19 Aprel 2022 12:01
1430
MƏMLƏKƏT

Bir göz qırpımında ötən 28 il…: Şəhid leytenant Elşad Həmidovun anım günü

Qərinələr ötür, illər, nəsillər bir-birini əvəz edir. Adət- ənənələr dəyişir, insanlar doğulur, böyüyür, gəncləşir qocalır... Bir sözlə gözümüzə görünə biləcək hər şey dəyişimə məhkumdur. Yalnız dəyişməyən yeganə bir məfhum var VƏTƏN və vətən uğrunda canını qurban verən ŞƏHİD!

Bəli, vətənə sipər olan igid oğullar heç vaxt unudulmurlar, yaddan çıxmırlar. Ərəb yadellilərinə qarşı 20 il döyüşmüş, sonunda şəhid olmuş Babək unuduldumu? Qubalı Fətəli Xan, Cavad xan, Həzi Aslanov, Gəray Əsədov, Hüseybala Əiliyev, Əhmədiyyə Cəbrayılov, Mehdi Mixaylo daha sonra Allahverdi Bağırov, Şirin Mirzəyev, Canpolad Rzayev, Vəzir Orucov, Fred Asif və yurdumuzdan heç vaxt bitib – tükənməyən minlərlə igidlər...Azərbaycan müstəqillik qazandıqdan sonra yurdumuz yenə işğalçıların hədəfinə gəldi. Yenə də igidlərimiz sinələri ilə yadellilərin qarşısına sipər oldular. I Qarabağ döyüşləri sübut etdi ki, nə qədər ki, bu yurd var, bu yurdun igidləri də, VƏTƏN imtahanından üzüağ çıxan oğulları da, şəhidləri də olacaq!

O igidlərdən, VƏTƏN imtahanında göylərə çəkilmiş şəhidlərdən biri də Elşad Qoşqar oğlu Həmidovdur !

Adalet.az xəbər verir ki, Elşad 1974-cü ilin dekabr ayının 8-də indi Ermənistan deyilən amma vaxtıilə Azərbaycanın qərb bölgəsi sayılan Qərbi Azərbaycanın Basarkeçər rayonunun Əzizbəyli kəndində gözünü dünyaya açdı. Ailəsinə, el-obasına, xalqına qarşı bu bölgərədə haqsızlıq gördü. Dünya da bunu görürdü. Azərbaycanlı işçilər iş yerlərinə, uşaqları isə məktəbə buraxılmır, dükan-bazarda azərbaycanlılara ərzaq və sairə satılmır, azərbaycanlıların işığı, telefonu, suyu, qazı kəsilir, onların həyat şəraiti dözülməz vəziyyətə gətirilirdi. Bu, əsl mənəvi, psixoloyi terror idi ki, tez-tez fiziki terrorla da əvəz olunurdu.

Günahsız xalqa yaşadılan haqsızlıq, ölüm, işgəncə, terror...

Çox vaxt ermənilər azərbaycanlı evlərinə əvvəlcə cüzi qiymət qoyur, sonra hədə-qorxu gəlir, bir şey çıxmayanda ev-eşiyini dağıdır, od vurub yandırırdılar. Beləcə rayonların azərbaycanlı kənd və məhəllələri ev-ev boşaldılır, erməniləşdirilirdi. Xüsusilə ermənilərin qat-qat çoxluq təşkil etdiyi kəndlərdə azərbaycanlıların vəziyyəti dözülməz idi. Adamlar səhərə qədər bel, yaba, balta və s. ilə silahlanır, tonqal yandırıb küçələrdə keşik çəkirdilər. Lakin noyabrın sonlarında ermənilər bütün Ermənistan üzrə azərbaycanlı kəndlərinin üzərinə qəti hücuma keçdilər. Bir həftənin içərisində bütün azərbaycanlı kəndləri boşaldıldı, mal-mülkləri əllərindən alındı, ələ keçənlər qətlə yetirildilər. Azərbaycanlılarayaqyalın, başıaçıq, qışın şaxtasında, qarında dağlara, meşələrə üz tutdular. Ölən öldü, donan dondu, ürəyi partlayanlar, ağlını itirənlər oldu… Bu, heç bir insanlıq qanununa sığmayan bir müsibət idi. Bu, tarix boyu qul olaraq yaşamış ermənilərin bütün insanlıqdan intiqam alması idi.

Əzablı yolların yolçusu : Həmidovlar ailəsi

Elşadgilin ailəsi də 1988-ci ildə Ermənistandan məcburi çıxarıldı. Həmidovlar ailəsi əvvəl Qax rayonunun Zəyəm kəndində məskunlaşdılar. Elşad orada 10-cu sinfin üçüncü rübünə qədər oxudu. Sonra onlar Bakıya köçərək 9 a mkr. Mir Cəlal küçəsi, bina 53, mənzil 14 ünvanında yerləşdilər. Elşadtəhsilini 267 №–li məktəbdə davam etdirmyə başladı. Taleyə bax, 1990-cı ilin yanvarında onuncu sinfinə qəbul edilən Elşadın Bakıda ilk qarşılaşdığı hadisə də onun xalqına qarşı haqsızlıq, ədalətsizlik, vəhşilik əməlləri oldu. Elə o yanvarda yadelli işğalçılar- sovetin azğınlaşmış hərbçiləri günahsız xalqını qanına qəltan edirdi. Bu haqsızlığa dözə bilməsə də, səbr etməyi, dərsinə, təhsilinə möhkəm sarılmağa çalışdı. Məktəbliydi. Onsuzda dərslərindən əla qiymətlər almaqdan başqa dişinə qədər silahlanmış hərbiçilərə heç nə edə bilməyəcəkdi.

