ASALA ovçusu: Azərbaycanın "Mehmet Özbay"ı, türk dünyasının igid təəssübkeşi

ASALA-nın lideri , türkləri təhqir edən Akop Akopyan 28 aprel 1988-ci ildə Afinada məhv edilir.
Onun cibindən çıxan vərəqədə yazılanlar bütün erməniləri şoka salmışdı: "Sənə Kür Şadın salamını gətirdim. Hamınız bir-bir yox olacaqsız..."
Erməni lideri məhv edən isə, ermənilərin qorxulu röyası olan türk igidi Abdullah Çatlı idi...Bu gün igid türkün doğum günüdür!
O, 1 iyun 1956-cı ildə Nevşehir də anadan olub. 3 noyabr 1996, Susurluq, Balıkəsir ilində qəzada rəhmətə gedib.
Ermənilərin ASALA terror təşkilatının ən təhlükəli liderlərinin zərərsizləşdirilməsi məhz onun adı ilə bağlıdır. Abdullah Çatlı həyatı boyu bir çox saxta pasport və ya adla səfərlər edib: Mehmet Özbay, Mehmet Saral, Hasan Kurtoğlu, Şahin Ekli… Saxta pasport düzəltmə məsələsində peşəkar olan Abdullah Çatlı Türkiyə, Azərbaycan və dünyanın bir çox ölkəsində anti-terror əməliyyatlarına başçılıq edib.
ASALA ovçusu
"Terrorçularla danışıqlar aparılmaz, sövdələşmə olmaz. Terrorçunun başına güllə sıxırsan, savab qazanırsan. Vəssəlam!"
Sizcə kimdir bu qiymətli kəlamların sahibi?
Bir zamanlar Türkiyədəki "Dərin Dövlət"in mənsubu, beynəlxalq "Qladio" şəbəkəsinin üzvü,Türkiyə xüsusi xidmət strukturlarının məxfi operativ agenti. PKK və ASALA terror təşkilatlarına qarşı çeşidli məxfi əməliyyatların təşkilatçısı, iştirakçısı Abdulla Çatlı...
Türkləri qətlə yetirmək, öz maraqlarını həyata keçirtmək üçün Beyrutda 1975-ci ildə qurulan ASALA, 8 il içində 36 türk diplomatını qətlə yetirib. ASALA-ya dəstək verən və himayə edən ölkələrdən biri də Fransa olub. Fransa həmişəki kimi bu gün də erməni terror təşkilatlarına gizli şəkildə dəstək verir.
1982-ci ildə Çatlı dünyanın ən təhlükəli terror strukturlarından biri sayılan ASALA terror təşkilatının bütün (!) rəhbərlərinin məhvini nəzərdə tutan xüsusi əməliyyatı hazırlayaraq gerçəkləşdirməyə başlamışdı.
7 təhlükəli terrorçunun hər birini o, uzun müddət səbrlə izləmiş, sonra isə peşəkarlıqla məhv etmişdi:”Mənim dövlətimə, türk xalqına güllə atan hər bir şəxs demək ki, öləcək yaşdadır. Bütün erməni qurumlarını məhv edərəm, amma bir türk əzdirmərəm. Mən kimsəni əzmədim, əzəni əzdim ayaqlarım altında. Bir şəhid övladının göz yaşı bütün dünyanı başlarına yıxaram".
1983-cü ildə Parisdəki Orli Hava lımanında 8 Türkiyə vətəndaşı partlayış nəticəsində öldürülür. Bu terror aktını ASALA öz üzərinə götürür. Lakin partlayış zamanı zəhərlənmədən və qəlpə yaralarından ümümilikdə 46 nəfərin həlak olması Fransa hökumətinin səbrini daşırır. Fransa polisi teror aktında əli olan 20-dən artıq terroçunu həbs edir. ASALA-nın Fransadakı bazası ləğv edilir. Bütün Avropanı qorxu altında saxlayan bu terror təşkilatının məhv edilməsində isə türk oğlu Abdulla Çatlının rolu böyük olub. Avropada, xüsusilə Fransada fəal olan ASALA məhz Abdulla Çatlı tərəfindən məhv edilib. Bəli...ASALA-nın rəhbərləri Çatlı öldükdən sonra da onun adını eşidəndə qorxurdular, təşviş keçirirdilər...
Həmkarım Mənsur Rəğbətoğlu A. Çatlı ilə bağlı məqaləsində bir türk kəşfiyyatçısının açıqlamasına da yer vermişdi.O yazır:"Abdullah Çatlının ilk dəfə Azərbaycanda görünməsi Dağlıq Qarabağda Ermənistan işğalının başladığı illərə təsadüf edir. Çatlının erməni terrorizminə qarşı əməliyyatlar çərçivəsində Azərbaycana göndərildiyi iddia olunur. “Milliyət” qəzetinin 1997-ci ildə dərc etdiyi bir məqalədə, Çatlının həm mərhum prezident Əbülfəz Elçibəyə qarşı qiyam qaldırmış polkovnik Surət Hüseynov, həm də erməni işğalçılarına qarşı mübarizə məqsədilə Azərbaycana göndərildiyi bildirilir.
