COCUQ MƏRCANLI: DÜNYADAN GÖRÜNƏN KƏND!

…1993-cü ilin avqust ayının 23-də Cəbrayıl rayonu işğal olunanda Cocuq Mərcanlı da ermənilər tərəfindən zəbt edildi. «Zəbt edildi» ona görə deyirik ki, yağı düşmən ələ keçirdiyi şəhərlərimizi və yaşayış məntəqələrimizi elə günə salırdı ki, adam bilmirdi əvvəllər burda insan yaşayıb, kənd olub, yoxsa elə belə xarabalıq imiş. Onlar kəndi işğal edəndə məktəbi, xəstəxananı, uşaq bağçasını, yaşayış binalarını təkcə söküb aparmadılar, həm də od vurub yandırırdılar. Bəlkə də ona görə yandırırdılar ki, uzun müddət burda qalmayacaqlarını bilirdilər. Ancaq buna baxmayaraq, o kəndin var-dövlətini zəli kimi sorub aparsalar da söküb dağıtdıqları binaların qara daşlarını da yandırdılar. Yandırdılar ki, o daşlardan gələcəkdə istifadə oluna bilinməsin.
Ümumiyyətlə, ermənilər işğal etdikləri ərazilərimizdə elə bir vəhşiliklər törədirdilər ki, digər müharibələrdə buna bənzər hadisələr baş verməyib. Başqa sözlə demiş olsaq, ələ keçirdikləri şəhərlərimizin, kəndlərimizin daşını daş üstünə qoymurdular. Hələ bu da azmış kimi, onlar meşələrimizdəki yüzillik, yüz əlli illik zəngin tarixə malik olan çinar ağaclarını, palıd ağaclarını, qoz ağaclarını kökündən qoparıb aparırdılar. Elə bil ki, dədələrinin malları idi. Bax, Cocuq Mərcanlıda da belə bir cinayət törətmişdilər.
…1994-cü ilin yanvarın əvvəllərində «Horadiz əməliyyatı» həyata keçiriləndə Füzulinin 22 kəndi və 1 şəhəri azad ediləndə Cocuq Mərcanlı da erməni işğalından təmizlənmişdi. Amma buna baxmayaraq, ermənilər Füzulinin Lələtəpə yüksəkliyində mövqe tutduqlarına görə, Cocuq Mərcanlıda elə də bir iş görmək mümkün deyildi. İnsanlar o yaşayış məntəqəsinə qorxa-qorxa gedir və bəzən də ermənilər kənddə adam görəndə həmin yeri atəşə tuturdular. Bütün bunlar isə Cocuq Mərcanlıda həm abadlıq işlərinin aparılmasına maneçilik törədir, həm də insanların orda məskunlaşmasına imkan vermirdi. 2016-cı ilin aprel döyüşləri zamanı minlərlə hektar torpaq sahələri erməni işğalından azad edildiyi kimi, Lələtəpə yüksəkliyi də onların əlindən alındı və o yüksəkliyə Azərbaycan bayrağı sancıldı. Bax, elə Cocuq Mərcanlı da həmin gündən rahat nəfəs almağa başladı. Bunu o mənada deyirik ki, bütün təhlükə sovuşandan sonra Cocuq Mərcanlıda möhtəşəm tikinti, yenidənqurma və abadlıq işlərinə start verildi.
Həmin tikinti gedən zaman mən oğlum Eminlə dəfələrlə Cocuq Mərcanlı kəndində oldum. Orda elə möhtəşəm iş görülürdü ki, adam bu işə baxanda qürur hissi keçirir və sevinirdi. Hardasa tikinti meydançasında yüzlərlə insan işləyirdi. Bir tərəfdə Şuşa məscidinin bənzəri olan məscid inşa edilirdi, bir tərəfdə məktəb tikilirdi, bir tərəfdə yeni asfalt yollar çəkilirdi, bir tərəfdə də digər sosial obyektlər inşa edilirdi. Sanki bura böyük Səməd Vurğunun qələmə aldığı «Muğan» poemasındakı Mingəçevir şəhərinə bənzəyirdi. Çünki traktorların, buldozerlərin və digər texnikaların səsi aləmi başına götürmüşdü. Adətən bu səslər insanları yormalı idi, ancaq əksinə, traktorların, buldozerlərin, maşın və texnikaların səsi insanlarda bir rahatlıq yaradır və qürur oyadırdı. Qürur oyadırdı ki, dövlətimiz qısa zaman kəsiyində yeni bir kənd tikir və o kəndin tikintisində yüzlərlə insan 24 saat çalışır. Məscidin tikintisi zamanı biz ora baş çəkəndə tikintinin icraçısı dedi ki, bu məscid öz tarixi və milli memarlıq üslubu ilə tamamilə fərqli olacaq. Çünki məscidin tikintisinin layihəsi prezident İlham Əliyev tərəfindən də razılıqla qarşılanmış və onun yüksək keyfiyyətlə tikilməsinə göstəriş verilmişdir.
