07 Dekabr 2023 16:09
488
SİYASƏT

“ABŞ konqresmenləri Ermənistana vəkillik etməklə revanşizmi dəstəkləyirlər”

Ermənipərəst konqresmenlər yenə öz ampluasındadır. Bu dəfə 50 konqresmen və 10 senator ermənidən daha çox erməni kimi çıxış edərək, Nümayəndələr Palatasının spikeri Mayk Conson, həmin Palatada demokratik azlığın rəhbəri Hakim Cefris, Senatda demokratik çoxluğun lideri Çarlz Şumer və respublikaçı azlığın rəhbəri Mitç Makkonela məktub ünvanlayaraq “həssas” (vulnerable) “demokratiya” kimi təqdim edilən Ermənistana ABŞ-ın yardım göstərməsi ilə bağlı məktub ünvanlayıb. Məktubda Ermənistanın vəkili qismində çıxış edən senator və konqresmenlər  Azərbaycanın BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq öz ərazi bütövlüyünü təmin etməsini “təcavüz” kimi qələmə verməyə çalışır. Eyni zamanda guya mövcud humanitar çağırışların qarşılanması üçün Konqresdən xahiş edilmiş büdcəyə əlavə vəsaitin daxil edilməsini “güclü” şəkildə dəstəklədiklərini qeyd edirlər. Maraqlıdır ki, Ermənistanın 30 illik işğal siyasəti ilə bağlı 1 dəfə də olsun Azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsinə qalxmayan ABŞ üstəlik münaqişənin həllində vasitəçi olduğu halda həmsədr mandatının bütün öhdəliklərini pozmaqdan çəkinməyib.  Qərbin siyasəti hər zaman Cənubi Qafqazda “status-kvo”nu qoruyub saxlamağa, işğalçı ilə işğala məruz qalan arasında fərq qoymamaqla seçilib. BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin icrası ilə bağlı susqunluq və laqeydlik nümayiş etdirərək, Ermənistanı işğala, “yeni torpaqlar uğrunda yeni müharibələr”ə həvəsləndirib. Azərbaycanı təslimçi sülhə təhrik etməkdən çəkinməyən ABŞ bir dəfə də olsun Qərbi Azərbaycandan didərgin düşmüş azərbaycanlıların məsələsini gündəmə gətirməyib. Amma məlum qərəzli məktubda Azərbaycanın guya Ermənistanın ərazisinə qarşı “təcavüzünü davam etdirəcəyi” ilə bağlı narahatlıq ifadə edilir. Ölkəmizin Ermənistanın cənubuna “Qərbi Azərbaycan” kimi istinad etdiyi, habelə, Azərbaycanla sərhəddə yerləşən və “erməni” mənşəli kimi təqdim edilən səkkiz kəndin azad edilməsinə çağırış edildiyi qeyd edilir. Hansı təcavüzdən söhbət gedə bilər? Azərbaycan öz ərazi bütövlüyünü, öz suverenliyini bərpa edib. Biz bütün addımlarımızı beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində atmışıq. 

Məktubda qərəz və ikili standartlar o həddə çatır ki, hətta  Ermənistanın Rusiyadan uzaqlaşması Qərb “demokratiyaları” ilə yaxın münasibətlər kimi qələmə verilir. Yəni bu gün ABŞ-ın diktəsilə otururb-durmaq “demokratiya” göstəticisi hesab olunur. Bu yanaşma ABŞ-ın məlum “demokratiya zirvəsi”nə dəvət olunan ölkələrin siyahısını xatırlamağa vadar edir. 

Təcrübəyə əsaslanaraq qərbsayağı demokratiyanın ölkləri və xalqları hansı fəlakətlərə sürüklədiyini görmək çətin deyil. Bu gün ABŞ-a onun diktəsilə hərəkət edən, öz müstəqil siyasəti olmayan marionetlər daha çox uyğundur. Azərbaycan kimi müstəqil, iqtisadi baxımdan güclü, öz iradəsilə hərəkət edən bir ölkə ABŞ-ın maraqlarına uyğun gəlmir.

Ermənistana demokratiyaya dəstək adı altında göstərilən maddi və mənəvi dəstəklər isə forpostu revanşizmə həvəsləndirir. ABŞ Konqresindən xahiş edilmiş əlavə büdcədən Ermənistan üçün 10 milyon ABŞ dolları “Xarici Hərbi Maliyyələşmə” (Foreign Military Financing) proqramı üçün vəsait istənilir. Həmçinin ümid ifadə edilir ki, əlavə büdcədə humanitar yardım məqsədi üçün nəzərdə tutulmuş vəsaitdən Ermənistana gəlmiş 120 min “qaçqın” üçün müəyyən məbləğ ayrılacaq. Maraqlıdır ki, Aİ rəsmisi Jozef Borrel kimi amerikalı konqresmenlər də “qaçqın” sayını şişirtməklə öz məkrli xislətlərini nümayiş etdirirlər. Bu, növbəti ikili standartlar siyasətinin təzahürüdür. ABŞ azad olunmuş ərazilərin minalardan təmizlənməsində, keçmiş məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmasına da belə canfəşanlıq nümayiş etdirsə daha ədalətli olardı.