01 Sentyabr 2025 08:12
33
ANALİZ

Dövlətçilik məsuliyyətinin təcəssümü

Prezident İlham Əliyevin yerli və xarici mediaya verdiyi müsahibələr olduqca maraqla qarşılanmaqla yanaşı bu müsahibələrdə yaxın gələcək üçün planlaşdırlan siyasət barəsində ətraflı və dolgun məlumat verilir. Bu məlumatlar isə istər Azərbaycanın istərsə də regionun ictimai-siyasi həyatında önəmli rol oynayır.

Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsinə nəzər saldıqda bir sıra məsələlərə aydınlıq gətirildiyini görürük. Vaşınqtonda imzalanan sənəd, Zəngəzur dəhlizi, Azərbaycan təyyarəsinin vurulması və bu kimi məsələlərlə bağlı jurnalistin ünvanladığı suallara cənab Prezident dolğun cavablar verdi.

Prezident İlham Əliyev Vaşinqtonda tarixi sülh razılaşması ilə bağlı suallara cavab verərkən bu sənədəin əhəmiyyətindən danışıb: “Bu sənəd iki ölkə arasında gərginliyin sonu deməkdir. Uzun illərdir ki, Ermənistanla müharibə vəziyyətində idik. Məhz Ermənistan 1990-cı illərin əvvəlindən Azərbaycan ərazilərini işğal etmişdi. O zaman Azərbaycan çox zəif idi, ordumuz yox idi. Ermənistanın isə Azərbaycan ərazilərini işğal etməkdə ona dəstək göstərən xarici tərəfdarları var idi. Beləliklə, ərazimizin təxminən 20 faizi onlar tərəfindən işğal edilmişdi, nəticədə bir milyon qaçqın və məcburi köçkünümüz var idi. Həmin dövrdə bu, əhalinin sayına görə dünyada ən yüksək nisbətlərdən biri idi. Yəni, Azərbaycanın əhalisi o vaxt 8 milyon nəfər idi, onların bir milyonu yurd-yuvasından didərgin düşmüşdü”.

Prezient İlham Əliyevin razılaşmanın pozulma halları barəsində də danışıb: “Bilirik ki, gələn yay Ermənistanda parlament seçkiləri keçiriləcək. Həmçinin bilirik ki, onlar yeni konstitusiya layihəsi üzərində işləyirlər. Lakin güclü xarici müdaxilə olarsa, bəli, bu, razılaşmaları poza bilər. Amma bu, Ermənistanın özü üçün çox zərərli olar, çünki Vaşinqtonda sənədlərin kim tərəfindən imzalanmasından asılı olmayaraq, onlar Ermənistanın adından Ermənistan lideri tərəfindən imzalanıb. Əgər orada hər hansı dəyişiklik baş verərsə və imzalanmış sənəddən geri addım atılarsa, bu, Ermənistan ilə ABŞ arasındakı münasibətləri ciddi şəkildə pisləşdirər. Bu, yalnız ABŞ-a aid deyil, beynəlxalq ictimaiyyət, Avropa İttifaqı, Türkiyə və ərəb ölkələrindəki dostlarımız da bu prosesi dəstəklədilər”.

Müsahibənin diqqət çəkən məqamlarından biri də Naxçıvanla bağlıdır. Belə ki, dövlət başçısı Zəngəzur dəhlizinin əhəmiyyətindən danışarkən bu dəhlizin Naxçıvanın Muxtariyyət məsələsinin həllində, Naxçıvana ictimai nəqliyyatla səfərin mümkünlüyündən danışıb: “Bu gün Naxçıvana getmək üçün ya təyyarə ilə uçmalıyıq, ya da avtobus və ya avtomobillə İran ərazisindən keçməliyik. Yaxud daha uzun marşrutla – Gürcüstan və Türkiyə ərazilərindən keçərək Naxçıvana daxil olmalıyıq. Bu, çox narahatlıq və problemlər yaradır. İkinci Qarabağ müharibəsi bizim Qələbəmizlə başa çatdıqdan sonra bu yolu zorla ələ keçirə bilərdik. Həmin vaxt Ermənistan ordusu mənəvi cəhətdən tamamilə sarsılmışdı. Ermənistan ordusunda müharibədən qaçan 12 min fərari olmuşdu, Azərbaycan Ordusunda isə sıfır. Azərbaycan Ordusunda yüksək ruh, insanlarda böyük həvəs oyanmışdı və qarşımızda heç kəs dayana bilmirdi. Biz 2020-ci il noyabrın 10-da, sadəcə, sərhədimizdə dayandıq, bu yolu zorla ələ keçirmədik, amma Ermənistana bildirdik ki, onlar Naxçıvanla əlaqəmizi kəsə bilməzlər. Təxminən beş il ərzində bu əlaqə xətləri ilə bağlı onlarla danışıqlar apardıq. Bu müddət ərzində Naxçıvanla birləşmək üçün Ermənistan sərhədinədək dəmir yolu tikməyə və magistral yollar salmağa başladıq. Magistral yol layihələrinin, eləcə də dəmir yolunun ola bilsin gələn il hazır olacağını gözləyirik. Amma təxminən beş il ərzində Ermənistan bizim tələblərimiz və qanuni istəklərimiz qarşısında konstruktiv mövqe nümayiş etdirmirdi. Bu səbəbdən Prezident Tramp və onun komandası prosesə cəlb olunduqda, vasitəçilik etmək istəyəndə biz onlara belə mesaj verdik: Zəngəzur dəhlizi fəaliyyətə başlamalı və təhlükəsiz olmalıdır, yəni, Azərbaycan vətəndaşları bu 40 kilometrdən çox məsafəni təhlükəsiz keçə bilməlidirlər, güclü təhlükəsizlik zəmanətləri olmalıdır. Beynəlxalq təhlükəsizlik zəmanətləri təmin edilməlidir. Yalnız Ermənistanın verdiyi zəmanətlər kifayət deyil. Tramp administrasiyası bu qanuni narahatlığı doğru şəkildə qəbul etdi və bunun nəticəsində TRIPP (“Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu”) meydana gəldi. Prezident Tramp Zəngəzur dəhlizinə öz adını verdikdən sonra əminəm ki, bu layihə çox yaxın zamanda reallaşacaq. Fiziki infrastrukturun, yəni, dəmir yolunun tikintisi uzun vaxt tələb etməməlidir, çünki məsafə cəmi 42 kilometrdir. Əgər biz tikməli olsaq, bir il ərzində tamamlayardıq. Ermənistan üçün isə bəlkə də daha bir neçə il lazım olacaq, çünki dəmir yolu tikintisi sahəsində bizim təcrübəmiz daha çoxdur”.

Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı