adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
26 Avqust 2022 16:58
2595
MÜSAHİBƏ

Autizmin müalicəsi varmı? - MÜSAHİBƏ

Autizm problemi bütün dünyanın həll etməyə çalışdığı amma həll edə bilmədiyi, müasir dövrün qlobal problemidir. Bu günki, müsahibimiz Azərbaycanda Eksperimental laboratoriyanın direktoru Fidan Qənbərli olacaqdır. Belə ki, autizmin üzərində hansı tədqiqatlar aparılmış və nəicələri haqqında bizim sualları cavablandıracaqdır.

- Azərbaycanda ilk dəfədir ki, siz belə bir təşəbbüs irəli sürdünüz. Sizcə dünyanın bacarmadığı və hər kəsi narahat edən problemin həllini siz tapacaqsız?

- Bu gün mərkəzlərdə digər ölkələrin tədqiqatları əsas götürülür. Unuduruq ki, cəmiyyətlər fərqli psixikalara malikdir. Bunu əsas götürərək, düşünürük ki, autizm ümumi problem olsa da, tədqiqatlar hər cəmiyyətə uyğun aparılmalıdır. Bu səbəbdən də biz bir komanda olaraq Azərbaycan mentaliteti əsasında uyğun valideyn və uşaq arasında olan münasibətləri araşdırırıq.

Belə ki, İngiltərə, Rusiya və s. kimi digər ölkələrdə tətbiq edilən hər hansı metod həmin cəmiyyət üçün nəzərdə tutulur. Biz də həmin metodları olduğu kimi tətbiq etdikdə valideynlərdən ingilis və ya rus olmasını tələb edirik. Buna görə də, istədikləri nəticəni ala bilmirlər.

Eksperimental laboratoriya olaraq məqsədimiz öz cəmiyyətimizə uyğun metodların araşdırılması, uşaqların cəmiyyətə düzgün adaptasiya edilməsi, uşaqlıqdan kişi və qadın modelinin düzgün formalaşdırılması və psixi inkişafın təməl prinsiplərinin inkişaf etdirilməsidir.

Sizin suala cavab olaraq isə bunu deyə bilərəm ki, ilkin olaraq buna bir problem kimi deyil araşdırılmalı olan məsələ kimi yanaşsaq daha uyğun olar. Autizm spektr pozuntusunu sindrom və ya fərqlilik adlandıraraq həmin məsələni göz ardı etmiş olduğumuzu düşünürəm. İlkin olaraq həmin uşaqlara şəxsiyyət kimi yanaşıb onları öz yaşıdlarından ayırmayaraq və onları anlamağa çalışaraq belə onlara kömək edə bilərik.

Bundan əlavə olaraq isə bu sahə üzrə mütəxəssislər həmin uşaqları mütləq şəkildə ayrı-ayrı müşahidə etməli, onların hərəkətlərini, istəklərini bildirmə şəklini analiz etməlidir. Çünki, hər autizm spektr pozuntusu və autizm spektr pozuntusunun alt qrupundan olan uşaqların göstərdikləri simptomlar eyni ilə bir-birinə uyğun olmur. Onları fərqli edən də hər birinin bir-birindən ayrı-ayrılıqda fərqli olmalarıdır, eyni ilə bizim kimi. Bu pozuntunu “problem” edən isə, valideyn və mütəxəssislərin həmin fərqlilikləri görməyərək, araşdırmayaraq onları eyniləşdirmələridir.

Autizmin tək ailənin və ya uşağın deyil bizim cəmiyyətin problemi olmasını nəzərə alaraq, hal-hazırkı tədqiqatlarımız bu yöndə aparılır.

- Autizm spektr pozuntusu olan uşaqlarda nələrə diqqət edilməlidir?

- İlkin olaraq onların hər birinin bir-birlərindən üstün cəhətlərinin olduğunu dərk etməliyik. Cəmiyyət olaraq həmin üstünlükləri görməli, anlamalı və onların üzərində işləməliyik ki, onlar da özlərini cəmiyyətdə şəxsiyyət kimi təsdiq edə bilsinlər.

