- Məgər Baş nazir də istefa verib? – deyə soruşdu.

- Özü istefa verməsə də, onu Ayaz təyin edib, ona görə də o getməlidir deyə - Əbülfəz bəy cavab verdi.
Fərrux müəllim bir anlığa danışmadı, susdu. Sonra bir qədər əsəbi halda fikirlərini izah etdi:

- Millətin arasına ayrıseçkilik salmayın. Rəhim Hüseynov olduqca bacarıqlı və təmiz adamdır... Əgər onu istefaya göndərsəniz ...

İnsafən otaqdakı deputatların hamısı Fərrux müəllimin sözünün üstündə durdular, Rəhim Hüseynovu müdafiə etdilər.

...- O, Azərbaycanın Material Ehtiyatları naziri təyin olunanda respublika böyük ehtiyaclar içərisində yaşayırdı. SSRİ dağılmışdı, yenicə müstəqillik qazanmış respublikanın heç bir ölkə ilə, heç bir sahədə müqaviləsi yox idi. Respublikanın ehtiyacları ancaq ayrı-ayrı adamların şəxsi nüfuzu hesabına ödənilirdi. Belə bir vaxtda demək olar ki, hamı – dərmana ehtiyacı olan xəstəxanalar da, una ehtiyacı olan çörək zavodları da, qələmə, kağıza ehtiyacı olanlar da Material Ehtiyatları Nazirliyinə, Fərrux Zeynalovun üstünə qaçırdılar. Kağız olmadığına görə kitab nəşri demək olar ki, dayanmışdı. Kitabı nəşriyyatda yatıb qalan yazıçıların, şairlərin, elm adamlarının hamısı onun üstünə gəlirdi. O da heç kimi naümid geri qaytarmırdı. Bir dəfə Xalq şairi Qabil onun yanına gedib neçə aydan bəri nəşriyyatda yatıb qalan kitabının çapı üçün kağız istəyir. O da  Prezident aparatının, Milli Məclisin nəşrləri üçün ehtiyatda saxladığı kağızdan onun kitabı üçün ayırır. Qabil bir neçə gündən sonra təzə çapdan çıxmış kitabına qəribə bir avtoqraf yazıb ona gətirir:

Bu kitabın
Özü nazirindir
Sözü şairin.
Hacı Fərrux var olsun!
Qabilə hədiyyəsi
Təzə kitablar olsun!
 
Xalq yazıçısı İsmayıl Şıxlı onu el adamı, el ağsaqqalı adlandırırdı. Fərrux müəllim nazir vəzifəsinə təsdiq olunanda onunla mənim Milli Məclisdəki iş otağımda görüşdülər. İsmayıl müəllimin o vaxt ona dediyi sözləri indi də xatırlayıram: “- El adamı, el ağsaqqalı ölkədəki və ölkədən kənardakı hörmətinizə bələd olan bir insan kimi belə başa düşürəm ki, bundan sonra respublikanın bütün ehtiyat və ehtiyacları ilə bağlı problemləri, yəqin ki, qələm əhlini ən çox maraqlandıran kağız problemini də layiqincə həll edəcəksiniz”. Doğrudan da şəxsi nüfuzundan istifadə edən təzə nazir respublikanın çox problemlərini həll etdi...

İqtisad Elmləri namizədi olan Fərrux Zeynalov həm də yaxşı qələm sahibi idi. Son illərdə dərin axtarışlar və arxiv sənədləri əsasında yazdığı “Bilgəh: səfalı yurdun layiqli övladları” kitabında kəndin və kənddəki abidələrin yaranma tarixini, Bilgəh adının formalaşmasını, Bilgəhin dəniz limanı olmasını, Bilgəhdə ilk zəfəranın əkilməsini... dəqiq dəlillərlə göstərir. Bilgəhlilərin əsirlər boyu göstərdikləri qəhrəmanlıqlar, keçən əsrin əvvəllərində ermənilərə qarşı apardıqları mübarizələr, ikinci dünya müharibəsində vətən qarşısındakı xidmətləri, kəndin tanınmış din xadimləri, ədəbiyyat, incəsənət və elm adamları haqqında, Stalinin Bilgəhlə və bilgəhlilərlə bağlı xatirələrinin əks olunduğu kitab tarixi bir roman kimi maraqla oxunur.

Fövqəladə varlıq olan insanın ömür yolu adi bir sürücünün keçdiyi yol kimidir. Sürücü nə qədər ehtiyatlı, diqqətli olsa da, nə vaxtsa, haradasa qəzaya uğramaq ehtimalı həmişə başının üstündə dolanır. Fərrux müəllimin ömür karvanı da gözlənilmədən qəzaya uğradı. Əlacsız xəstəlik onu qəflətən yaxaladı. Övladlarının, yaxınlarının böyük səylərinə baxmayaraq yanvarın14-də 80 yaşının tamamına 4 ay qalmış dünyasını dəyişdi.

Hacı Fərrux ədəb-ərkanlı, hər şeyin yerini bilən, elinin-obasının ən yaxşı adət-ənənələrini yaşatmağa çalışan el adamı, el ağsaqqalı idi. Cılız hisslərdən yüksəkdə duran, sözü ilə əməli bir olan, elini, obasını, vətənini ürəkdən sevən, xalqına, dostlarına baş ucalığı gətirən bir şəxsiyyət idi.

Allah rəhmət eləsin.