İlk səfərlərindən biri isə ermənilərin 1992-ci il fevralın 26-da Xocalıda azərbaycanlılara qarşı soyqırım törətməsindən təxminən üç həftə sonraya – martın 16-na təsadüf edir. Növbəti səfər tarixi isə Hüseynovun qiyamından sonraya düşürdü. Lakin qiyamdan sonra Elçibəyin Kələkiyə getməsi ilə Çatlı Türkiyəyə qayıdır. “Milliyət”in iddiasına görə, Çatlı qiyam vaxtı ülküçü bağları ilə özünə yaxın bildiyi Elçibəyə dəstək vermişdi. Amma Elçibəy sonrakı illərdə “Yeni Ufuk” qəzetinə verdiyi müsahibədə Abdullah Çatlı adında birini tanımadığını, Türkiyədən Azərbaycana ermənilərə qarşı mübarizə və bu məqsədlə hərbçilərə təlim keçmək üçün gəlmiş Mehmet Özbay adlı bir nəfərlə tanış olduğunu, onun razılıq verməsindən sonra “Özbay”ın dörd ay hərbi təlim keçdiyini demişdi.
Elçibəyin sözlərinə görə, Mehmet Özbay, yəni Abdullah Çatlı Azərbaycana gələndə əlində 30 ermənin adının yer aldığı bir siyahı vardı:
“Prezident olarkən Bakıdaydım, əvvəlcədən tanıdığım və erməni dəstələrinə qarşı döyüşən iki dostum yanıma gəldi. Türkiyədən bir qonaqlarının olduğunu dedilər. Kim olduğunu soruşanda adının “Mehmet Özbay” olduğunu söylədilər. Üç-beş dəqiqə ayaq üstə danışdıq. Özbay mənə erməni dəstələrinə qarşı savaşmaq üçün gəldiklərini dedi. Əlində erməni düşərgələrinin koordinatı və otuz nəfər erməninin adının yer alıdığı siyahı vardı. Ona “Bunu etmə, səni öldürərlər, sonra da Türkiyə vətəndaşı burada öldü deyərlər, diplomatik problem yaranar” dedim. Ona dedim ki, sən bizə düşərgələr haqda məlumat ver, qüvvələrimizə təlim keç. Amma bir daha onu görmədim. O hərbçilərimizə təlim verdi, ya yox – bunu bilmirəm. Sonradan əldə etdiyim məlumata görə, bölgələrdən birində əsgərlərimizə təlim keçib”.
Türkeşin Qarabağ planı
Həmin dövrdə Türkiyədən gələn ülküçülərin qurduqları təlim düşərgələrində xüsusi əməliyyat qruplarının yaradıldığı və Qarabağ savaşında Ermənistanda əməliyyatlar keçirdiyi haqda iddialar var. Bu əməliyyatlarda Türkiyədən gələn bəzi ülküçülərin həlak olduğu bildirilir. Bu iddiaya görə, həmin düşərgələr Bakı və Tovuzda, yəni Ermənistanla sərhədlərdə Alparslan Türkeşin təlimatı ilə qurulmuş, İrfan Özcan, Mustafa Yenişəkər və Atilla Kaya bu məqsədlə Azərbaycana göndərilmişdi. Bakıdakı tabora Yusuf Arpacık, Tovuzdakına isə Seyfi Bəy komandanlıq edirdi. Abdullah Çatlının gəlişi də bu dövrə təsadüf edirdi.
Məzarındakı iki bayraqdan biri
Abdullah Çatlı 1996-cı il oktyabrın 3-də Balıkəsirin Susurluk qəsəbəsində avtomobil qəzasında həyatını itirdi. Qəza haqda bir sıra sui-qəsd nəzəriyyələri var. Bunlardan birinə görə, qəzaya səbəb əyləc sisteminin əvvəlcədən sıradan çıxarılması olmuşdu. Yəni bu qəzanın bir sui-qəsd olduğu bildirildi. İddia hər nə qədər öz təsdiqini tapmasa da, bunun arxasında PKK və erməni terror təşkilatı, habelə Qərb kəşfiyyatının adı hallandırılır.
Yaşadığı dövrdə bir türk millətçisi olan Abdullah Çatlı Azərbaycan sevdalısı bir insan kimi də anılır. Təsadüfi deyil ki, məzarının üstündə Türkiyə ilə bərabər dalğalanan iki bayraqdan biri Azərbaycanındır.
3 noyabr 1996-cı il ... Abdulla Çatlının olduğu avtomobil “təsadüfən” traktora çırpıldı. Qəzanın qəsdən törədilməsi ilə bağlı versiya olsa da, bunu sübuta yetirmək üçün faktlar ortaya çıxmadı.
Abdullah Çatlının həlak olduğu qəza vaxtı Çatlının yanında, arxa sol tərəfində oturan Qönçə Us və maşını sürən təhlükəsizlik müdiri Hüseyn Qocadağ da ölmüşdür. Maşının içindəki dörd nəfərdən yalnız DYP (Doğru Yol Partiyası) millət vəkili Sədat Edip Bucaq sağ qalmışdır.
Türk millətinin böyük oğlu Abdullah Catlıya rəhmət diləyir və onun ruhu şad olsun deyirik!
Çatlının doğma şəhərində baş verən dəfn mərasimində təxminən 50 min insan iştirak etdi...Onun məzarında hər zaman Azərbaycan bayrağı olur. Çünki Azərbaycana olan sevgisi sonsuz idi.
A. Çatlı bizi telekanallara kilidləyən “Kurtlar Vadisi” serialındakı Polat Alemdar obrazının prototipidir.
P.S. ASALA yenə xortlayıb...Yenə də "mən də varam" deyir, yenə də türklərin qanını axıtmaqda israrlı görünür. Bəs bizim ermənilərə qan udduran DİFAİ-miz yenidən canlanacaqmı? Yeni Abdulla Catlımız oğulacaqmı? Hələ ki gözləyirik... düz 1993-cü ildən gözümüz yollardadır.
Əntiqə Rəşid
Digər Xəbərlər

"Rusiya kəşfiyyat şəbəkələrinə qarşı açıq əməliyyat mərhələsi başlayıb" - Osman Gündüz

Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı - AÇIQLAMA + VİDEO