Hal-hazırda tədqiqatlarımız tipik və atipik uşaqlar üzərində aparılır və çox maraqlı nəticələr əldə edilib. Araşdırmalarımız zamanı autizmli uşaqların analarına bağlı olduğunu və bu səbəbdən inkişafdan qaldığının şahidi olduq. Belə ki, uşaqda inkişaf etmiş duyğu orqanı ana tərəfindən hiss edilmir. Yox ki, ana uşağını sevmir. Normal olaraq anada bu hissi orqan uşaqdakı kimi inkişaf etmədiyindən ana uşaqda olan bu bacarığı mənfi əlamət kimi dəyərləndirib uşağı qapayır. Əldə edilən bu məlumatdan sonra İDDO proqramı çərçivəsində 50 autizmli uşaq və ana üzərində terapiyalar aparıldıqdan sonra bu fikir öz təsdiqini tapdı və həmin uşaqlarda müsbət yöndə sürətli inkişaf baş verdi. Belə ki, həmin uşaqlarda sosiallaşmağa meyl, sosial davranışlara sahiblənmə müşahidə olundu. Ən əsası valideynlərin davranışlarının öz uşaqlarına qarşı dəyişdiyinin şahidi olduq. Unutmamalıyıq ki, ananın uşağına yanaşması uşağın inkişafında 70-80% rol oynayır.

-Sizin araşdırmanız hansı istiqamələrdə tətbiq edilir?

- Eksperimental laboratoriya insan psixikasının inkişaf mərhələləri, psixikanın işləmə alqoritmləri, sosial mühitdə adaptasiya metodları və fərdi inkişaf modelinin formalaşdırılması yollarının tapılması və tətbiqi üçün araşdırmalar edir. Hal-hazırda yalnız psixologiya sahəsi üzrə araşdırmalar aparılır,lakin gələcək üçün digər sahələr üzrə də araşdırmaların aparılması planlaşdırılır. Təbii ki, bu kimi tədqiqatların aparılması üçün də savadlı, öz sahəsini inkişaf etdirmək istəyən mütəxəssislərə, kadrlara gərək var.

Fizika və riyaziyaziyyat elmləri ilə psixologiya elmi arasında bir çox əlaqələr vardır. Belə ki, fizika və riyaziyyat elmləri təbiət elmləridir. İnsan isə təbiətin ali varlığıdır. Bu səbəbdən də psixologiyada riyaziyyatın və fizikanın tətbiq edilməməsi insan psixikasında baş verən proseslərin kəşfində uğursuzluqlara səbəb olur. Bunları nəzərə alaraq gələcək üçün savadlı fiziklər və riyaziyatçılarla da əməkdaşlığı düşünürük.

Hal-hazırda isə psixopedaqoqlarla autizmin korreksiya metodlarının bizim cəmiyyətə uyğunluğu araşdırılır. Bu araşdırmalara altı psixopedaqoq, üç loqoped, dörd psixoloq cəlb edilib.Belə ki, 90-100 uşaq və valideyn arasında tədqiqatlar aparılır.

- Bu gün cəmiyyətdə bir çox mərkəzlər var. Bəs siz niyə tədqiqat aparmağa üstünlük verdiz?

Hər bir inkişaf etmiş elmin müəyyən tədqiqat tarixçəsi, mütləq ki, vardır. Psixologiyanı da tədqiqatsız təsəvvür etməyin mümkünsüz olduğunu düşünürəm. Bu sahə daim inkişafda olmalı olan sahədir. Bu isə tədqiqatsız mümkün deyil. Biz daim olaraq müşahidə aparmalı, analiz etməli, araşdırmalı və tədqiqat aparmalıyıq ki, bu sahə üzrə inkişaf edib, insanlara düzgün formada yardım edə bilək. Hər bir şəxs ilə individual şəkildə analiz olunmalı, psixikası araşdırılmalıdır. Hər kəsə eyni metod ilə yanaşmaq və terapiya aparmaq absurddur.

