adalet.az header logo
  • Bakı -°C
20 Aprel 2026 09:00
109
ƏDƏBİYYAT
A- A+

Başı dumanlı, canı alovlu Şuşa... -  Pərvanə Bayramqızı yazır

Zahid, demə: "Dünya nə sənindir, nə mənimdir",

Sən sevmədiyin cümlə bu yerlər vətənimdir,

Verməm vətənin bir qarışın yadlara əsla!

Şəfqətli anamdır bu mənim, can verənimdir!

Belə başlayır “Qarabağnamə”lərdən biri...

Ana müqəddəsdir, anadan da müqəddəs vətəndir, vətən namusdur, namusdan da uca heç nə yoxdur. Can şirin şey olsaydı, vətənin uğrunda ondan keçilməzdi.

Bu qədim Azərbaycanın hansı bölgəsi araşdırılırsa, tarixin dərinliklərindən bir nişanə tapılır. Ona görə “Qarabağnamə” müəlliflərindən biri – Həsən İxfa Əlizadə: “Qarabağ ərazisində Bərdə, Örənqala və Beyləqan kimi tarixi şəhərlər və qalalar vardır. Bu şəhər və qalalar Pənahəli xan dövründən əsrlərcə əvvəl yaranıb-yaşayıb...” fikirlərini diqqətə çatdırıb. Müəllif həmin qalaların dəfələrlə dağılıb, xarab edilib, yenidən həyata qayıtdığını qeyd etdikdən sonra əsl məqsədinin tarixin yaddaşına sadiq qalan Pənahəli xanın inşa və təsis etdiyi qala şəhərlər haqda məlumat vermək olduğunu bildirir.  Pənahəli xanın hakimiyyətinin ilk illərində Bayat (1747) və Şahbulaq (1748) qalalarını tikdiyini, orada hakimiyyət sürdüyünü, və oranı tərk etməyinin Şuşa qalasının inşa edilməsinə şərait yaratdığını da öyrəndikdən sonra Şuşa şəhərinin binasının 1750-ci ildə qoyulduğunu oxuyuruq. (Bu rəqəmi başqa mənbələrdə fərqli də görmək mümkündür.) Xan tezliklə şəhərin ətrafına möhkəm bir hasar çəkdirib hər növ təcavüzə qarşı müdafiə sistemi və möhkəm bir səngər düzəldir. Şuşa beləcə yaranır...

Bakıdan cəmi 373 km, Xankəndidən isə 11 km aralı olan Şuşadan əsl sahibləri – azərbaycanlılar illərlə uzaq düşdülər. Mənbələrdə oxuyuruq ki, Şuşanın binası qoyulan vaxt susuz yer olduğu üçün qurulmasında çətinlik çəkiblər. 1992-ci ilin mayın səkkizindən sonra Şuşa özü qəhətə çıxmış suya döndü. Dil-dodağımız təpidi. Yezid bizi suya həsrət qoydu. Əli qələm, dili söz tutan hər kəs Şuşaya layla çaldı, yarasını oxşadı:

Şuşa yoxuşunun yeddi qat yolu,

Bəlkə elə budur kainat yolu?

Tarixdən soruşsan söylər ki, bu yol

Həm Qırat yoluymuş, həm Bozat yolu.

İblis caynağını atıb dörd yana,

Kəsilib dağların bu həyat yolu.

Dönüb qan yoluna, ölüm yoluna

Dünyaya səs salan müğamat yolu.

Tikanlar bitirir yad ləpirindən,

Min bir yaylağımın öz elat yolu.

Əl çatmaz, ün yetməz yeddi qat yolu.

Şuşa yoxuşunun yeddi qat yolu.

Ey Tanrı, nə zaman açılar bu yol,

Özün imdada yet, özün kömək ol!

Mən də “Pul kisəsi” adlı mətnlə özümü sakitləşdirməyə çalışmışdım. Axı deyirlər, əl yananda ağıza aparırlar...

