28 Noyabr 2023 19:18
3295
AVTOMABİL

Bu prospektlərin kəsişməsində avtobusların hərəkəti dəyişdirildi

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən ictimai nəqliyyatın rahat və maneəsiz hərəkətini təmin etmək məqsədilə yol infrastrukturu və nəqliyyat axını təhlil edilir, nəticələrə uyğun olaraq infrastruktur layihələri hazırlanır və icra olunur.

AYNA-dan Adalet.az-a bildirilib ki, bu istiqamətdə növbəti layihə Əhməd Rəcəbli küçəsi ilə Ziya Bünyadov prospektinin kəsişdiyi ərazini əhatə edir.

Sözügedən ərazidə infrastrukturun yenidən təşkili ilə bağlı işlər artıq yekunlaşıb. Bu gündən ictimai nəqliyyat yeni hərəkət sxemi üzrə fəaliyyət göstərir. Həyata keçirilən kompleks işlər çərçivəsində:

-ayırıcı zolaq ləğv edilərək işıqforla nizamlanan yolayrıcı təşkil edilib;

-qeyd edilən yolayrıcından avtobusların Ziya Bünyadov prospekti ilə Atatürk prospekti istiqamətində hərəkətinə icazə verilib;

-əlilliyi olan şəxslər üçün panduslarla təchiz edilən piyada keçidləri təşkil olunub;

-yeni işıqforlar və yol nişanları quraşdırılıb, nişanlanma xətləri çəkilib;

-avtobusların hərəkət marşrutuna uyğun olaraq yeni dayanacaq məntəqələri quraşdırılıb.

“Nəriman Nərimanov” metro stansiyası və Atatürk prospekti istiqamətinə hərəkət etmək üçün əvvəllər geridönməni Əhməd Rəcəbli küçəsində həyata keçirən 7A, 7B, 11 və 93 nömrəli avtobuslar hazırda düzünə gedərək və sola geridönüşü bilavasitə yol kəsişməsində reallaşdıracaqlar.

Həyata keçirilən dəyişikliklər nəticəsində yuxarıda qeyd edilən marşrutlar üzrə hərəkət edən avtobusların yürüş məsafəsi 1.3 km qədər qısalıb ki, bu da onların hərəkətdə olma müddətini azı 5-7 dəqiqə azaldacaq. Gündəlik bu marşrutlardan istifadə edən 50 minə yaxın sərnişin hərəkətin yenidən təşkilində müsbət dəyişiklikləri hiss edəcək və yola sərf olunan vaxta qənaət edə biləcək.

“Dəyişikliklər yalnız müntəzəm sərnişindaşıma xidmətləri göstərən nəqliyyat vasitələrinə aid edilir. Buna görə də, şəxsi nəqliyyat vasitələrini idarə edən sürücülərdən yol nişanlarının tələblərinə riayət etmələrini xahiş edirik”, - deyə məlumatda bildirilir.