Sizin də qeyd etdiyiniz kimi respublikada bir çox mərkəzlər var. O zaman mərkəzə gələn uşaqlarda irəliləyiş ola bilər ki, o mərkəzin öz tədqiqatçıları olsun. Bu günki vəziyyətdə təəssüf ki hər hansı bir mərkəzdə belə bir sistemin tətbiq edildiyini deyə bilmirəm. Bizim məqsədimiz isə mərkəz olmaq deyil, məqsədimiz tədqiqatlar aparmaq və bunun nəticəsində hal-hazırda fəaliyyət göstərən mərkəzlərə dəstək olmaqdır. Düşünürəm ki, artıq bu sistemə biznes kimi yanaşılmamalıdır. Artıq peşəkar mütəxəssislər görməliyik. Əks təqdirdə cəmiyyətimiz məhvə doğru gedəcək. Bizim əsas məqsədimiz elmi inkişaf etdirmək və insanlara bu yolla yardım etməkdir.

- Sizin komandaya kimlər və necə qoşula bilər?

Bildiyiniz kimi biz psixoloji mərkəz və ya kurs deyilik ki, sırf maddi maraq üçün insanları cəlb edək. Elmi psixoloji laboratoriya olaraq yalnız bir məqsədə xidmət edirik. Yəni insan psixikasının tədqiq edilməsi və psixi alqoritmlərin işləmə mexanizminin tətbiq edilmə yollarının tədqiqatının tapılmasıdır. Bu səbəbdən də yalnız bu laboratoriyaya psixi biliklərə sahib olan və elmi araşdırma üçün nəzərdə tutulmuş dəyərlərə malik olan şəxslər qoşula bilər. [email protected].

Burada belə bir sual yaranır ki, bəs diplomu olmayan bir şəxs sizinlə tədqiqatda iştirak edə bilər mi? Bu cür suallar çox olur və biz bunu normal qarşılayırıq. Bəli, mümkündür. Çünki, tədqiqat elə bir sahədir ki, orada kağızlar deyil biliklər keçərlidir. Bu səbəbdən də biz heç bir şəxsə diplom, sertifkat, cv, tərcümeyi- hal, təcrübə kimi tələbələr qoymuruq. Bizim sadəcə bir tələbimiz var. İmtahan verərək öz biliyini təsdiq et və tədqiqata qoşul.

İmtahan şərtləri isə sadədir. Belə ki; Beynəlxalq arenada öz təsdiqini tapmış elm adamlarının tərtib etdiyi testlərdən keçərək öz biliyini nümayiş edə bilərsən. Bu o demək deyil ki, biz diplomu olmayan şəxsləri ətrafımıza yığırıq və ya elmi ucuzlaşdırırıq. Tam əksinə bir çox sadəcə diploma arxalanaraq bu elmi dəyərsizləşdirməyə çalışan mütəxəssislər də vardır ki, biz elmi onlardan qorumalıyıq. Təbii ki, psixologiya haqqında biliyi olan insanların demək olar ki, əksəriyyətinin diplomu var. Amma biz diplomu şərt kimi qoyduqda bizə müraciət edənlər arasında biliklərinə deyil də əllərində tutduqları kağızlara arxalandıqlarının şahidi oluruq. Bizə qoşula biləcək elm sahələri- pedaqoji, psixoloji və tibbi sahələrdir.

- Bu sahədə çalışan və oxuyan gənclərə nə tövsiyə edərsiniz?

Hər şeydən öncə bu sahədə olan və olmaq istəyən hər bir kəsə seçdikləri bu peşənin məsuliyyətini dərk edərək yola çıxmalarını tövsiyə edərdim. Çünki, bir şəxs ki, tətbiq etdiyi elmi dərk etmirsə, o sahədə heç zaman uğurlu ola bilməz. Ələlxüsus da, bu sahə psixologiyadırsa. Bu səbəbdən də kimliyindən asılı olmayaraq bu elmin və peşənin arxasınca gedən hər bir kəs peşəsini dərindən mənimsəyərək məsuliyyətli, ciddi və vicdanlı yanaşmalıdır. Çünki, onlar ən ali varlığı- insan psixikasını tədqiq edir və gələcək nəsillərə töhfə verirlər. Peşəsinə dəyər və hörmət hissi ilə yanaşan, daim araşdırmaçı olan, inkişaf etmək istəyən hər bir tədqiqatçı sayəsində nəinki Azərbaycanda eyni zamanda dünya psixologiyasında yeni kəşf və ixtiraların olacağına inanır və bunu üçün çalışırıq.

 

Söhbətləşdi: Bünyamin Bünyadzadə