Carəsizlik yoxsa Allaha qarşı üsyan? - XXI əsrin bəlası İNTİHAR
jpg-1614013464.jpg)
Bəşər tarixində aktual problem olan intihar hadisələri son bir ildə daha da artıb-çoxalıb. Elə bu səbəbdəndir ki, Dünya Psixiatriya Assosiasiyası XXI əsri "depressiya və intiharlar əsri" adlandırıb.
İntihar nədir, üsulları hansılardı?
Suisid latın sözü olub “sui” – özünü, “seadere” – öldürmək deməkdir. Suisid (intihar) bir qayda olaraq şüur yerindəykən özünü öldürməyə deyilir. Suisid (intihar) ümidsizlikdən, etiraz əlaməti kimi, şəxsi şərəf hissinin qorunması naminə, ağlın qarışması nəticəsində, ağrıya dözməmək üzündən və ya qisasdan qorxmaq üzündən baş verir. Statistikalara görə, dünyada hər 2 saniyədə bir insan intihara cəhd edir və hər 20 saniyədə bir insan intiharı gerçəkləşdirir. Dünyanın müxtəlif ölkələrində keçirilən sorğulara əsasən yeniyetmələr və gənclərin 80%-i periodik olaraq intihar haqqında fikirləşirlər. Bir sözlə, intihar, insanın öz istəyi ilə yaşamına son verməsidir.
Fransız psixoloqu Emil Dürkheym intihar hallarının artması ilə bağlı məsələlərə aydınlıq gətirir, bunun müxtəlif komponentlərini müəyyənləşdirib. Məsələ bundadır ki, onun da təcrübələri daha çox intihar hallarının baş verdiyi Avropa ölkələrində, xüsusilə, Macarıstanda və Skandinaviya ölkələrində aparılıb. Litvada hər yüz min nəfərdən 45-i, Rusiyada 40-ı, Qazaxıstanda 35-i, Macarıstanda 30-u, Latviya və Sloveniyada 28-i, Ukraynada isə 25-i intihar edərək, həyatlarına son verir. Zəhər içmək, odlu silahla özünə qəsd etmək və asmaq, yüksək mərtəbəli binadan özünü yerə tullamaq ən geniş yayılan intihar üsullarıdır.
İntiharların səbəbi nədir?
Mütəxəssislərin fikrincə, İntihar edən insanın keçmişi, uşaqlıq illəri araşdırıldığında çox problemin ordan qaynaqlandığı ortaya çıxır. Ata-anasız böyüyən uşaqlar, anasız böyüyən uşaqlar, sevgi qıtlığı çəkən uşaqlar, atasız böyüyən uşaqlar, güvən hissi çox zəif olan uşaqlarda intihar etmə riski daha yüksəkdir. Və yeniyetməlik dövrünə çatdığında bədənsəl və ruhsal dəyişikliklərin baş verdiyi bir mərhələdə ailənin ona qarşı yalnış davranışları intiharı alovlandırır. Məsələn həkim psixiatr Orxan Fərəcli mediaya açıqlamasında bildiribdir ki, intiharların həm psixoloji, həm sosioloji, həm də bioloji səbəbləri var: " Bioloji səbəblər bundan ibarətdir ki, insanın beyində serotenin maddəsinin azalması nəticəsində depressiv əlamətlər ortaya çıxır və bu da intiharı qaçılmaz edir Psixoloji səbəb ondan ibarətdir ki, bunlar "verter effekti"nin təsiridir. Hər gün verilən intihar xəbərləri öz təsirini göstərir və bir növ intiharlar adiləşir. Kişilərin intihara daha çox meylli olmağının səbəbi isə onların daha çox sosial problemlərinin olmasıdır. Maddi təminatın aşağı olması, ailədə özünü əksilmiş hiss etməsi intihar səbəblərindən biri ola bilər”.
Tibbi ekspert Adil Qeybullanın da fikrincə ölkədə sosial durumun ağır olması əhalini çıxılmaz vəziyyətə salır: "İnsan həyatda özünü reallaşdıra, faydalılıq əmsalını cəmiyyətə çatdıra bilməyəndə bir növ yükə çevrildiyini düşünür. Sonda intihar yolunu üstün tutur. Gənclər, əsasən məişət, sevgi zəminində baş verən konfliktlər nəticəsində intihara qərar verirlər".
