adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
06 Mart 2023 16:13
525
ƏDƏBİYYAT

Biz anlamırıq ki... - Arzu Əsəd yazır

İş elə gətirib ki, Arazın bu tayında müasir müstəqil Azərbaycan dövləti ərazisində tarixin gedişi nəticəsində şəriət dövləti yaradılmayıb. Bu, tarixin, taleyin, Allahın bizə bir lütfü olub. Lakin biz "bir nemət insanın əlində olduqda onun qədrini bilmir" hikmətinə müvafiq olaraq dünyəviliyin, sekulyarlığın nə qədər böyük nemət olduğunun fərqinə varmırıq.

Biz anlamırıq ki, şər özünü həmişə şər libasında göstərmir, o çox zaman xeyir libasına bürünür, canavar quzu cildinə girir. Mən özünü dinə həsr etmiş insanlarımızı başa düşürəm, onların düşüncə və əqidələrinə hörmət edirəm, dərdlərinə şərik çıxıram. Lakin bu gün Azərbaycan ictimai şüurunun keşiyində durmalı, inkişafını təmin etməli olan Azərbaycan ziyalısı adı daşıyan bəzilərinin mövqeyini başa düşmürəm.

Nə qədər ağıla ziyanlı mövqelərin şahidi oluruq. Dinin şəxsi həyatda da, ictimai həyatda da konkret sərhədlənmiş mövqeyi olmalıdır. Cəmiyyət həyatı istisnasız olaraq rasional - ağlın çərçivəsində qurulmalıdır. Ağlı aşan irrasional meyllər cəmiyyəti fəlakətə sürükləyir. Biz hansı coğrafi ərazidə və necə bir məkrli düşmənlə qonşu olduğumuzu bir an belə olsun unutmamalıyıq.

Bu nə pessimizm, çarəsizlik, yazıqlıq aşılamaqdır cəmiyyətə? Hətta bir ziyalımız yazır ki, görün Hacının ölümündən sonra Azərbycanı nə müsibətlər gözləyir. Bu nə fəlakət dəllallığıdır? Bu nə təfəkkür böhranıdır? Bir dindarın dünyanın faniliyi, axirətin gözəlliyi haqqında moizələrini anlamaq olar. Amma bir ziyalının bu irrasional düşüncələrə qoşulub bu xalqın mənəviyyatını, idrakını heçliyə sürükləməyə haqqı yoxdur. Ziyalı xalqın bu dünyasını qorumalıdır. Ziyalının yüksək siyasi düşüncəsi, siyasi ayıqlığı olmalıdır. Ziyalı hər hadisənin, hər əməlin, hər faktın arxasında onun əsas motivlərini görməlidir.

Ziyalı ictimai hadisələri şərh edərkən öz subyektiv istək və meyllərini ona qarışdırmamalıdır, hadisələrə öz eqosunun dar pəncərəsindən baxmamalıdır. Qonşu İran islam inqilabının tarixinə bir də nəzər salın. Əsas səbəblərdən biri də ziyalıların ayıq-sayıqlıqlarını itirmələri oldu. Axirət və cənnət qoxuyan dini moizələrə uyaraq yarım əsrə yaxındır ki, bu dünyalarını cəhənnəmə çeviriblər. Orta əsrlərin messianizm dövrünə qayıtmaq, insanlarda Allahın təcəllasını, kəramət nümunələrini axtarmaq yox, insan hüquq və haqlarının hökm sürdüyü vətəndaş cəmiyyətini,sosial dövlət quruculuğunu inkişaf etdirməliyik.

Zaman iki üzü də kəsən iti bir bıçaqdır. Gələcəyimizi keçmişə istiqamətləndirərək başımızı bu iti bıçağın altına qoymamağa ağlımız çatmalıdır.