adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
01 Mart 2023 13:25
678
HÜQUQ

“Belə bir mühüm tarix ərəfəsində əfv sərəncamının verilməsi istisna deyil, amma...”- Hüquqşunas

“Əfv Komissiyası yanvarın 12-də öz iclaslarına başlayıb və artıq 8 iclas keçirilib. Bu iclaslarda 1000-dən çox ərizəyə baxılıb və müvafiq rəylərin hazırlanmasıyla bağlı qərarlar qəbul edilib. Komissiyamızın iclasları davam edir və bunun may ayına qədər olacağı gözlənilir”

Bunu Adalet.az-a açıqlamasında hüquqşunas, Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib. Ə.Nuriyev mart ayında əfv sərənvamının olub-olmaması məsələsinə də aydınlıq gətirib:

“Mart ayında, Novruz bayramı ərəfəsində əfv sərəncamı olmayacaq. Əfv sərəncamı Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən tədbirlər çərçivəsində olacaq. Bu gözlənilə biləcək əfv sərəncamı may ayına təsadüf edə bilər. Çünki bildiyimiz kimi mayın 10-da Ulu Öndərin doğum günüdür. Güman etmək olar ki, belə bir gündə əfv sərəncamı olacaq. Hal hazırda Əfv Komissiyasının iclasları davam etməkdədir, iclaslarımızı bitirək, müvafiq rəylərimiz Cənab Prezidentə təqdim olunsun ki, daha sonra əfv sərəncamıının olub-olmamasıyla bağlı Prezidentimiz qərar versin. Əlbəttə ki, son və qəti qərar Prezidentimizin səlahiyyətləri çərçivəsindədir. 

Qeyd etməliyik ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk qəbul edilən konstitutsiyanın müəllifi Ulu Öndər Heydər Əliyev olub. Məhz onun təşəbbüsüylə əfv hüququ Prezidentin səlahiyyətləri çərçivəsinə müstəsna hüquqları sırasına daxil edilmişdir. Şübhəsiz ki, belə bir şəxsiyyətin anadan olması ərəfəsində əfv sərəncamının olmasıyla bağlı çağırışlar başadüşüləndir. Onu da qeyd etməliyəm ki, ölkə başçısı Cənab İlham Əliyevin fəaliyyətində hər zaman hümanizm, mərhəmət və sosial ədalət prinsipləri təməl prinsipləri olub.  Ötən müddət ərzində baxsaq görərik ki, Azərbaycanda 68 əfv sərəncamı olmuşdur. Onun 32-si mərhum Prezident Heydər Əliyev, 36-sı isə ölkə başçısı Cənab İlham Əliyev tərəfindən imzalanıb. Bu müddət ərzində isə 8980 nəfərdən artıq şəxs cəzadan azad edilmişdir. Onların da mütləq əksəriyyəti azadlıqdam məhrumetmə cəzasının qalan hissəsindən azad edilmişdir. Bu baxımdan da belə bir mühüm tarix ərəfəsində əfv sərəncamının verilməsi istisna deyil, amma əlbəttə ki, son və qəti qərar Cənab Prezidentə məxsusdur”. 

Vasif Əlihüseyn