adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
21 Fevral 2023 10:28
761
MARAQLI

"BİLMİRƏM" DEYƏ BİLİRİKMİ! - Etibar Əliyev yazır

Antik Yunan filosofu Sokrat həmişə dönə-dönə təkrar edirdi ki, heç nə bilmir. O, bununla demək istəmirdi ki, biliklər əlçatmazdır. Comərdliklə fəlsəfə arasındakı qırılmaz əlaqə onun fəlsəfəsənin qızıl xəttidir. Filosof həm də etik məsələləri diskussiyaların köməyi ilə ayırd etməyə cəhd göstərirdi. Belə sual-cavab yolu ilə aydınlaşma üsulu "dialektika" adlanır. Sokrat dialektika ustası idi. "Mən bilirəm ki, heç nə bilmirəm" məşhur deyimində dərin sətiraltı ironik məna gizlənir.

Fiziklər də bilmədiklərini etiraf edirdilər. Böyük alman fiziki Maks Plank 1900-cü ildə öz kəşfinin şüurlarda nə qədər əsaslı oyanma yaradacağını zənn etmədən Alman fizika cəmiyyətinin iclasında hamı üçün qəribə səslənən "kvant" sözünü işlətdi. Eynşteyn qoca yaşlarında Nobel mükafatı laureatı Lui de Broyla yazırdı: "Deyəsən mən yaramaz kvantları görməmək üçün başımı həmişə nisbilik qumunda gizlədən dəvə quşuna oxşadıram." Başqa bir Nobel mükafatı laureatı Volfqanq Pauli yazırdı: "Kvant nəzəriyyəsi bəzi qələbələrə çox oxşayır: bir-iki ay siz gülürsünüz, sonra isə uzun illər boyu ağlayırsınız." Nobel mükafatı laureatı Ervin Şredinger: "Əgər bu lənətə gəlmiş kvant sıçrayışları fizikada həqiqətən qalacaqsa, ümumiyyətlə nə vaxtsa kvant nəzəriyyəsinə baş qoşduğumu özümə bağəşlaya bilməyəcəyəm." "Kvant" nəzəriyyəsi və Plankın düstürundakı h sabiti fizikada 10-larla kəşfin əsasını qoydu.

Böyük Polşa şairi Nobel mükafatı laureatı Vislava Şımborska Nobel nitqini "Bilmirəm" sözünə həsr etmişdi: «Bilmirəm» sözünü mən bu yüksək qiymətləndirirəm. Yığcamdır, amma qüdrətlidir. İçimizdə gizlənən, bizim üçün fəza yaradan balaca dünyanın itib-batan həmin sözünü yüksək dəyərləndirirəm. Əgər İshaq Nyuton həyatın məğzində «bilmirəm» deməsəydi, öz bağındakı almalar onun gözünə şirəli görünərdi və ən yaxşı hallarda onları yığıb iştaha ilə yeyərdi.

Əgər mənim həmvətənim Mariya Skladovskaya-Küri «bilmirəm» deməsəydi, güman ki, o, nəcib qızlar pansionunda dərs deyərdi və bütün ömrünü bu ləyaqətli işə sərf edərdi. Ancaq o, «bilmirəm» dedi və bu söz onu iki dəfə Stokholma gətirdi. Harda ki, narahat və əbədi axtarışda olan ürək sahiblərinə «Nobel» mükafatı verirlər.

Və şair, əgər o, həqiqi şairdirsə, borcludur ki, ürəyində «bilmirəm»i yorulmadan təkrarlasın. Özünün hər şeirində o, yeni nəyisə izah etməyə cəhd edir, ancaq nöqtəni qoymamış onu şübhələr bürüyür, başa düşməyə başlayır ki, bu, uzunömürlü və tükənməzdir."