“Şuşa mənimçün itmiş pul kisəsidir. Pulu sevdiyim üçün yox, itki anlayışı kimi fikrimi bu cür izah edirəm. "Pul kisəsi" yurd, insan, xatirə itkisinə bərabərdir. İçində pul olan kisədən söhbət getmir. İçi Şuşa dolu qardaş yadigarı olan kisəni nəzərdə tuturam. O şuşalı qadın dünyasını dəyişmiş olar, hələ o vaxtlar yaşlı idi, qardaşının verdiyi pul kisəsini itirməyə dözməyən qadının Şuşanın işğalına tab gətirmə ehtimalı azdır, amma necə deyərlər, xatirəsi isə ağızdan-ağıza keçərək hələ də dolaşmaqdadır.

Adam ev-eşiyini itirəndə xatirələri ilə yaşayır, xatirələri itirməksə ümid hissinin qeybə çəkilməsidir. "Xatirə necə itir?" sualının cavabı çoxdur. Ya yaddaş itəndə onunla bərabər "udalit" olur, ya da gündə yüz dəfə toxunduğun əşyaların itəndə yaşananlardan nişanə qalmır. Bir də keçmişi düşünməyi qadağan etməklə (özün özünə, yaxud başqası sənə) xatirələri itirmək olur. Xatirələr itəndən sonra yaşamağa səbəb axtarıb ömrə davam etmək hamıda eyni nəticə vermir. 

Ailəmizdə Şuşaya sevgi həmişə olub, əmimgil orda yaşadığı üçün sevinə-sevinə getmişik oraya. Şuşanı işğaldan qabaq görmüşdüm.

Mən uşaq olanda əmimin yoldaşı qonşu olduğu qadının xatirəsini danışmışdı. 1941-ci ildə müharibəyə gedən Qulam adlı oğlan bacısına pul kisəsi bağışlayır. Oğlan itkin düşür. Qadın qardaşının yadigarı kimi kisəni qoruyur. Adi bir əşya onunçün canlıya çevrilir. Qardaşının əli dəyib, nəfəsi toxunub deyə kisə onunçün müqəddəsləşir. Bir gün kisəni itirir. Günlərlə axtarır tapa bilmir. Qardaşını təzədən itiribmiş kimi yasa batır. Gözü hər yerdə onu axtarır.

Dünyada əzizinin qoxusunu əşyadan almaq ağrısı da var…

Uzun illər sonra təsadüfən əmimin yoldaşı onlarda olanda nəyinsə arasından kisəni tapır. Deyir, sənə bir şey versəm neynəyərsən? Qadın ümid dolu baxışlarla ona baxıb soruşur:

– Sən Qulamın canı, kisəni tapmısan?

Anda fikir verin: sən Qulamın canı... təsirlidir. Ona əziz olan qardaşının canına and verməyi adamı kövrəldir. Azərbaycanlı qızların müqəddəs and yeri atalarının, qardaşlarının canıdır. Özləri necə sevirlərsə, istəyirlər, başqaları da qardaşlarını o cür sevsin. Bununla qardaşlarını pislikdən qoruyurlar. Sevgi olan yerdə itirmək qorxusundan başqa qorxu olmur. İtirdiyimiz şəhidlərin hamısı bizim üçün Qulamdır, yəni əzizdir. Onlar təkcə öz bacılarının qardaşıları deyillər.

Əmimin yoldaşı kisəni ona verəndə qadın hönkürüb ağlayır. Doğmasına qovuşubmuş kimi kisəni üzünə-gözünə sürtür.

Şuşa işğal olunanda birinci o qadının halını düşündüm. Mənə elə gəldi ki, bu dəfə Azərbaycan xalqı bütövlükdə öz pul kisəsini itirdi. İndi Qulam kimi qardaşların  sayı artmışdı.

