adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
17 Aprel 2024 13:26
2297
MƏDƏNİYYƏT

Bəlkə ictimai kanal cəmiiyyətin bütün təbəqələrini qucaqlamaq istəyir? - Jurnalistdən MÖVQE

"Bəlkə ictimai kanal cəmiiyyətin bütün təbəqələrini qucaqlamaq istəyir? Bəlkə də reytinq savaşında zirvələrə bayraq sancacaq? Bilmirəm. Mən hər halda bu məsələni də xeyirə yozuram. Amma yenə də… nə olursa olsun… efirdən “bildiyin p..x”, “q…ə”, “o…ş” və qeyri ibarələrin açıq və hətta xüsusi vurğu ilə işlənməsinin əleyhinəyəm".

Adalet.az xəbər verir ki, bu sözləri redaktor, jurnalist Lalə Əliyeva öz sosial şəbəkə hesabında yazıb. O, İTV-də yeni yayımlanan "Alatava" serialı haqqında fikrini bildirib.

"Axır vaxtlar hansısa serialda yumora reaksiya verdiyim yadıma gəlmir. Amma “Alatava”ya baxıb az qala hər epizoda güldüm. Düzdü, mənə yoldaşlıq edən Abdulqənidən utanırdım bir az. Elə Abdul da başını aşağı salmışdı. Niyə? Hə, niyəsi qəliz məsələdir. İş ondadı ki, əvvəllər istedadlı insanların məşhurlaşmaq üçün televiziyaya ehtiyacları vardı. İndi tam əksinə. Telekanallar youtube və s. şəbəkələrdə populyarlıq qazananlardan reytinq cədvəlində qədlərini düzəltmək üçün kömək umurlar.

Yəni son illər kiçik büdcəli filmlərdə sözlərini demiş Əlixan Rəcəbov, Taleh Yüzbəyov öz yollarına sadiqdirlər. Ölkədə ən ağır sınaqlarla üzləşən, yaşamaq uğrunda mübarizədə əzilən, tapdanan təbəqənin yanındadırlar. Rus demiş, “razve çto” janrın tələblərinə uyğun, adətən açıq səsləndirdikləri ağır söyüşləri hələ ki, İTV-nin xatirinə bir birinin qulağına pıçıldayırlar… “Hələ ki” ifadəsini ona görə işlətdim ki, söyüş də təbiiliyin, səmimiyyətin, həqiqət və ədalətin tərkib hissəsi sayılır, onsuz süjetin və dialoqların “ədvası” azalır ki, adlarını çəkdiyim rejissor, ssenarist, layihə rəhbərləri buna uzun müddət yol verməzlər.

Yaxşı bəs İTV niyə yolunu dəyişir? Çiçəklənən vətən naminə konyukturaya ciddi riayət edib, sosial həyatdakı qatı qaranlıqları çömçə ilə qarışdıran məşhur aparıcıların canlı efirlərinə qədər “əyilmədiyi” halda, “Əqrəb mövsümü”, “Alatava” kimi seriallar vasitəsilə problemlərin və söyüşlərin qaynaşdığı acı gerçəyin bədii mənzərəsini "prime time" rahat əks etdirir?

Bəlkə də reytinq savaşında zirvələrə bayraq sancacaq? Bilmirəm. Mən hər halda bu məsələni də xeyirə yozuram. Amma yenə də… nə olursa olsun… efirdən “bildiyin p..x”, “q…ə”, “o…ş” və qeyri ibarələrin açıq və hətta xüsusi vurğu ilə işlənməsinin əleyhinəyəm. Bir azdan söz verdiyim kimi, serialın müsbət tərəflərini də yazacam. Cəmi 1 həftəyə yarım milyondan çox izləyicinin bəyəndiyi cəhətləri görməmək üçün gərək kor olasan. İntəhası, bir az da fikirləşməyə ehtiyacım var".

Emin