1991-ci ildə on birinci sinfi bitirdi. Oxuduğu müddətdə öz təmkini , sakitliyi və müstəqilliyi ilə həmyaşıdlarından fərqlənən gələcəyin qəhrəmanı elə həmin il, Krım şəhərində hərbi məktəbə qəbul olundu. O , ikinci kursu başa vurduqdan sonra Bakıya qayıdı . Yurdundan cəlayi-vətən olmuş Həmidovlar ailəsi Bakıda da qərar tuta bilməyib təbiəti az da olsaBasarkeçərə bənzəyən Göygöl rayonuna köçürlər.

Yenə də xalqına, dövlətinə qarşı haqsızlıq, ədalətsizlik hök sürürdü. Azərbaycanın dilbər guşəsi olan Qarabağ alovlar içərisində yanırdı. Günahsız soydaşları: qadınlar, uşaqlar, qocalar erməni terrorçuları tərəfindən vəhşicəsinə, kütləvi şəkildə məhv edilirdi. Lap Qərbi Azərbaycandakı kimi, lap Bakıdakı kimi...Əsrin faciəsi Xocalı onu qisasa səsləyirdi. Burda - Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində təhsilini davam etdirdi. Ölkədə müharibə şəraiti hökm sürdüyü üçün ona vaxtından əvvəl diplom verdilər. Sonra Türk hərbiçiləri ilə təlim keçən Elşad leytenant rütbəsi də aldı.

Xalqın qəlbində əbədi məskən quran zabir Elşad...

Elşad Həmidov Ağdam bölgəsinə hərbi xidmətə göndərilir, qəlbində düşmənə nifrət Qarabağ uğrunda döyüşlərə atılır. O, tək qarşıdakı düşmənə qarşı döyüşmür, dünyanın gözü qarşısında baş verən haqsızlığa, ədalətsizliyə üsyanla dava edirdi!, Qarabağın çöllərinə-düzlərinə səpələnmiş, minbir işgəncəyə məruz qalmış çansız bədənlər, günahsız insanlar uğrunda savaş aparırdı. O qədər nifrətlə, o qədər özünü unudaraq döyüşürdü ki, ağlına da gəlmirdi ki, qəfil namərd düşmənin gülləsinə tuş gələr.

Elşad Ağdam rayonunun Güllücə sovetliyinin Suma Tağıbəyli kəndləri uğrunda döyüşərkən, xidməti borcunu əsl zabit kimi layiqincə yerinə yetirərkən bir spayper gülləsinin onun arzularına nöqtə qoyacağına da inanmırdı. İgidimiz 1994-cü ilin aprel ayının 18 –də qəhramanlıqla həlak olur, 21-də isə Göygöl rayonunda dəfn olunur.Yeri gəlmişkən, Elşad Həmidov subay idi.

Elə həmin ili Həmidov Elşadın adı Bakı Şəhəri Xalq Deputatlartı Sovetinin Rəsayət heyətinin 10/ 107 saylı 23.09.1994 – cü il tarixli qərarına əsasən 267 №-li məktəbə verildi. Qarabağ uğrunda şəhid olan Elşad Həmidovun adının əbədiləşdirilməsi ilə əlaqədar olaraq məktəbdə xüsusi guşə yaradıldı.

Dostlar səni unutmadı... Bu xalq size unutmayacaq…

Ötən gün şəhidimiz Elşad Qoşqar oğlu Həmidovu şəhadətindən 28 ötüb.

Şəhidin döyüş və tələbə yoldaşları onu unutmayıb. Polkovnik leytenant Rəşad Əliyev polkovnik leytenant . İldırım Babayev, mayor Bakir Abdullayev, kapitan Adil Həmidov, ictimai fəal Müşfiq Əliyev və şəhidin 3 bacısı ,3 qardaşı , eləcə də şəhidin adını daşıyan qardaşı oğlu gənc Elşad Həmidov Şəhid Elşad Həmidov adına 267№-li məktəb-liseyi ziyarət gediblər.

Bu haqda Adalet.az –a şəhidin döyüş dostu, I Qarabağ müharibəsi əlili, mayor Bakir Abdullayev məlumat verib.

Mayor bildirib ki, ənənəvi olaraq məktəbin müəllim və şagird kollektivi hər ilin bu günü şəhid Elşadla bağlı tədbir təşkil edir:” Gənc nəslin təlim –tərbiyəsində mühüm yer alan belə tədbirlərdə, şəhidlik zirvəsinin ucalığından danışılır, vətənpərlik hissləri aşılayan şeirlər. musiqilər səsləndilir, kompazisiyalr qurulur. Şəhidimizin oxuduğu məktəbdə təhsilimizin məqsədi təkcə savadlı, intellektli gənclər yetişdirmək deyil, həm də yüksək mənəviyyatlı, Azərbaycan xalqının milli dəyərlərinə sadiq vətənpərvər gənclər yetişdirməkdir. Bu məktəbdə Elşad Həmidov irsinin davaçıları olan igidlər yetişir”.

B. Abdullayev onu da vurğulayıb ki, şəhidimiz üçün nəzərdə tutulmuş guşə ziyarətçiləri həm kövrəldib, həm də onların qəlbini qürur hissi ilə doldurub.Oxuduğu məktəb həqiqətən də şəhidimizin adına layiq bir təhsil ocağıdır”

Bəli, qərinələr keçəcək, illər, nəsillər dəyişəcək! Dəyişməyən yalnız igid oğullarımıza, şəhidlərimizə olan ümumxalq sevgisi olacaq! Ən ali, müqəddəs və şərəfli zirvə olan şəhidlik zirvəsinə yüksələnlər aramızda olmasalar da, ürəklərimizdə hər zaman yaşayırlar və yaşayacaqlar.

Əntiqə Rəşid