adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
11 Aprel 2024 14:34
3525
MÜSAHİBƏ

"Atam atadan çox pərəstiş etdiyim, oxşamaq istədiyim qəhrəmanım oldu"- Şəhid oğlu ilə MÜSAHİBƏ

"Bəlkə də bütün övladlara elə gəlir ki, onun atası fövqəltəbii gücə malikdir, çox adamın bacarmadığını bacarar, çox qüdrətlidir, çox güclüdür, çox ağıllıdır, əsl qəhrəmandır! Amma mənə belə gəlmir! Çünki mənim atam sözün həqiqi mənasında fövqəltəbii gücə malikdir, çox adamın bacarmadığını bacarıb, çox qüdrətlidir, çox güclüdür, çox ağıllıdır, sözün həqiqi mənasında əsl qəhrəmandır”.
Bunu bizimlə söhbətində Milli Qəhrəman Pəhlivan Fərzəliyevin kiçik oğlu Mobil Fərzəliyev deyir.

Mobil söyləyir ki, atası şəhid olarkən onun cəmi 3 yaşı olub:”Mən körpə olmuşam o vaxt... Hadisələrin, müharibənin elə bir vaxtı olub ki, atam evdə demək olar ki, çox az olub. Baxmayaraq ki, onun məndən əvvəl 1 oğlu, bir qızı vardı, onlar da azyaşlı idi... Amma atam onları, məni yox, vətəni seçdi.

Vətəni sevdi, onun qayğısına qaldı, ona nəvaziş göstərdi. Onu tanıyanların hamısı deyir , Pəhlivan Vətəni qarşılıqsız və dəlicəsinə sevən oğul idi”.

XÜSUSİ QEYD: Azərbaycan zabiti, baş leytenant, Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi Pəhlivan Fərzəliyev 7 sentyabr 1958-ci ildə Füzuli rayonunun Qobu Dilağarda kəndində doğulub.

Doğma kənddə səkkizinci sinfi başa vurduqdan sonra Şuşa Kənd Təsərrüfatı Texnikumuna daxil olub. İdmanla məşğul olub, Şuşada keçirilən çempionatda Qarabağ çempionu adını qazanıb. O, 1979-cu ildə orduya çağırılıb.

1986-cı ildə Orenburq Politexnik Universitetini bitirib. BTR-n ekipaj komandiri olan Pəhlivanın taqımı Füzuli rayonundakı sərhəd kəndlərinin qorunmasında mərdliklə vuruşurdu. Onun şücaəti nəticəsində Xələfşə kəndində bir erməni bölüyü və bir BTR məhv edildi. 1992-ci il 11 apreldə taqım komandirinin son döyüşü olur.
Evli idi. İki oğlu, bir qızı yadigar qalıb.

Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə baş leytenant Fərzəliyev Pəhlivan Əhliman oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
Füzuli rayonunun Qobu Dilağarda kəndində dəfn edilib.
Bakı şəhərindəki qəsəbələrdən biri qəhrəmanın adını daşıyır. Milli Qəhrəmanımıza həsr edilən və Dövlət sifarişi ilə “Yaddaş” studiyasında lentə alınan“Şərəfli ömrün manifesti” sənədli filmi çəkilib. Filmin ssenari müəllifi və quruluşçu rejissoru İltifat Hacıxanoğludur.


Mobil - Bütün füzulilər, bütün qarabağlılar bilir, biz ailəlikcə Qazaxıstanda yaşamışıq. Atam Azərbaycanda təhsilini başa vurduqdan sonra Orenburq (Rusiya) Politexnik İnstitutuna qəbul olunub. Sonradan ailəsi ilə birlikdə Qazaxıstanın Aktubinsk şəhərində yaşayıb və həmin şəhərdə polis baş leytenantı kimi xidmətdə olub.