Uşaqdım, amma uşaq deyildim. Çox şeyi böyüklər qədər dərk edirdim. İlahi, qardaşın verdiyi adi bir əşya belə dəyərlidirsə, babalardan qalan torpağı itirmək nə deməkdir? O kisənin içi dolu xatirə idi... Şuşa dolu xatirə... qardaşlı, atalı, analı günlərin xatirəsi. Kiçik əşyadan belə  ayrıla bilməyən millətimizi həmişə bağlı olduqları torpağın bağrından zorla qoparıblar”.

Şuşanın dağları başı dumanlı, Şuşanın özü də başıalovlu...

 Şuşaya sadiq duman yəqin ki, ermənilər oranı zəbt etdikləri illərdə də Şuşanı tərk etməyib, Onun üzündəki kədəri düşmənin görməməsi üçün daim Şuşanı bürüyüb.

O illərdə mərhum Prezident Heydər Əliyev həqiqəti ifadə edən fikir söyləmişdi: “Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”. Xalqın adından danışmaq budur. Bəli, Şuşa üçün hamımızın burnunun ucu göynəyirdi.

Şuşanın işğal illərində ordu nizamsız olsa da, vətən oğulları canlarından keçməyə hazır dayanmışdılar. Ekranda kadrlara baxdıqca xalqın ağır vəziyyətdə olduğunu görüb hərə bir yanda yasa batırdı. Bir-birinin ardınca gələn pis xəbərlərə dözə bilməyənlər də olurdu. Həsrətdən, ağrı-acıdan ürəyinə sözü keçməyənlər çox olsa da, güclü çıxanların da sayı-hesabı yox idi. Onlar “yurdumuza qayıdacağıq” deyib ümidlə yaşadılar.

Biz dözdükcə illər də təmkinli davrandı, amma səbir kasası məqamı da var axı. Kasanın daşması 2020-ci ilin sentyabr ayının iyirmi yeddisinə düşdü. Azərbaycan ordusu, gənc nəsil sələflərinin uğrunda öldüyü torpaq üçün ölümə atıldılar. Ölkənin Prezidentinin siyasətinə güvənərək döyüşə başladılar. Təəssüf ki, itkisiz qələbə mümkün deyil. Üç min oğulun canı-qanı bahasına suyun qarşısını kəsən əjdahanın başı kəsildi, yeziddən xilas olduq. Qarabağ saxta əhalisindən təmizləndi. Bir vaxt Hüseyn Kürdoğlunun (yuxarıdakı) şeirini oxuyanda ürəyimiz qübar edirdi, bu günsə şəhidlərin ruhuna dua, Yaradana isə şükür edərək sevincimizi bir-birimizlə bölüşürük. Şuşadan Bakıya avtobus gedir! Bu, xəyal, arzu deyil, biz yurdumuza qayıtmışıq.

Xarabalığa çevrilmiş yurdu görmək izahı sözə sığmayan ağrıdır. Bir yandan qələbə, işğaldan xilas sevinci, digər tərəfdən də viran edilmiş yurd yerləri...

Avtobus dayandı. Sürücü ucadan soruşdu:

Xocalıda düşən var?

Təkcə Xocalı adı çəkmək kifayət edir ki, bir xalqın taleyindən necə ağır, faciəli illər ötdüyünü duyasan. Xocalı zülmün, işgəncənin adıdır.

