Alkoqolizm asılılığı: bəşər nəslinin ən qəddar və yırtıcı düşməni
Alkoqolizm- spirtli içkilərin vaxtaşırı qəbul edilməsi nəticəsində insanda psixi və fiziki asılılığın əmələ gəlməsi ilə bərabər xroniki intoksikasiya yaradan bir xəstəlik hesab olunur. Alkoqolizm özü ilə birlikdə insanlara yaxşı heç nə gətirmir.
Mütəxəssislər sübuta yetirmişlər ki, spirtli içkilərdən asılılıq və onlara həddindən artıq aludəçilik insanlarda 200-dən çox xəstəliyin yaranmasına səbəb olur. Bunlara nevroloji və psixi tutulmalar, baş-beynin müxtəlif xəstəlikləri, orqanizmdə xərçəng xəstəliyi riskinin artması, koronar damar xəstəliyi, ürək əzələlərinin disrofik piy degenerasiyası, stenokardiya, miokard infaktı, yaddaş çatıçmazlığı, sinir sisteminin pozulması, qastrit, mədə xorası, qaraciyər serrozu, hepatit ağırlaşmaları, göz ətrafında şişkinlik, mədəaltı vəzinin zədələnməsi, yuxunun pozulması, şəkərli diabet, yerişdə, danışıqda, şəxsi davranış və hərəkətlərdə müxtəlif mənfi dəyişiliklərin baş verməsi və s. aid etmək olar.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəstələrə alkoqolizm diaqnozunu qoymaqdan ötrü 6 meyar işləyib hazırlamışdır. Bu meyarın birincisi və ya ən əsası insanın içki qəbuluna nəzarət edə bilməməsidir. İkinci meyar içki istəyidir, yəni insan hər gün, özü də daha yüksək dozada spirtli içki içmək arzusunda olur. O, Ailədəki, məktəbdəki, işdəki və cəmiyyətdəki qayda-qanunları tezliklə unudur, problemləri isə qulaqardına vurur. Üçüncü meyar orqanizmin spirtli işkinin qəbuluna müvəqqəti olaraq tab gətirməsi, yəni dözməsidir. İzah olunur ki, ilk vaxtlarda bu hal, yəni orqanizm normadan artıq spirtli içkini qəbul etməyə və həzm etməyə çalışsa da, bir müddətdən sonra onun bu məsələni həll etməyə imkanı tükənir, gücü çatmır. Əsas orqanların iş fəaliyyəti zəifləyir, tədricən isə pozulmağa başlayır.
Dördüncü meyara həkimlər özləri abstinent sindromu adı veriblər. Bu əlamət onunla fərqlənir ki, spirtli içkini qəbul edəndən bir gün sonra insan özünü əzgin, yorulmuş və kefsiz kimi hiss edir. Başı dumanlanır, əlləri əsir. Yenidən ürəyindən spirtli içki qəbul etmək istəyi keçir. Elə bu vaxtlardan da orqanizmdə alkoqol zəhərlənmələri baş qaldırır. Başgicəllənmə və başağrısı ona rahatlıq vermir. Səhhətində çoxlu problemlər yaranmağa başlayır.İçki içəndən bir gün sonra yenə özünü pis hiss edir. Vəziyyətini yaxşılaşdırmaqdan ötrü təzədən alkoqol qəbul etməyə çalışır və təkrar-təkrar yenə də onu qəbul etməyə müvəffəq olur. Bax, hər gün ardıcıl olaraq artan yüksək doza ilə spirtli içki qəbul edən belə insanlar nəticədə alkoqolizm xəstəsinə çevirilirlər.
Beşinci meyarda hər dəfə yüksək dozada spirtli içki qəbul edilməsinə artıq orqanizm daha dözə bilmir, o tədricən zəifləməyə başlayır.
Altıncı, sonuncu meyar spirtli içkinin hər gün qəbulu onun insan həyatında əsas həlledici amilə çevirilməsidir. Qalan bütün məsələlər: ailə, məktəb və ya iş, dostlar, qohumlar, eləcə də mədəni, məişət və sosial məsələlər isə arxa plana keçirilir.
2019-cu ildə dünyada ən çox spirtli içki qəbul edən ölkələrin adları məlum olub. I-III yerləri İtaliya, Avstriya və Fransa , 7-ci yeri isə qonşu Rusiya tutub. Dünyada ən az içki qəbul edən ölkələr arasında Türkiyə və İndoneziya da var.
ÜST -nın dünyanın 30 ölkəsində apardığı araşdırmaya görə törədilən cinayət əməllərinin 85 faizinin, yol-nəqliyyat hadisələrinin 61 faizinin, cinsi təcavüzlərin 80 faizinin, yanğın hadisələrinin 16 faizinin spirtli içki aludəçiləri tərəfindən törədildiyi sübuta yetirilib. ÜST-nın apardığı araşdırmalar və təhlillər nəticəsində məlum olmuşdur ki, alkoqalizmə düçar olmuş insanlar arasında normal səviyyəli insanlara nisbətən ailədə hər şeyin 16 dəfə artıq bərbad edildiyi, 30 dəfə artıq zəhərlənmə hallarının törədildiyi, 58 dəfə artıq özünüintihar hadisəsinin baş verdiyi məlum olmuşdur. Bundan əlavə araşdırılan ölkələrdəki ruhi xəstələrin 40-50 faizini, həbsdə olanların isə 50 faizini ifrat dərəcəli alkoqol meyilli insanlar təşkil edir. Son illərdə qadın alkoqolizmi xeyli dərəcədə yüksəlib. ÜST-nın hesablamalarına və apardığı müqayisələrə əsasən hamilə qadınlar arasında alkoqolizm aludəçilərinin aqibəti daha dəhşətli formada olur. Onların dünyaya gətirdikləri körpələr haqqında hesabat məlumatlarını dinlədikdə insanın ürəyi ağrıyır.