Amma psixoloq Ramil Nəcəfli hesab edir ki, hazırda intiharların səbəbi təkcə-sosial iqtisadi problemlərdən qaynaqlanmır:"İnsanlar həyata köklənə bilmirlər, çarəsizlik və mənasızlıq duyğuları adamların çoxuna hakim kəsilib. Baxırsan ki, intihar edənlərin əksəriyyəti normal, sakit, həyatda sevilən, qanacaqlı və digər müsbət keyfiyyətləri ilə seçilənlərdir. Hətta bir çoxlarının işi-gücü, pulu da var, lakin yenə də intihar edir. Normal halda insan kəskin şəkildə melanxolik düşüncədə olanda, ümidsizlik, inamsızlıq hiss edəndə, həyatın mənasızlığını fikirləşəndə, adamlara qarşı duyduğu inam və etibarını tam itirəndə intihara meyl edir, özünə qəsd edir”.
Hər halda mütəxəssislərin fikirləri yüzlərlə intihar hadisəsinin araşdırılmasına görə verilən son qərardır. Hər bir mütəxəssis öz nəzəri təcrübəsinə dayanaraq daha çox rastlaşdığı durumları analiz edib qərar verir.
Azərbaycanda intiharlar
Son zamanlar bütün dünyada olmaqla Azərbaycanda da intihar hadisələri intensiv xarakter alıb. Yaşı cavanlaşmış intiharlar çoxluğu hər kəsdə təəssüf hiss doğurur.
Araşdırmamıza görə, Azərbaycanda 2019-cu il ərzində 585, 2020-ci ilin birinci yarım ili ərzində 292 intihar hadisəsi qeydə alınıb. Ötən illərdə eşitməyə adət etdiyimiz intihar səbəblərinin çoxunda bu kimi xəbərlərə daha tez-tez rastlaşdıq. “Gənc qız atıldığını bilib özünə qəsd etdi” “Universitetə girə bilməyən abutruyent çıxış yolun intiharda gördü”, “İşin itirən gənc oğlan özünü asaraq intihar etdi”, “Ailəsinə baxa bilməyən ata özünü yandırdı”,
İntiharlar yeni ildən başlayaraq geniş vüsət almaqda davam edir. Yalnızca ötən 2 ay ərzində təxminən 16 intihar hadisəsi baş verib. Onların içərisində icra hakimiyyətinin işçisindən tutmuş, hərbi qulluqçular, evdar qadınlar, müəllimə, işsiz kişilər var və çox təəssüf ki, onların çoxu 50 dən aşağa yaş qrupuna aiddirlər.
Hətta Bakıda 4 və 2 yaşlı oğlanlarını yaşadıqları evin eyvanından yerə atan və onların ardınca isə özü də tullayan evdar qadının, Salyan rayonun Babazənan kənd sakini, Məzahim Qurbanovun qızı Rəvanə Qurbanovanı odlu silahla atəş açaraq qətlə yetirib , daha sonra özünü də odlu silahla öldürməsi bu ilin ən qandondurcu intiharları hesab olunur.
Ötən gün baş vermiş intihar hadisəsi isə hər kəsi ikiqat məyus etdi: DİN xüsusi təyinatlı dəstəsinin komandiri, 1989-cu il təvəllüdlü kapitan Məmmədov Alim Nazim oğlu noyabrın 30-da Quba rayonunda ürəyindən tapança ilə atəş açaraq özünü öldürüb.
Məlumata görə, A.Məmmədov evli olsa da, 10 ilə yaxındır ki, övladı olmurmuş. Yanvarın 28-də ilk övladı dünyaya gəlib. A. Məmmədovun cənazəsi bu gün Qubadan Sumqayıta gətirilərək dəfn edilib. Qeyd edək ki, XTD üzvü Alim Məmmədov Vətən Müharibəsində iştirak edərək qəhrəmancasına döyüşüb. Bundan əlavə məlumata görə, hələ ilin əvvəlində - yanvar ayında iki hərbiçimiz: Vüsal Musayev və Yunis Mənsurov müharibədə aldıqları psixoloji sarsıntılardan təsirlənərək intihar etdilər. Bir sözlə, yeni ilin gəlişi cəmiyyəti ağrıdacaq intiharları özü ilə gətirdi.
