adalet.az header logo
  • Bakı -°C
11 Mart 2026 12:12
124
SİYASƏT
A- A+

“Ölkəmizə zərbə dronları atanlara bu gün humanitar yardım göndəririk...”

“İranın Naxçıvan aeroportuna və Şəkərbulaq kənd məktəbinə PUA zərbələrindən sonra Azərbaycan Respublikasının Prezidenti kifayət qədər sərt bir şəkildə əks tərəfdən açıqlama tələb etmişdi. Prezidentimizin bu bəyanatından sonra İran Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidentinə zəng edərək mövcud gərginliyi aradan qaldırmaq üçün zəruri olan addımların atılacağına söz verdi”. 

Bunu Adalet.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. 

O, bildirib ki, məhz bir türk oğlunun telefon zəngi ilə Azərbaycan həm İranla bağlı olan sərhədlərinin açılmasına qərar verdi və sərhədlərin açılması qərarının ardından sonra da dərhal İrandakı soydaşlarımıza humanitar yardım göstərdi:

“Digər tərəfdən isə həm Xameneinin vəfatına görə Azərbaycan Prezidenti başsağlığı verdi, həm də onun yerinə seçilən Müştəbah Xameneini yeni dini lider seçilməsi münasibəti ilə təbrik etdi. Bütün bunlar onu göstərir ki, ilk növbədə Azərbaycan dövlət başçısı kifayət qədər sərrast və diplomatik uğurlara gətirib çıxaracaq addımlar atır. İkinci bir də Azərbaycan Prezidenti sübut edir ki, çətin vəziyyətdə olan İrana və orda yaşayan soydaşlarımıza humanitar yardım göndərməklə onları da diqqət mərkəzində saxlayır”. 

Ə.Verdiyev deyib ki, İranın molla rejimi və onun nəzarətində olan SEPAH Azərbaycana qarşı kifayət qədər qeyri-dost münasibətlər bəzən düşmənçilik səviyyəsinə qədər qalxa bilən addımlar atıb:

“Lakin Azərbaycan Prezidenti öz müdrükliyi ilə bir daha sübut edir ki, biz yamanlığa belə yaxşılıq ilə cavab veririk. Biz heç bir zaman qonşularla münasibətlərin gərginləşməsində maraqlı olmamışıq. Azərbaycan işğal dövründə və ondan sonrakı son beş ildə, Vətən müharibəsindən sonrakı dövrdə İran tərəfindən atılan addımları, Ermənistana verilən dəstəyi heç bir zaman unutmayıb. Biz həm tarixi yadda saxlayırıq, həm də gələcək nəsillərə Azərbaycanı hansısa bir addımda günahlandırmaq üçün zərrə qədər imkan vermirik. Bu isə çox vacib məsələdir. Azərbaycan miqyasına görə kiçik ola bilər, amma onun bu gün atdığı addımlar kifayət qədər regional sülhüm bərpa olunmasına yönəlik addımlardır və gələcəkdə bu addımların nə qədər doğru qərarların olduğunun biz şahidi olacağıq. Bu günün miqyasında bəlkə bunlar diplomatik gediş kimi görünə bilər, amma əslində bunlar gələcək nəsilləri başıdik, qalib Azərbaycan dövlətinin təmsilçisi olmağımızla fəxr edə biləcəyimiz addımlardır. Ölkəmizə zərbə dronları göndərənlərə bu gün humanitar yardım göndəririk. Bu bütün dünyaya nümunə olacaq bir addımdır. Ümid edirəm ki, bütün bunlar İrandakı sağlam qüvvələr tərəfindən layiqincə qiymətləndiriləcək”. 

Vasif ƏLİHÜSEYN