“Böyük Qayıdış”ın sosial-psixoloji aspektləri Türkiyə mediasında

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planına uyğun olaraq, geri dönən əhalinin yeni yaşayış şəraitinə adaptasiya olunması üçün ardıcıl reinteqrasiya, psixo-sosial reabilitasiya tədbirləri həyata keçirilir.
Bu fikri sosial elmlər üzrə təhsil almış azərbaycanlı uzman klinik-psixoloq Fəxriyyə Nəsirzadə Türkiyə Cümhuriyyətinin “LiderHaber” televiziya kanalında canlı yayınlanan “Səbəb? Sonuc?” verilişində müstəqil ekspert qismində qonaq olarkən səsləndirib. O, uzun illər ərzində psixoloji sarsıntılara məruz qalan keçmiş məcburi köçkünlərin, xüsusilə də qadın və uşaqların reabilitasiyasına Azərbaycan dövlətinin dəstək göstərdiyini qeyd edib, özünün də bu istiqamətdə həyata keçirilən layihələrdəki moderatorluq fəaliyyəti barədə danışıb.
Fəxriyyə xanım müxtəlif sahələr üzrə mütəxəssislərin iştirakı ilə iki saat davam edən verilişdə, həmçinin, artıq keçmişdə qalan Azərbaycan-Ermənistan münaqişəsinin soydaşlarımıza göstərdiyi ağır mənəvi-psixoloji təsirlərdən, stress, depressiya, travmasonrası stress pozğunluğundan, eləcə də dünyada davam etməkdə olan münaqişələrin insanların həyatında buraxdığı izlərdən söhbət açıb.
Cəmiyyətimizin aparıcı qüvvəsi hesab olunan belə intellektual, savadlı gənclərin geniş auditoriya qarşısında elmi-nəzəri və praktiki cəhətdən əsaslandırılmış çıxışları uzun illər müharibədən əziyyət çəkmiş keçmiş məcburi köçkünlərin üzləşdikləri maddi, mənəvi və psixoloji problemlər, həmçinin hazırda onların öz doğma yurdlarına geri qayıdışı istiqamətində ölkəmizdə həyata keçirilən kompleks tədbirlər barədə dəqiq məlumatların dünya ictimaiyyətinə çatdırılması işinə öz töhfəsini verir.
Qeyd edək ki, Fəxriyyə Vüqar qızı Nəsirzadə klinik psixoloq, təlimçi və psixoloji məsləhətçi kimi fərqli sahələrdə geniş təcrübəyə malikdir. Hal-hazırda “Avita” şirkətində klinik psixoloq və təlimçi kimi fəaliyyət göstərir. Peşəkar fəaliyyəti boyunca klinik psixologiya, idman psixologiyası, təhsil psixologiyası və insan resursları sahələrində çalışaraq fərqli yaş qrupları və təşkilatlarla uğurlu iş aparıb. Bilişsel Davranışçı Terapiya (BDT), Psixodinamik Terapiya, Şema Terapiya, Mindfulness əsaslı yanaşmalar və Yas və Kriz Terapiyası sahələrində ixtisaslaşıb.
Xəzər Universitetində bakalavr, Beykent Universitetində (Türkiyə) magistratura təhsilini fərqlənmə diplomu ilə tamamlayıb. Hazırda Aydın Universitetində (Türkiyə) klinik psixologiya üzrə doktorantura təhsilini davam etdirir. Türk, ingilis və rus dillərində sərbəst ünsiyyət qurmaq bacarığına malikdir.
Digər Xəbərlər

Ötən il qızılca və suçiçəyinə yoluxanların sayı açıqlandı

Şuşada V Türk Dünyası Ortopedik və Travmatoloji Konqres keçiriləcək

Yetkinlik yaşına çatmayan 72 nəfərin abortu qeydə alınıb
