15 Iyul 2025 09:56
122
SAĞLAMLIQ

Bəzən ağrılar mədədən deyil, digər orqanlardan qaynaqlana bilər

“Bəzi hallarda insanların hiss etdiyi qarın və ya mədəətrafı ağrılar əslində mədədən deyil, digər orqanlardan qaynaqlana bilər”. 

Adalet.az xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”nun qonağı olan Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov açıqlayıb.

Onun sözlərinə görə, bu da bəzən xəstəni və hətta ilkin mərhələdə həkimi belə çaşdıra bilər:

“Məsələn, öd kisəsinin daşları və ya iltihabı zamanı sağ qabırğaaltı nahiyədə yaranan ağrılar mədə ağrısı kimi hiss edilə bilər. Xəstələrdə bəzən üşütmə-titrətmə, kürək ağrısı, çiyin ağrısı kimi özünü göstərir. Buna isə səhvən soyuqdəymə, virus infeksiya kimi yanaşılır. Mədəaltı vəz iltihabi xəstəlikləri, xüsusilə xroniki pankreatit həm qarının yuxarı hissəsində, həm də arxaya, bel nahiyəsinə yayılan ağrılarla özünü göstərə bilər.

Bəzən ürəyə aid ağrılar da (məsələn, infarkt) mədəətrafı nahiyədə və ya qarında hiss oluna bilər”. 

E.Məmmədov bildirib ki, bundan əlavə, onikibarmaq bağırsaq, bağırsaqlarda qaz yığılması meteorizm və ya spazmalar da özünü kor bağırsaq ağrısı və ya digər ciddi ağrı kimi apara bilir:

“Lakin müayinələr vaxtı müəyyən olunur ki, əslində bu, xüsusilə gənc şəxslərdə adi bağırsaq qazı və ya spazmadır. Diafraqma yırtığı olan şəxslərdə ürək ağrısına bənzər ağrılar ola bilir. Bəzən səbəbi məlum olmayan öskürək, boğulma, boğazda yad cisim hissi mədə turşuluğunun reflüks səbəbilə baş verə bilir. Bu səbəbdən, “mədə ağrısı” adlandırılan bütün şikayətlərə sadə yanaşmaq olmaz. Dəqiq diaqnozun qoyulması üçün həkim müayinəsi, lazım gələrsə, laborator və endoskopiya üsulları ilə dəqiqləşdirmə aparılması vacibdir. Unutmayaq ki, düzgün qidalanma və diqqətli yanaşma həm sağlam qalmağın, həm də vaxtında diaqnozun əsas şərtlərindəndir”.