adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
01 Aprel 2024 12:53
2106
SAĞLAMLIQ

Azərbaycanda psixi sağlamlıq üzrə strategiya hazırlanır - Psixiatriya təhsilinin müddəti artırılıb

“Azərbaycanda psixi sağlamlıq və psixi xəstəliklərdən əziyyət çəkən şəxslərin hüquqları” mövzusunda dəyirmi masa keçirilib.

Adalet.az xəbər verir ki, görüşdə səhiyyə naziri, Milli Məclisin müvafiq komitəsinin üzvləri və digər şəxslər iştirak edib.

Səhiyyə naziri Teymur Musayev bildirib ki, ombudsmanın tövsiyəsi əsasında psixiatriya müəssisələri ilə əlaqədar yeddi klinik protokol tərtib olunub. O qeyd edib ki, psixi sağlamlıq üzrə Milli Strategiyanın hazırlanması, psixiatriya xəstəxanalarında müalicə olunan pasiyentlər üçün Müalicə İstehsalat Əmək Emalatxanalarının yaradılması, psixo-sosial reabilitasiya mərkəzlərinin açılması, psixi sağlamlıq sahəsində elmi tədqiqatların aparılması Səhiyyə Nazirliyinin planlarındadır.

Nazir qeyd edib ki, “Psixiatriya” ixtisası üzrə rezidentura təhsilinin müddəti 2 ildən 3 ilə artırılıb, “Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı”na yeni “Uşaq və yeniyetmə psixiatriyası” ixtisası əlavə edilib. O qeyd edib ki, nazirlikdə “Müharibə əlilləri, yaralıları və şəhid ailələri ilə iş sektoru və “9109 Çağrı Mərkəzi” yaradılıb:

"Həmçinin, tibbi xidmətin əlçatanlığının və keyfiyyətinin artırılması, bu sahədə illərlə formalaşmış stiqmanın aradan götürülməsi məqsədilə artıq bir müddətdir ki, ambulator və stasionar psixiatriya xidməti dövlət tibb müəssisələri ilə yanaşı, özəl tibb müəssisələrində də göstərilir. Həmin müəssisələr həm Bakı şəhərində, həm də regionlarda yerləşir".

Məlumat verilib ki, Bakı şəhərində iki böyük narkoloji xəstəxananın inşası davam edir. Onlardan biri 350, digəri isə 150 çarpayılıqdır. Onun sözlərinə görə, xəstəxanalar istifadəyə verildikdən sonra ölkədə bu sahədə çarpayı fondu artacaq: "Bu göstərilən narkoloji xidmətin keyfiyyətinə də öz təsirini göstərəcək".

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovun sözlərinə görə, psixoloji yardım həyata keçirilən özəl müəssisələrdə çalışan mütəxəssislərin tam əksəriyyəti bu sahə üzrə təhsili olmayan şəxslərdir.

O qeyd edib ki, həmin şəxslərin pasiyentlərə göstərdiyi "yardımlar" adekvat deyil: "Onlar psixi sağlamlıqla məşğul olmur, hətta psixiatriya xəstələrini də prosesə cəlb edirlər. Bu sahəyə ciddi nəzarət edilməlidir".

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın sözlərinə görə, həyata keçirilən monitorinqlər, psixiatriya xəstəxanalarında müalicə alan müharibə iştirakçıları ilə aparılan fərdi söhbətlər və araşdırmalar onu göstərir ki, bu kateqoriyadan olan pasiyentlər müəssisədə olduqları müddətdə dövlət hesabına dərman preparatları ilə təmin edilsələr də, evə yazıldıqdan sonra bəzi hallarda onlara müvafiq preparatların pulsuz verilməsi dayandırılır:

“Həmin preparatlar psixotrop xarakter daşıdığından və kifayət qədər maddi vəsait tələb etdiyindən pasiyentlər ya həmin dərmanları sonradan ala bilmir, ya da yalnız bir qismini əldə edə bilir. Nəticədə müalicə sona çatdırılmır. Bu baxımdan, Vətən Müharibəsi iştirakçısı olmuş, müvafiq psixiatriya müəssisələrində qeydiyyatda olan, əlilliyi olmayan, müalicə alan pasiyentlərin psixiatriya müəssisələrini tərk etdikdən sonra da dövlət hesabına müvafiq dərmanlarla təmin edilməsinə ehtiyac olduğu vurğulanmalıdır”.

"Təəssüf ki, bir sıra psixiatriya xəstəxanalarında, xüsusilə regionlarda yerləşən müəssisələrdə maddi-texniki baza və şəraitlə bağlı nöqsanlar mövcuddur ki, onların aradan qaldırılması məqsədi ilə tərəfimizdən müvafiq təklif və tövsiyələrlə Səhiyyə Nazirliyinə və digər aidiyyəti qurumlara müraciət edilib”.