Amerika həkimləri spirtli içkinin təsirinin yaxşı və ya pis nəticəsini təcrübədə yoxlayıb sübut etmək məqsədilə 1909 nəfər xəstə üzərində müşahidə aparmışlar. Nəticədə məlum olmuşdur ki, spirtli içki hətta az miqdarda içildikdə belə öz mənfi təsirini göstərir. Həkimlər təcrübə və təhlillər sayəsində içki qəbulu nəticəsində beyində kiçilmə hadisəsinin baş verdiyini təcrübədə sübuta yetirmişlər.
Spirtli içkilərin insana zərəri haqqında dahilər, mütəfəkkirlər, şairlər məşhur təbiblər, pedaqoq- alimlər, psixoloqlar və s. onun artıq ölçüdə qəbulunun insanı mədəniyyətdən vəhşiliyə doğru apardığını söyləmişlər. Bu məqaləmizdə həmin aforizmlərdən və atalar sözlərindən bir neçə nümunə göstərmək yerinə düşər. Məşhur Azərbaycan şairi Əfzələddin Xaqani spirtli içki haqqında belə bir ifadə işlədib: “İçkinin başlanğıcı günah,ortası sərxoşluq, sonu isə fəlakətdir”. Azərbaycan dramaturqu və maarifçisi Mirzə Fətəli Axundov isə sərxoşluğa belə qiymət verib: “Sərxoşluq əxlaqi cəhətdən ən eybəcər əlamətdir”. Bir filosofdan soruşurlar ki, içkiyə niyə belə nifrət edirsən? O, cavabında: “Çünki hətta kralları diz çökdürən igidlər də içkiyə məğlub olublar”-demişdir. Bir məşhur atalar sözü neçə illər keçsə də bu gün də öz dəyərini qoruyub saxlayıb: “Sərxoş olub kişilikdən dəm vuranın qeyrəti araq şüşəsində olar”və s.
Alkoqolizm sərxoş vəziyyətində olan nadan və nəfsinə sahib çıxa bilməyən insanların başına min oyun açır. Onları həm gülməli, həm ağlamalı, həm də gülünc və acınacaqlı vəziyyətə salır. Bəzilərini də içkinin təsiri altında cinayət törətməyə, oğurluq etməyə, zoraklığa, alçaq və qeyri səmimi hərəkətlər: əxlaqsız, insanlıqdan kənar, qəddarlığı ilə seçilən cinayət hadisələri törətməyə göndərir.
Həkimlər həyəcan təbili çalaraq alkoqolizm yolunu yeni tutmuş xəstələrə tezliklə müalicə olunmalarını tövsiyə edirlər. Belə xəstələr düz yoluna qayıdaraq vaxtında müalicə olunmasalar onların neçə-neçə digər xəstəliklərə tutulacağı barədə bədbin proqnozlar verilir.
Alkoqolizm müalicə olunur. Lakin gərək müalicə alan xəstə birinci bu işə tam istək və razılıqla yanaşsın. İkinci spirtli içki qəbulunu tamamilə dayandırsın. Həkimlərin dərmanla müalicəsi, psixoloqların səyləri nəticəsində əvvəlcə xəstədə içkiyə nifrət hissi yaradılır. Xəstələr spirtli içkilərin insana vurduğu ziyan barədə geniş məlumatlandırılır.
Sərxoşluq uzun illərdən bəri ən vacib problemə- bəşəriyyətin tam həllini tapa bilmədiyi ictimai və sosial bəlaya çevirilib. Dünyanı silkələyən bu bəla insanların ağılını başdan almaqla onları dibi görünməyən uçurumlu ölüm dərəsinə yuvarlaqlandırır. Dünya birliyi, beynəlxalq nüfuzlu təşkilatlar isə aludəçiliyin ildən-ilə artmasının qarşısını hələ tam ala bilməyib. Məhz ona görə də alkoqolizmə qarşı təkcə həkimlər , müəllimlər, hüquqşünaslar və psixoloqlar deyil, bütün cəmiyyət, bəşəriyyətin tərəqipərvər qüvvələri hamılıqla mübarizə aparmağa borcludurlar.
Zakir Bayramlı,
Şair-publisist, AY və AJ Birliklərinin üzvü, təhsil işçisi
Digər Xəbərlər
04 Aprel 2026 15:05
Aqil Abbasın "Rəmiş"i, yaxud ruhun sınağı - Elnarə AKİMOVA yazır
03 Aprel 2026 16:55
Deyirlər ki, kitab oxuyan yoxdur...
03 Aprel 2026 12:42
Üç aprel, üç “yaxşı ki...” - Pərvanə Bayramqızı yazır
02 Aprel 2026 12:13
Vaqif Bəhmənli: APRELİN 1-i
02 Aprel 2026 11:30
İkinin arasında qalan Biri qorumalısan! - Rza Rzayev yazır
02 Aprel 2026 10:23
AQİL ABBASIN RƏMİŞİ və RƏMİŞİN AQİL ABBASI - RASİM MÜZƏFFƏRLİ yazır
01 Aprel 2026 17:47
İstanbulda Əhməd bəy Ağaoğluna həsr olunan kitabın təqdimatı keçirilib
01 Aprel 2026 15:24


Bakı -°C