Səkkiz yaşıma keçmişdim, başımı qaldırıb böyüklərin üzünə yeni-yeni baxırdım... aşağıdan yuxarı tərzdə... bu onların uşaqlardan ucada durduqlarını göstərirdi. Böyüklərin hər şeyə qadir olduqlarını düşünürdüm. Savadlı, işgüzar, uşaqları hər şeydən qoruyan, hətta onlara təpinmək səlahiyyətinə malik böyüklərin kiçiklərin qarşısında  kiçildiklərini ilk dəfə 1990-cı ilin iyirmi yanvar tarixində gördüm. Soruşduğum suallara heç kəs cavab tapa bilmirdi. Onda bildim ki, bunlar elə uşaqların yanlarında güclü imişlər. Böyüklər bir də 1992-ci ilin fevralın iyirmi altısında gözümdən düşdülər. Bizi ovundura, adamları niyə öldürdüklərini izah edə bilmirdilər. Oyuncaqlarıma yaxın getmirdim. O vaxt istəmişdim ki, Xocalı faciəsində sağ qalan uşaqları bizə gətirsinlər. Bütün oyuncaqlarımı onlara verəcəkdim. Ekranda torpağın üstündə yaşıdlarımın donmuş cəsədlərini görməyim yadımdan çıxmırdı. İllərdir, hələ də çıxmır. Niyə çıxsın? Niyə unudaq? Erməni əməllərini unudanda eyni müsibəti təkrar yaşamışıq axı.

Xocalıda ölən, itkin düşən, sağlamlığını itirən hər kəs mənim üçün ayrıca Xocalıdır. Uşaq ikən həyatımın ilk matəmini, faciəsini dadmışdım. Bu tarixlərdən sonra biz ildırım sürətilə böyüdük. Qəm-qüssə, ağrı-acı uşaqları tez böyüdür. İnanmırsınız? Xocalıdan uşaq vaxtı çıxan indi yaşa dolmuş o qadın necə böyüyüb?

Otuz iki il tarix üçün çox azdır, nəticədə əbədi yaşamaq varsa...

Xocalıya qayıdışımız əbədi olsun.

"Elnən gələn toy-bayramdır" deyiblər...

Bütöv bir millətin başına gətirilən faciə də tarixdir, mübarizədir, sonu qələbədir deyək.

Xocalı yaramızdır: əməliyyat edildi, yerində dərin izi qaldı, gərək özün özünün həkimin olasan, gərək orqanizminə yad cismin düşməyinə imkan verməyəsən, gərək yaranı istidən-soyuqdan qoruyasan. Məncə, 1992-ci ilin iyirmi altı fevralı heç bir azərbaycanlının yaddaşından silinməz. "Erməni ilə sülh bağlayaq" deyənlərin də, erməni qızına aşiq olanların da...

Xocalı! Necə ağır hisslərdir! Sevinc, kədər, ağrı, xəcalət hissi bir-birinə qarışıb. Yuxumu, gerçəkmi? Arzumu, xəyalmı? Adam seçə bilmir.

Var!

Arxa oturacaqdakılar dilləndilər.

Sürücü: – Çatdıq – dedi.

Xocalıda üç gənc oğlan düşdü.

Görəsən, evlərini tapacaqlar?

Xocalı torpağına ayaq basanda elə bilirəm, ayağımızın altında adamlar çığırırlar. Elə bilirəm, ayağımızı qocaların, körpələrin sinəsinə qoyuruq. Xocalıda ahlar göyə ucalmayıb, orda ahlar torpağa qarışıb. Xocalının torpağından adamlar bitətəcək, körpələr cücərəcək. Xocalıda torpağın alnı hələ düyünlüdü. Xocalı fikirdən hələ ayıla bilməyib. Xocalıda torpaq insan dadır. Xocalıya mətn kimi baxmaq olmur, Xocalıdan ədəbiyyat yaratmağa əlim gəlmir. Xocalı ağır-ağır nəfəs alan, sonuncu arzusunu dilə gətirməmiş can verən, yarasına köz basılmış insandır. Dünyanın hər üzünü görmüş adamlar xocalılardır. Xocalı Azərbaycanın Kərbəlasıdır.

Avtobus Xocalıda dayanmışdı. Sanki zaman geri dönmüşdü. Ağrılarım təzələnmişdi. Gözlərimin qarşısına yenə uşaq meyitləri gədi. Xocalı arxada qalanadək qulağımdan fəryad səsləri çəkilmədi. Uzaqlaşandan sonra da ağrı keçmədi, ürəyimdə Şuşaya apardım. Uşaq vaxtından bu ağrı mənlə birgə böyüyüb. Ruhən darmadağın olmuşdum. Özümü yerlə-yeksan olmuş kimi hiss edirdim. Qəfildən boğuldum, havasızlıq duydum. Dilimdən pis bir dua çıxdı: İlahi, sevdiklərimə vətənpərvərlik hissi bəxş eləmə.