Cəmiyyətimizin fərdi bir üzvü olaraq hesab edirəm ki, Azərbaycanda intiharların artmasında məmur özbaşnalığının da rolu var. Son 2 aya yaxındır, Qaradağ rayonunda 18 şəhidin qəbirinin uyğunsuz yerdə dəfn edilməsi, şəhid yaxınlarının etirazı, problemə əlaqədar təşkilat və məsul şəxslərin laqeyd münasibəti nəinki şəhidlərin yaxınlarında, eləcə də cəmiyyətdə bir depresiya havası yaratdı. Müharibənin yenicə bitdiyi bir ölkədə belə həssas mövzuların müzakirəsi heç də xoşa gələn deyil. Nə psixoloji cəhətdən, nə də strateji cəhətdən...
Dində intiharlarla bağlı hədislər
Zənnimizcə, həyatın mürəkkəb dönəmlərdən keçdiyini, gələcəyə gedən yolun heç də hamar olmadığını düşünən normal insanlar baş verən çatışmazlıq və çətinliklər zamanı depressiyaya düşməyə də bilərlər. Məsələn düşdüyün ağır durumdan çıxış yolu taparaq çıxmaq və durumla razılaşmaq əsas variant olmalıdır. Tutaq ki, tamamilə müflis olmuş imkanlı bir şəxs yenidən həyata sarılaraq itirdiklərini geri qaytarmalı, yaxudda, düşdüyü durumla razılaşaraq adi və sadə həyatına davam etməlidir.
Dindarların fikrincə, çətinliklərə sinə gərmək, iztiraba, kədərə səbir etmək, şərait nə qədər ağır olsa da, Allaha inamı itirməmək müsəlmanın xarakter və prinsipi olmalıdır. Üstəlik, bu yolda göstərilən səbri, aparılan mübarizəni Allah qatında böyük mükafatlar gözləyir. Allah-Təala başımıza gələn bəla və müsibətlərin, problemlərin imtahan olduğunu dəfələrlə xatırladır və insanları səbrə, mətanətə səsləyir: “Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbir edən şəxslərə müjdə ver!”
Mütəxəssisləronu da qeyd edirlər ki, bəlkə də elə bu səbəbdən əksər islam ölkələrində intiharın sayı ümumi statiskalara nəzərən çox aşağıdır.
Peyğəmbərimiz də hədislərində intiharı qadağan edir. Bu hədis¬lərdə intiharın bağışlanmaz dərəcədə böyük günah olması həqiqəti çatdırılır. İnsan hansı üsulla intihar edirsə, Cəhənnəmdə sonsuzadək həmin üsulla cəzalandırılır. Əbu Hüreyrə (r.a.) Allah Rəsulunun (s.a.s.) belə buyurduğunu nəql edir:
“Kim özünü dağdan atıb intihar edərsə, Cəhənnəmlik olar. Orada əbədi olaraq özünü dağdan atmaqla cəzalandırılar. Kim zəhər içib intihar edərsə, Cəhənnəm odunun içində əlində zəhər tutub onu əbədi içər. Kim də özünə bir dəmir (bıçaq, qılınc) saplamaqla intihar edərsə, Cəhənnəmdə əbədi olaraq o dəmiri qarnına soxar”
Yəqin ki, bu ayələr vasitəsilə insanları qorxudaraq intihardan uzaqdırılaşması nəzərdə tutulmuşdu. Öz dininə sadiq olanlar və inamı böyük olanlar mütləq bir xilas yolu tapacaqlarına əminik!
Allah Azərbaycan xalqına səbr versin! Allah Azərbaycan xalqının təhlükəli imtahanlardan qorusun! Gözəl məmləkətimin gözəl insanları, xahiş edirəm, intiharı düşünməyin!Ölməyin!
Əntiqə Rəşid