Bu hadisədən sonra bir daha filmə çəkilmədi
Məşhur Azərbaycan filmi “Əhməd Haradadır” 1963-cü ildə ərsəyə gəlib. Filmin yaddaqalan obrazlarından biri də Ceyran rolunu ifa edən Gürcüstan SSR xalq artisti Nona Paçuaşvili idi. Bu filmin çəkilişləri zamanı ən böyük faciəni də məhz bu aktrisa yaşayır.
Yəni təzə ailə qurduğu gənc həyat yoldaşı, nazir oğlu Tamazini İnturist mehmanxanasında elə aktrisanın gözü önündə tok vurur və ölür. Həmin vaxt gənc qadın dörd aylıq hamilə imiş. Lakin işini yarımçıq qoymayan xanım, filmə çəkilməyə davam edir.
Sonradan bir oğlu olan aktrisa oğlunun adını Tamazi qoyur. Uzun illər Bakıya gəlməyən Nona Paçuaşvili teatrlarda rol alsa da, bir daha kinoya çəkilmir.Yəni “Əhməd haradadır” filmi aktrisanın çəkildiyi ilk və son film olur.
Nona Paçuaşvili sonralar öz müsahibələrində deyirdi:
“Məni bu rola dəvət edəndə həyat yoldaşım Tamazi ilə yeni evlənmişdik. Həm zahirən, həm də daxilən çox gözəl insan idi. Mən institutun 3-cü, o isə 5-ci kursunda oxuyurdu. Filmin çəkilişləri vaxtı Tamazi məni görmək üçün Bakıya gəldi. Mehmanxanada səs valları ilə işləyən vaxtı mikrofonun düyməsini basanda qəfildən onu elektrik cərəyanı vurdu. Yoldaşım gözümün qarşısında canını tapşırdı. Onda mən hamiləliyimin dördüncü ayını yaşayırdım. Çəkilişlərdən imtina eləmək istəyirdim, çünki çox ağlayırdım. Amma elə o vəziyyətdə də işimi davam etdirdim. Sonra oğlum dünyaya gəldi, adını elə atasının şərəfinə Tamazi qoydum”.
Aktrisa “Əhməd haradadır” filminə ilk dəfə filmin 40 illiyində, Bakıda baxır. Yəni 40 il sonra!
Ömrü boyu Rustaveli teatrının akrtisası çalışan 81 yaşlı N. Paçuaşvili ailəsi ilə Birlikdə Tiflisdə yaşayır.
Əntiqə Kərimzadə