Böyük müharibələrdən ABŞ qazanclı çıxır… - Səxavət Məmməd yazır

Rusiya-Ukrayna müharibəsinin yekunlaşması üçün addımlar atıldığı bir zamanda bəlkə də münaqişə ən ağır dönəminə keçmiş oldu. Ukrayna kəşfiyyatının keçirdiyi “Hörümçək toru” əməliyyatı Rusiya kimi bir dövlətə ağır zərər verdi. Rusiya 40-a yaxın strateji bombardmançı təyyarəsini itirmiş oldu. Bu qədər zərər Rusiyanın gücündən güc almış olsa da, müharibənin gedişinə ciddi təsir edəcək amil sayıla bilməz.
Ukraynanın həyata keçirdiyi bu əməliyyat cəbhədən daha çox Rusiya daxilinə hesablanmış sayıla bilər. 18 ay davam edən planlamadan xəbər tutmayan Rusiya xüsusi xidmət orqanları, o aerodromların mühafizəsini təşkil edənlər, o təyyarələri anqarlardan çıxaranlar zərbə altında qaldı. Ümumilikdə ölkənin 4 aerodromunda əməliyyat keçirilir və bundan hüquq mühafizə orqanları xəbər tutmur. Burada Ukrayna tərəfinin nə qədər qüsursuz iş gördüyünü desək də, Rusiya hüquq mühafizə orqanlarının o qədər vecsiz olduğunu deməkdə fayda var.
Tərəflər bir-birilərinə ağır zərbələr endirir. Ruslar təlim məntəqəsini vurduqdan sonra Ukrayna quru qoşunları komandanı istefa verdiyini elan etdi. “Hörümçək toru” əməliyyatından sonra isə Rusiyada casus ovuna çıxıldı. Rusiya hüquq mühafizə orqanları ölkəni didik-didik axtarır. Hesab edirəm ki, hətta daxildən Ukraynaya yardım edilməsi məsələsi də ciddi araşdırılacaq. Çünki bu genişlikdəki əməliyyatda daxildən dəstəyin alınmaması inandırıcı olmaz.
Rusiyanın Ukraynaya ağır zərbələr endirəcəyi gözlənilən idi. Ona görə də, rusların iki gündür endirdiyi raket zərbələrində qeyri-adi bir şey yoxdur. Ukraynanın keçirdiyi əməliyyat nə qədər uğurlu alınsa da, bu bir qarış belə torpağı işğaldan azad etmədi. Əksinə, ruslar Donetskdə Nitrius çayını keçdi. Sahədə ordu daha çox irəliləməyə başladı.
İddia edilir ki, bu əməliyyatın ikinci İstanbul görüşündən bir gün əvvəl baş verməsi masada Ukraynanın əlini gücləndirmək üçün nəzərdə tutulub. Rusiya dərinliklərində dron hücumu ilə konkret olaraq strateji bombardmançıların məhv edilməsi bir tərəfin əlini necə gücləndirə bilər? Kursk Ukraynanın əlini gücləndirə bilmədisə, strateji bombardmançıların məhvi heç gücləndirə bilməz.
“Hörümçək toru” əməliyyatını Pörl Harbora hücum əməliyyatı ilə müqayisə edilir. Nə mahiyyətcə, nə də oxşarlıqca bu iki əməliyyatın bir-biri ilə qətiyyən bənzərliyi yoxdur. İnanmayanlar gedib Pörl Harbora hücum əməliyyatı haqqında oxusunlar, onda niyə belə yazdığımı anlayacaqlar. Ukraynanın həyata keçirdiyi bu əməliyyatın oxşarları saysız-hesabsızdır. Real müqayisə bu əməliyyatı kölgəyə salacaq deyə, aparmamaq ən doğrusudur.
Rusiya faktiki olaraq adına xüsusi hərbi əməliyyat qoyaraq Ukrayna torpaqlarını işğal edir. Ukrayna tərəfi isə maksimum buna cavab verməyə çalışır. Açıq şəkildə görünür ki, Ukrayna tərəfi sahədə Rusiya ordusunun qarşısını almaqda çətinlik çəkir. Ona görə də keçirdiyi əməliyyatları cəbhədə yox, daha çox Rusiya daxilində etməyə cəhdlər edir. Bununla nəticə almaq olar, olmaz mübahisəli məsələdir. Misal üçün Kursk əməliyyatı gözlənilən nəticə vermədi. “Hörümçək toru”nun da ciddi nəticə verəcəyini düşünmürəm.
Rusiya hansı addımları ata bilər? Misal üçün raket hücumları gözlənilən idi. Daha başqa hansı addımlar ata bilər? Rusiya da fərqindədir ki, bu cür, sürünən müharibə ilə nəticə əldə etmək mümkün deyil. Ona görə də Rusiya Ukrayna müharibəsini yekunlaşdırmaq üçün total müharibəyə girişmək məcburiyyətindədir. Rusiyanın daha böyük müharibəyə hazırlaşması barədə ciddi informasiyalar mövcuddur. Rusiyanın Ukrayna müharibəsini bitirmədən hansısa ciddi müharibəyə hazırlaşması və yaxud başlaması qeyri-realdır.
Bundan əlavə, Rusiya da fərqinə vardı ki, sülh danışıqları, İstanbul görüşləri sadəcə olaraq müharibənin vaxtını uzatmaqdan başqa bir şeyə yaramır. Böyük Britaniya, Almaniya açıq şəkildə müdafiə qabiliyyətlərini artırmaq üçün addımlar atır. Görünən odur ki, əgər böyük müharibə başlayacaqsa, yenə də Avropa əsas savaş meydanına çevriləcək. Bundan əlavə, ruslar artıq açıq şəkildə deyirlər ki, Ukrayna müharibəsini uzandıqca, Rusiya dünyadakı digər proseslərdən uzaq qalır. ABŞ açıq şəkildə Avropanı müharibə meydanına çevirir. Avropanın, elə Rusiyanın da ən böyük səhvi bu münaqişələri Amerika qitəsinə daşıya bilməməsidir. Ona görə də bütün böyük müharibələrdən ABŞ qazanclı çıxır və çıxacaq da…
İllər əvvəl dünyanın istənilən bir yerində, hətta məhəlləmizdə “vzırpaket” partlayanda bunu İŞİD öz üzərinə götürürdü. İndi də azərbaycanlılarla ermənilər hər partlayışda bir-birinin izini axtarırlar. “Hörümçək toru”nu keçirən ölkə bəlli, keçirilən ölkə bəlli, düz edən bəlli, səhvlər edən bəlli, ancaq sözügedən iki ölkənin mediası bir-birini ittiham edir. Sanki hər iki ölkədə bəzi qruplar “qarğa məndə qoz var” deyir.
Digər Xəbərlər

MDB iclasında Şərqi Zəngəzur və Qarabağın enerji potensialı barədə məlumat verilib

Əli Əsədov MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edib

Sahibə Qafarova Numan Kurtulmuşu TƏBRİK ETDİ

Azərbaycan enerji diplomatiyasında qlobal gücə çevrilir

Ölkədə yaşanan siyasi həmrəyliyin təcəssümü

13 azərbaycanlı Suriyadan Vətənə gətirildi - RƏSMİ

Azərbaycan və Monteneqro arasında konsulluq məsləhətləşmələri keçirilib
