adalet.az header logo
  • Bakı -°C
29 Iyun 2026 13:55
81
DÜNYA
A- A+

150 milyon insan anomal istilərə məruz qalıb - ÜST-nin baş direktoru

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Avropada müşahidə olunan isti hava dalğası ilə bağlı X sosial media hesabında paylaşım edib.

Adalet.az xəbər verir ki, o paylaşımda bildirib ki, Avropa qlobal orta göstəricidən iki dəfə sürətlə və dünyanın ən çox isinən qitəsidir. Onun sözlərinə görə, hazırda 150 milyon insan anomal istilərə məruz qalıb, yüzlərlə insan həyatını itirib, məktəblər bağlanıb, elektrik şəbəkələri isə çökməyə başlayıb.

Baş direktor qeyd edib ki, iqlim dəyişikliyi və qlobal istiləşmənin təsiri nəticəsində əvvəllər “bir nəsildə bir dəfə baş verən” isti hava dalğaları artıq demək olar ki, hər il müşahidə edilir. Qebreyesus əlavə edib ki, bu barədə əvvəllər də dəfələrlə xəbərdarlıq edilib: “Avropada iyunun 21-dən bəri yüksək temperaturla əlaqədar 1300-dən çox ölüm hadisəsi qeydə alınıb. İstilik stresi çox vaxt “səssiz qatil” adlandırılır, Avropadakı evlər, iş yerləri və məktəblər bu cür yüksək temperaturlara uyğun inşa edilməyib”.

O qeyd edib ki, ÜST üzv dövlətlərlə və tərəfdaşlarla birlikdə hazırlıq, profilaktika və səhiyyə sistemlərinin cavab imkanlarının gücləndirilməsi istiqamətində çalışaraq, həddindən artıq istilərin yaratdığı sağlamlıq risklərinin aradan qaldırılması üçün fəaliyyət göstərir. “Xüsusilə iqlim dəyişikliyinə qarşı sağlamlığın qorunmasına yönəlmiş daha geniş gündəliyin bir hissəsi olaraq, Avropa ölkələrini istiliklə bağlı sağlamlıq fəaliyyət planlarını həyata keçirməyə təşviq edirik”, - deyə Tedros Adhanom Qebreyesus diqqətə çatdırıb.