adalet.az header logo
  • Bakı -°C
05 Oktyabr 2026 18:02
55
ƏDƏBİYYAT
A- A+

Çingizin Vətənə sevgi payı

Şəhid Çingiz Babayevin 25 yaşı tamam oldu

 Şanlı zəfərimizlə başa çatan 44 günlük  İkinci Qarabağ  müharibəsi  xalqımızın  Vətən, torpaq sevgisini, qürurunu bütün dünyaya bir daha bildirdi. Bu müharibədə  şirin canını qurban verib doğma Azərbaycanın  bütövlüyünü qovuşduran  dağ vüqarlı, polad biləkli igidimiz  Çingiz Sulduz oğlu Babayev 21 sentyabr 2001-ci ildə Lerik rayonunun Mistan kəndində anadan olmuşdur. Elin mərd  oğlu özünü dərk edən gündən  qəlbindəki Vətən sevgisi ümmanlara dönür.  Məhz buna görə də separatçı erməni dığaların müqəddəs yurd yerlərinin    zəbti onu çox narahat edirdi.  Və əsas amalı  Tanrının verdiyi ömrünü xalqı üçün yaşamaq olan Çingiz  düşməndən qisas alacağı günə hazırlaşır.

  Vətəninə, xalqına xidmət etməyi  özünə şərəf bilən Çingiz  2018-ci ildə orta məktəbi  başa vurub Bakı Biznes və Kooperasiya Kollecinə qəbul olur.  Dərslərini yaxşı oxuyur, saflığı, gözəl dünya naminə qurub-yaratmaq həvəsi ona hörmət gətirir.   Amma  vicdanı Çingizi ürəkdən sevdalandığı  Vətənə dayaq durmaq  üçün cəbhə xəttinə, düşməndən qisas almağa səsləyir .  Kollecin ikinci kursundan çıxıb,  həqiqi hərbi xidmətə  gedir. Azərbaycan Silahlı Qüvvələrinin tərkibində  Tərtər rayonunda  vurğun olduğu torpağını, daşını göz-bəbəyi kimi qoruyur. Vətənə sədaqəti, təlim-tərbiyəsi  əsgər yoldaşlarına bir qayda olaraq həmişə nümunə göstərilir, komandirlərində  ona qarşı böyük ehtiram yaradır, adı daim öndə çəkilir .  Həm də düşmənlə  haçansa üz-üzə  gəlib onu əzməkdən ötrü  bütün  təlimlərdə fəal olur, hərbi sirlərinə həvəslə yiyələnir. Sözün  qısası, Vətənə olan öz müqəddəs övladlıq borcunu yüksək səviyyədə yerinə yetirir.

Sentyabr ayının 27-də  başlayan və 44 gün davam edən  Vətən müharibəsinə Çingiz dığaların işğalında olan torpaqları azad etmək eşqi ilə  birinci qoşulur. Ağdərə, Tərtər və Suqovuşan istiqamətində gedən ağır döyüşlərdə ürəklə hücuma keçir, yüzlərlə erməni dığasını o dünyaya göndərir.  Düşmən igid əsgərin hünərini görüb  texnikalarını, silahlarını atıb qaçırlar. Beləcə  qəhrəmanlığı dillərdə dastan olan Çingiz 10 oktyabr 2020-ciil tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən şiddətli döyüşlərdə gözünü qırpmadan  19 yaşında sinəsini Vətənə sipər edir.  Bu müqəddəs ölüm onu  Azərbaycanın qürur  yerinə çevirir.  Dövlətimiz tərəfindən ölümündən sonra "Laçının azad olunmasına görə", "Vətən uğrunda" medallarına  layiq görülən igid əsgərin  adı dünya var  olduqca  ilahi bir sevgiyə dönüb millətin   yaddaşına   yazılır.

 Zəfər ORUCOĞLU, Azərbaycan  Jurnalistlər Birliyinin üzvü