adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
04 May 2017 18:17
12744
ELM VƏ TƏHSİL

Bu abituriyentlər üçün növbəti şans

Dövlət İmtahan Mərkəzi ali məktəblərə və kolleclərə elektron ərizə qəbulunda iştirak etməyən və ərizə düzəlişlər etmək istəyən abituriyentlərə müraciət edib.

Mərkəzdən Adalet.az-a bildirilib ki, abituriyentlərin çoxsaylı müraciətləri və ali təhsil müəssisələrinin I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarının bu ildən etibarən iki dəfə keçirilməsini nəzərə alınaraq 4-22 may tarixlərində bəzi kateqoriyadan olan abituriyentlər üçün elektron ərizə qəbulu sistemi yenidən aktiv olacaq.

Əvvəlcədən elan olunduğu kimi elektron ərizələrində ali təhsil müəssisələrinin I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının birincisində iştirak etmək istədiyini qeyd etmiş abituriyentlər ikinci imtahanda da iştirak etmək istədikləri halda qeyd olunan tarixlərdə qeydiyyatdan keçməlidirlər.

Təsdiq olunmuş elektron ərizələrində ali təhsil müəssisələrinin I-IV, V ixtisas qruplarına və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) aid üç bənddən birini və ya ikisini seçən abituriyentlərə digər bənd(lər)i də seçməyə icazə veriləcək.

16 mart – 11 aprel tarixlərində elektron ərizə qəbulunda iştirak etməyən abituriyentlər isə (həm cari, həm də əvvəlki illərin məzunları) ərizələrini doldurub təsdiq etməklə (və ya DİM və onun regional bölmələrində yaradılacaq SQK-da təsdiq etdirməklə) ali təhsil müəssisələrinin I-IV (yalnız ikinci imtahanda iştirak etmək şərtilə), V ixtisas qrupları və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ərizə təqdim edə biləcəklər.

I və II kateqoriyaya aid olan abituriyentlər ikinci qəbul imtahanında iştirak etmək və ya elektron ərizələrinə əlavə qeydlər etmək üçün əvvəlki elektron ərizələrinə daxil olmalıdırlar.

Ərizə qəbulunda iştirak etməyən abituriyentlər isə DİM-in saytında şəxsi kabinet yaratdıqdan sonra "Abituriyentin elektron ərizəsi” formasını doldurub təsdiq etməlidirlər. Elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarında təsdiq etdirməli olan abituryentlər isə tələb olunan sənədlərlə birlikdə DİM və ya onun Regional Bölmələrinə müraciət etməlidirlər.