-Mobil, ananız Sona xanımla söhbətimizdə o dedi ki, Aktyubinskdə çox rahat bir yaşayışımız, evimiz, imkanımız vardı:”Həyat yoldaşımın namuslu əməyi, nümunəvi fəalliyyəti, davranışı ailəmizə hörmət gətirmişdi”. Qəflətən nə baş verdi ki, atanız qərib ölkədə bütün qazandıqlarını əlinin arxası ilə itələyib, Azərbaycana döndü?


-Qardaşım Xaliq atam haqqında mediaya müsahisində demişdi ki, atam, polis baş leytenantı Pəhlivan Fərzəliyev 1990-cı ilin yanvarın 20-də Sovet ordusu tərəfindən törədilən faciədən sonra elə həmin illərdə vətəninə dayaq durmaqdan ötrü illərlə öz ailəsi ilə birlikdə yaşadığı, işlədiyi Qazaxıstandan Azərbaycana gəlib.

Birinci Qarabağ Savaşı başlayan kimi könüllü olaraq, zabit təcrübəsini vətən uğrunda vuruşanlarla, Azərbaycan Milli Ordusu ilə bölüşməkdən ötrü müharibəyə yollanıb. Bəli yuxarıda qeyd etdiyim kimi atam vətəni hamıdan çox sevdi, onun uğrunda döyüşməyi, ölməyi seçdi.

- Ən ürək yaxan olay isə o idi ki, atanızın dəfn olunduğu Dilağarda 1993-cü  ildə işğal olundu və atanızı ziyarət etmək imkanınız da əlinizdən çıxdı.


- Atam yaşımın elə çağında şəhid oldu ki, o vaxt çox körpə idim və heç nə anlamırdım. Atam haqqında təəssüratlarım mən böyüdükcə formalaşmağa başladı, anamın, qohum əqrabanın, atamın dostlarının, sağ qalmış silahdaşlarının, bir sözlə atamı tanıyan hər kəsin danışdığı təəssüratlar atamı mənə atamdan daha çox bir qəhrəman kimi tanıtdı. Atam atadan çox kumirim oldu, pərəstiş etdiyim peygəmbərim oldu... Bir sözlə, atam atadan çox pərəstiş etdiyim, oxşamaq istədiyim qəhrəmanım oldu.Bilmirəm e, necə deyim, neçə çatdırım ata aclığımı sizə...

Hərdən, yolda, marşrutda gözlərində kədər, bənizi solğun bir uşaq görəndə elə bilirəm şəhid uşağıdır. Az qalıram, onu elə ordaca bağrıma basam, saçını-başını tumarlayam, deyəm, qaqaş sənin atan bir igiddir, bir elin fəxr edəcəyi qəhrəmandır, belə kədərli durma, belə məzlum baxma... baxışlarındakı o dumana- çənə qurban!...

Bax, mənim atam da əlçatmaz, ünyetməz bir müqəddəs varlıqdı, əlim çatmır, ünüm yetmir. Ta uşaqlıqdan tay-tuşlarımın, sinif yoldaşlarımın məktəbə gedərkən, məktəbdən gələrkən, lap elə oyun oynadığımız yerlərə atasının əlindən yapışaraq gəlməsi, atasının yanında uşaq sevinci ilə atdanıb düşməsi, ürəkdən gülməsini, sevinməsini gördükcə Allaha yalvarırdım ki, tək bircə dəfə atam gəlsin mən də onun əlindən bərk-bərk yapışım, yanında hoppanım-düşüm, gülüşüm oralara yayılsın. Heç olmasa, 1 dəfə “valideynlər iclası”na anam yox, atam getsin, iclasdan çıxan ataların arasında anam yox, atam olsun! Gəlib qucaqlasın məni, desin ki, oğluma halal olsun, əsl mənəm! Amma anam deyirdi bu sözləri. Deyirdi ki, elə bil atansan ki, durmusan!

Uşaq vaxtı savaşırdıq, bilirsiniz,  balaca oğlanların adəti idi savaşmaq! Həmişə döymürdüm ki, döyülürdüm də! Anama demirdim, amma gecələri başımı yastığa basıb doyunca ağlayırdım. Axı, niyə yanımda deyilsən, niyə filankəsin atası onu qorudu, amma sən gəlmədin ... ?Elə çılğınca ağlayırdım ki..

