adalet.az header logo
  • Bakı -°C
19 Oktyabr 2017 09:41
18003
SİYASƏT
A- A+

"Azadlığın məhdudlaşdırılması yeni cəza növüdur"

Cinayət Məcəlləsinə azadlığın məhdudlaşdırılması adlı yeni bir cəza növünün gətirilməsi təklif olunur ki, bəzi insanlar bu cəzanın azadlıqdan məhrum etmə cəzası ilə yanlış olaraq eyniləşdirirlər. Məsələnin aktuallığını və cəmiyyətdə ciddi müzakirələr, eləcə də müxtəlif fikir ayrılıqlarına səbəb olduğunu nəzərə alaraq Milli Məclisin deputatı, hüquqşünas Rafael Cəbrayılovun fikirlərini öyrəndik. Millət vəkili bildirdi ki,  oktyabrın 20-də Milli Məclis növbəti plenar iclasında Cinayət Məcəlləsinə dəyişikliklər edilməsinə dair qanun layihəsini müzakirə edecək. Həmin layihənin tərkib hissəsi kimi cinayət cəzalarının sisteminə azadlığın məhdudlaşdırılması adlı yeni bir cəza növünün əlavə edilməsi təklif olunur: "Onu qeyd edim ki, azadlığın məhdudlaşdırılması azadlıqdan məhrum etmə deyil. Bu cəza növü 2011-ci ilə qədər Cinayət Məcəlləmizdə vardı. Həmin il bu cəza növü səmərəli icra mexanizminin olmaması səbəbindən məcəllədən çıxarılmışdır. Çunki, bu cəzaya məhkum olunmuş insanlar faktiki olaraq cəza çəkmirdilər və onlara nəzarət imkanları da yox idi. Bu il fevralın 10-da ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə qanunvericiliyə elektron nəzarət vasitələrinin gətirilməsi tövsiyə edildi ki, bu da azadlığın məhdudlaşdırılması cəzasının yeni redaksiyada Cinayət Məcəlləsinə qaytarılması imkanını yaratdı".
Millət vəkili qeyd edir ki,  Azadlığın məhdudlaşdırılması cəzası (maddə-52-1) məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmaqla azadlıq huququnun məhdudlaşdırılmasından ibarətdir: "Bu cəzaya məhkum olunmuş şəxslər yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməməli, elektron nəzarət vasitələrini gəzdirməli, bu vasitələri işlək vəziyyətdə saxlamalı, cəzaya nəzarət orqanlarının razılığı olmadan yaşayış yerini dəyişməməli, iş və təhsil yerini dəyişməsi barədə nəzarət orqanını məlumatlandırmalıdır. Məhkəmə bu cəzaya məhkum etdiyi insan üçün kütləvi tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək və s. əlavə vəzifələr də müəyyən edə bilər. Bu cəza 6 aydan 5 ilədək müddətə təyin edilir. Məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Azadlığın məhdudlaşdırılması cəzası hərbi qulluqçulara, əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə və Azərbaycan Respublikası ərazisində daimi yaşayış yeri olmayan şəxslərə təyin edilməyəcək. Cinayet cəzalarının sisteminə bu yeni cəza növünün əlavə edilməsi məhkəmələr tərəfindən daha ədalətli cəzalar teyin olunması, habelə məhkumların cəmiyyətə adaptasiyası baxımından mühüm əhəmiyyət kəsb edir".