Ümumiyyətlə, qısa zaman kəsiyində bu möhtəşəm məscid tikilərək istifadəyə verildi. Tək məscid deyil, məktəb, uşaq bağçası, xəstəxana, 200-dən çox 2,3,4 otaqlı mənzillər və bununla yanaşı, hər mənzil sahibinə 12 sot torpaq sahəsi verildi. Üstəlik də Cocuq Mərcanlıda bütün infrastruktur yüksək səviyyədə inşa edildi. Asfalt yol çəkildi, qaz, işıq, su xətləri istismara verilərək əhalinin istifadəsinə verildi. Təbii ki, bütün bunları qısa zamanda həyata keçirmək elə də asan deyildi. Çünki ölkə prezidenti cənab İlham Əliyev Cocuq Mərcanlıdakı bütün tikinti, abadlıq və yenidənqurma işlərini öz nəzarətində saxlayırdı. Və Cənab Prezident bura səfəri zamanı da bir daha qeyd etdi ki, işğaldan azad olunmuş və olunacaq bütün şəhərlərdə, kəndlərdə və qəsəbələrdə belə abadlıq işləri görüləcək.
Cocuq Mərcanlıya insanların bir müddətdən sonra köçü başladı. Uzun illər Vətən həsrəti, yurd dərdi çəkən yüzlərlə kənd sakini geriyə döndü. Onların sevincinin necə rahatlıqla və böyük sevgi ilə kəndə döndüklərinin biz şahidi olmuşuq. Biz əvvəllər tikinti gedən zaman düz üç dəfə Cocuq Mərcanlıda olduq. Onda kəndin bir neçə sakini gəlib burda gedən tikinti işləri ilə maraqlanırdılar. Hətta tozun-torpağın içində onlar özlərini çox rahat hiss edirdilər. Deyirdilər ki, Cocuq Mərcanlının tozu-torpağı da bizə bal kimi şirindi. O qədər kəndimizin xiffətini, dərdini, kədərini çəkmişik ki?!
Bu günlərdə yenə Cocuq Mərcanlıya baş çəkdik. Əvvəllər orda tanıdığımız və tanımadığımız insanlarla görüşdük. İnanın, o adamların çöhrəsinə baxanda insan düşünür ki, Vətənə qayıtmaq, ocağa dönmək necə böyük xoşbəxtlik imiş. Nəsir Əhməd oğlu Qəmbərov deyir ki, mən 2017-ci ildən bu kəndə qayıtmışam. Şükür Allaha, kəndimizdə hər cür şərait var - evimiz, eşiyimiz, xəstəxanamız, məktəbimiz və uşaq bağçamız. Biz indi heç bir şeydən çətinlik çəkmirik. Çünki Cənab Prezident İlham Əliyev bizim üçün burda hər cür şərait yaradıb.
Cocuq Mərcanlı: Dünyadan görünən kənd! Əvvəllər bu kəndi heç Azərbaycanda yaxşı tanımırdılar. Amma prezident İlham Əliyevin böyük Vətən sevgisi sayəsində bu kənd yenidən tikildi, quruldu və yenidən dünyaya tanındı. Sanki bu kənd bir cənnətə bənzəyir. Hər tərəfdə yaşıl ağaclar, güllər, çiçəklər adama gəl-gəl deyir. Burda hər güldən, çiçəkdən Cocuq Mərcanlının ətri hiss olunur və bu ətir dünyaya yayılır!..
Faiq QİSMƏTOĞLU
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.