Çox vaxt yuxuda olanda da ağlayırdım, çünki, çox vaxt anam məni yuxudan oyadıb, nəvaziş göstərirdi, nə olduğunu, niyə ağladığımı soruşurdu. Amma mən təbii ki, demirdim, atamı gözləyirdim, gecələr qaranlıq otaqda ona şikayət edirdim, dərdimi deyirdim...

Amma böyüdükcə, xalqımızın qəhrəman oğluna, şəhid övladına verdiyi dəyər dünyaya baxışlarımı dəyişdi! İndi deyirəm ki, nə yaxşı mənim atam vətəni-xalqı uğruna döyüşüb. Nə yaxşı ki, xalqı onunla fəxr edir! Nə yaxşı ki, mən şanlı övladam və elə kişinin oğluyam! Şəhid övladlarına üz tutub deyirəm...Siz də sevinin! Böyüdükcə necə dəyərli bir insanın övladı olduğunuzu dərk edəcəksiniz!


- Atanızın yolu ilə getdiniz... Siz də polissiniz!


- Məni belə şərəfli bir quruma layiq bilib qəbul edənlərə dərin təşəkkürümü bildirirəm! Bütün şəhidlərimizin o cümlədən şəhid polislərimizin ruhu qarşısında baş əyirəm!


- Bu gün atanızın şəhidliyə yüksəldiyi bir gündür! Dilağardaya getmişdinizmi?


- Düzünü deyim nə qədər ki, Dilağarda işğal altındaydı, atamın anım gününü xalqımızla birgə Füzuli rayonunun Horadiz şəhərindəki Milli Qəhrəmanlar Parkında qeyd edirdik. Qobu Dilağarda kəndi (Dilağarda, Qobu Dilağarda, Araz Dilağarda) 2020-ci il noyabr ayının 9-u Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edildi. 2021-ci ilk dəfə ayağım Dilağada torpağına dəydi. Atamın qovuşduğu torpağa. Bilmirəm , e, o hissləri necə başa salım...

Təsəvvür edin, bir səhradan susuz, dili-ağzında qurumuş kimi gəzirsiniz, girinc olmusunuz su axtarmaqdan və qəflətən qarşınıza bir şəlalə çıxır. Atamın qəbrini görəndə sanki, o susuz adam mən idim şəlaləmi gördüm. Yanan qəlbimə su səpildi. Qəbrin üzərinə yıxılıb, 34 illik gizlətdiyim açılarımı, göz yaşımı rahatca çölə buraxdım. Hönkürtümdən vahimələnirdim... Atam torpağına qovuşmuşdu, mən atama.. Sarmaş-dolaş idik sanki... (kövrəlir, özünü toplamağa çalışır və susur... )

Hər dəfə ora gedəndə özümü çox xoşbəxt, şad hiss edirəm... 2022-ci ildə Dilağardaya gedəndə “eyni yaşımız mübarək , atam” deyə-deyə ora çatdım ! Çünki həmin il mənim 34 yaşım vardı və atamın şəhid olduğu yaşdaydım. Amma yaşasaydı bu ilin sentyabrında 66 yaşını bayram edəcəkdik...

- Mobil, atanız Pəhlivan Fərzəliyevin simasında bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik! Ruhları şad olsun, neçə ki, artıq şaddır! Sən son olaraq nə demək istərdin!

-
- Bu arada məni atama qovuşduran Allaha, Ali Baş Komandana və Azərbaycan ordusuna minnətdaram! Elə o vaxtdan atamı hər il ziyarət edirəm. Gələn ay da gedəcəyəm, inşallah!Atamı ürəyim istəyir.Tez-tez istəyir... Gedəcəyəm!


- Gözünüz aydın olsun!Yurdunuz azad, atanız qəhrəman , özünüzdə onun yolunun davamçısı! Allah xalqımızı hər zaman qələbə, zəfər və səadətlə müjdələsin!


- Söhbətləşdi Əntiqə Rəşid