adalet.az header logo
  • Bakı -°C
29 Yanvar 2026 13:27
160
GÜNDƏM
A- A+

JURNALİST: “ Bu kimi hallar imkan vermədi ki, Azərbaycan  televiziyaları “məktəb”ə çevrilsin”

"Televiziya sisteminə görə  aparıcı ilə qonaq arasında mübahisənin yaranması məqbul hesab olunmur. Aparıcı efir üçün məsuliyyət daşıyır. Suallarını elə tərtib etməlidir ki, qonaq qıcıqlanmasın. Əlbəttə, yayındırıcı suallar ola bilər. Ancaq bu suallar qonağı emosialara cəlb etməli deyil. Çünki bu, normal görünmür.  Əgər bu boşluq yaranıbsa, bunun əsas səbəbi redaksiyalarımızda redaktor korpusunun  bərbad vəziyyətdə olmasıdır.  Azərbaycanda xəbər aparıcılığında, veriliş aparcılığında  redaktor korpusu zəif mövqedə dayanır.  Bu da ondan irəli gəlir ki, son 10 illiyin, hətta bir az daha çox müddətin  sosial şəbəkələr üzərində xəbər axtarışı, daha doğrusu  şəbəkələr üzərində  birinclik uğrunda  mübarizə, yaxud da  hay-küylü  xəbərlə  oxucunun, tamaşaçının diqqətini  cəlb etmək  istəyi  imkan vermədi ki,  Azərbaycan  televiziyaları “məktəb”ə çevrilsin".

Bu sözləri  Adalet.az-a açıqlamasında jurnalist Teymur Zahidoğlu söyləyib:

“Bir vaxtlar televizyanın çox gözəl ənənəsi var idi. Olduqca uğurlu kadrlar yetişdirilirdi. Jurnalistlər profesionallar tərəfindən öyrədilirdilər. Zaman- zaman təcrübə olaraq müəyyən bir vəzifələr etibar olunurdu.  Bu mərhələlərlə redaktorlar yetişirdi.  İndi təəssüf  ki, bu  ənənə tarixə qovuşub.  Digər tərəfdən də  burda bir məsələ var ki, bu gün efirlərdə tanınan aparıcılar, veriliş müəllifləri  bəzən redaktorlarla razılaşmırlar, ortaq məxrəcə gələ bilmirlər və ya ümumiyyətlə, məsləhətləşmirlər.  Aparıcılar  özlərini bəzən daha çox üstün tuturlar.  Çox zaman təvazökarlıqdan uzaq dayanırlar.  Nəticə etibarilə  adam efirdə yayım zamanı  özünü görə bilmir axı. Onun qüsurlarını yalnız redaktor görür.  Və bu məqamda mütləq redaktor bu vəziyyəti idarə etməlidir.  Aparıcı  yanlışlıqlara yol verəndə, onun üçün düzəlişlərə köməklik göstərməlidir.  Efir redaktoru,  yaradıcı redaktor, texniki redaktor-  bunların  hər biri üzərinə düşən vəzifəni icra etsələr, efir məkanlarında xoşagəlməz hallar baş verməz.

Aparıcı efirə başlamamışdan əvvəl öz yaradıcı kollektivi ilə məsləhətləşməlidir.  Bu gün bu qaydalar yoxdur. Aparıcı mikrofon yaxasına taxılan kimi səhnəyə çıxıb necə gəldi danışır. Efir mədəniyyəti deyilən bir anlayış var. Qonaqlara münasibət də həmin anlayışa daxildir. Ancaq indi heç buna da nəzarət yoxdur.  Bəzən  fikir azadlığını , düşüncə azadlığını  təhqirlə səhv salırlar. Ancaq təhqir etmək həm  inzibati, həm də cinayət məsuliyyəti  daşıyır.

Bu kimi halların yaranması tək bir amillə deyil. Bu məsələdə kimisə günahkar  hesab etmək və ya etməmək  mövcud  vəziyyəti dəyişmir.  Televiziyalara yeni baxış lazımdır.  Jurnalistlər arasında hansısa məbədə bənzəyən  bir “ fiqur ” olmalıdır ki, jurnalistlər  həmin “fiqur”dan istifadə etsinlər, öyrənsinlər   Günümüzdə bu anlayışlar yoxdur. 

Gənc jurnalistdən soruşsalar ki, kimdən bu sənəti öyrənmək istəyərsən? Əmin olun ki, o gənc peşəkar jurnaist adı çəkə bilməyəcək.  Çünki peşəkarları tanımır. Ekranda hər gün gördükləri  isə hay-küylə efirə çıxanlardır”.

Ekspert qeyd edib ki, aparıcılar  proqramda özlərini efir aparıcılarından daha çox digər peşə sahibi kimi göstərməyə çalışırlar:

“Televiziya aparıcılarının böyük əksəriyyəti  idarə etdiyi  proqramda efir aparıcısından daha çox hakim, prokror, ekspert kimi davranırlar. Problemin bir tərəfi də budur.

 Hər hansısa bir nazir  televiziya proqramının aparıcısı ola bilər. Və o səhnəyə çıxırsa, artıq nazir deyil, aparıcıdır. O, jurnalist kimi davranmalıdır.  Çox təəssüf ki, Azərbaycanda  aparıcıların böyük əksəriyyəti  jurnalist kimi davranmaqdan başqa bütün peşələrin karakterini efirdə nümayiş etdirirlər. Hətta bəzən ağsaqqallıq, ağbirçəklik edilər. Bunlar efir qaydalarını kobud şəkildə pozmaq deməkdir. Efirin efir standartı var. 

Dünya teleməkanlarına nəzər salsaq, möhtəşəm nümunələr görə bilərik.  Amerika televiziyaçılığı, Avropa televiziyaçılığı,  hətta bizim qonşu ölkə olan Rusiya televiziyaçılığı əsas nümunələrdən hesab olunur. Məlum məsələdir ki, televiziya təbliğat- təşviqat vasitəsidir.  Yeri gələndə hansısa aparıcı öz dövlətinin maraqlarından çıxış edib, dost olmayan ölkələr barədə  müəyyən mənada bir az  qıcıqlandırıcı və ya eham xarakterli  ifadələr işlədə bilərlər.  Ancaq bu jurnalistlər heç vaxt səhnədə prokrorluq, vəkillik, hakimlik  etmirlər. Jurnalist möqelərini qoruyub- saxlayırlar. 

Düşünürəm ki, günah axtarmaq əvəzinə  televiziya rəhbərləri, redaktorlar  və aparıcılar arasında ortaq məxrəc olmalıdır ki,  təxminən 1 ay ərzində  1-2 dəfə toplanıb müzakirə etsinlər.  Bu müzakirələr nəticəsində efir məkanında yol verilən nöqsanlar aradan qaldırılmalıdır.  Eyni zamanda efir mədəniyyətinin daha da təkminləşdirilməsi, daha da yaxşılaşdırılması üçün  bir yol  tapmalıdırlar. 

Təbii ki, televiziyaların özünə görə qayğıları var. Ancaq buna baxmayaraq fəaliyyətdədirlər.  Bu fəaliyyətin daha mükəmməl, daha da gözəl olması üçün  mütləq şəkildə  bir qurum yaradılmalıdır. Məsələn “redaktorlar birliyi” və yaxud da  “televiziyalar birliyi” hər hansısa belə bir struktur  yaradılmalıdır. Heç olmasa qeyri-rəsmi də olsa belə bir qurum yaradılmalıdır”.

Əntiqə Kərimzadə