Bəzi valideynlər azadlıqdan məhrum edilə bilər - Təklif
Azərbaycanda övladlarına lazımidiqqət göstərməyən və öz vəzifələrinin öhdəsindən lazımınca gələ bilməyən valideynlərin azadlıqdan məhrum edilməsi təklif edilir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov Trend-ə bildirib ki, artıq komitə tərəfindən valideyn məsuliyyətinin artırılması və uşaqlardan sui-istifadə hallarının qarşısının alınması üçün verilən cəzaların sərtləşdirilməsi barədə təkliflər paketi hazırlanaraq rəy alınması üçün müvafiq qurumlara təqdim edilib. Təkliflər toplandıqdan sonra paket Nazirlər Kabinetinə təqdim ediləcək.
"Əmlaka zərərvermə və digər hallarla bağlı ümumi normalar var. Amma valideynlər uşaqları lazımiqədər tərbiyə etməyəndə və ona öz qayğısını göstərməyəndə bu, həmin məsələlərə görə həm Cinayət Məcəlləsində, həm də İnzibatı Xətalar Məcəlləsində xüsusi ağırlaşdırıcı hal kimi müəyyənləşdirilməlidir. Bundan başqa, belə hallar da olub ki, 5-8 yaşlı uşaq təkbaşına yol keçəndə müxtəlif yol-nəqliyyat hadisələri baş verir. Bu məsələdə artıq uşaq deyil, valideyn təqsirlidir. Çünki valideyn ona birbaşa nəzarət etməli və öz vəzifələrini həyata keçirməlidir. Buna görə də belə valideynlər üçün ayrıca məsuliyyət növləri müəyyənləşdirilməlidir”.
E.Səfərovun sözlərinə görə, komitə valideynlərin bəzi hallarda müvəqqəti olaraq, azadlıqdan məhrum edilmə cəzasına layiq görülməsini də təklif edir.
Komitə rəsmisinin sözlərinə görə, uşaq təhsildən yayındıqda yalnız məktəb direktoru məsuliyyətə cəlb edilməli deyil. Eyni zamanda, belə uşaqların valideynləri də məsuliyyətə cəlb edilməlidirlər: "Bu cəza isə yalnız maddi cərimə olmalı deyil. Ehtiyac olarsa, valideyn müvəqqəti olaraq, bir necə sutkalıq azadlıqdan məhrum da edilsin”.