Əsgəran adını oxuyanda yenə uşaq vaxtı televizorda gördüklərimi xatırladım. Ağrı söz deyil, ağrı ağrıdı, onu duymayana sözlə izah etmək olmur.

Yol getdikcə sanki avtobus sinəmdən keçirdi.

Beləcə çatdıq Xankəndiyə.

Xankəndidə səhər açılıb. (Cümləni hər mənada qəbul edin.)

Görəsən, burda biz olmayanda da quşlar belə gözəl oxuydular?

Arabir susurlar, sanki nəyisə xatırlayıb köks ötürürlər. Ağlıma gətirirəm ki, bu məqamda onlar bizə bizsiz açılan səhərlərin hekayəsini danışmaq istəsələr də, tərəddüd edirlər. Təzədən ağır illərə qaytarmağa qıymırlar.

Pəncərədən baxıram, duman arxadan əlini əlinə qoyub başını aşağı salan, alnını yığaraq dərin düşüncələrlə hərlənən müdrik qoca kimi şəhərin üstündə gəzib-dolanır. Hava da özünü ona həmdəm edib. Küçəyə çıxan adamlar onlara görə deyinmir, tələb etdikləri kimi geyinirlər. İllərlə Xankəndi havası udmayanlar təbiətin xətrinə dəyməmək üçün apreldə belə soyuqluq etdiyini onun üzünə vurmurlar.

Şuşaya gəldik... altı yaşım olanda gördüyüm Şuşanı görə bilmədim... Bir yandan da Cıdır düzü duman düzünə çevrilmişdi. Dumanın eqoistliyi yenə tutmuşdu. Uzaqdan qarmon səsi eşidilirdi. İnsanlar dumanı yara-yara çətinliklə yol tapırlar, musiqi isə nəinki dumanı, dağları, qulaqları, ürəkləri dəlib keçir. Bir kişi qarmonda “Anadır arzulara hər zaman Qarabağ” deyirdi. Bəli, çalmırdı – deyirdi. Bu mahnı ilk notundan danışır. Qarmona qoşuldum. “Qarabağ, can Qarabağ! Ana yurdum!” oxudum.

Şuşadakı tikililərin inşa edilməsinə nəzarət etmiş Molla Pənah Vaqifin məqbərəsinə yaxınlaşanda: – Məndən cəmi üç ay böyüksən. – dedim. Şairə yox ee, sözüm 1982-ci ilin yanvarın on dördündə tikilən məqbərəyə idi.

Kirimiş durmurdum ki... “Şuşa, daşın da gözəl...” söylədim. Həmin gün tez-tez Şuşanı soruşan Qulu Ağsəsin Şuşaya “Əyil, qulağına söz deyim: Da-rıx-mı-şam!” deməyini də pıçıldadım.

Uçub-dağılmış bir evin ətrafında ağac öz işində idi; çəhrayı rəngə çalan çiçəklər açmışdı. Ağac daşın nələrə dözdüklərini bilmirdi. Evdən çox üst-üstə yığılmış daşa bənzəyən bir dağıntının üstündə qeyd olunan yazı diqqətimizi çəkdi: evin sənədi var... ilahi, nə vaxtsa bu ev abad olub... neçə ildən sonra sahibi gəlib evini daşından-ağacından tanıyıb.

“Pul kisəmizi” Azərbaycan oğulları qaytarıblar, bizə qalır qazanıb onun bərəkətini qaytarmaq. Sərvət tapacağıq, amma canını, qanını torpaq edənləri bir də görməyəcəyik. Şuşaya getmək həm də şəhidləri yad etməkdir, Şuşanı qorumaq bir də onlara olan borcumuzdur.