26 Aprel 2021 14:43
87459
MARAQLI

10 illik gizli sevgi, öləndə belə görünüşünə diqqət edən Eva

Təxminən 30 milyon insanın qatili olaraq tanına, dünyanın ən güclü qitəsi Avropada aranı qarışdıran, tarixə gəlib-getmiş ən cani adam. Kin, nifrət kimi hissləri tanımaq üçün onun  gözlərinə baxmaq kifayət idi.

Rəssam olmaq arzusu ilə Vyana İncəsənət Akademiyasına daxil olmaq istəyir. Lakin akademiya tərəfindən ona rəssamlığa yararsız olması izahatı ilə iki dəfə rədd cavabı verilir. Və bundan sonra başlayan “yəhudi əlehydarlığı” siyasi gücünü əldə etdikdən sonra “yəhudi düşmənliyi”nə çevrildi.

Çadır düşərgələri, insanların heyvan kimi istifadə olunduğu təcrübələr, qaz otaqları, aclıq, II Dünya Müharibəsi, Almanları ali irq görməsi və s.

Hər çıxışında nifrət qusur, jestlərilə izdihamın nəbzini əlində tutursu. İnsanları elə sehirləmişdi ki, öl desə, öləcəkdilər, öldür desə, öldürəcəkdilər. Hamını bir-birinə elə vurdu ki, fərqli bir dinə inanır deyə qonşularının, dostlarının öldürülməsinə xalq səsini çıxarmadı. 

Çünki başlarında böyük bir lider var idi. Sadəcə Almaniya üçün çalışan, özünü ali irqə həsr edən bir adam. Ancaq bu “böyük” adam təkbaşına başlatdığı müharibənin vurduğu ziyanı görməkdən belə qorxacaq və hamıya cəsarəti təbliğ etdiyi halda özü qorxudan intihar edəcəkdi.

Belə bir adamı kim sevər, kim ona bağlanar, kim arxasınca gedər – deyə düşünür hamı, amma hər kor satıcının bir kor alıcısı mütləq ki var.

Hə, budur, Hitleri dəlicəsinə sevən, onunla gülüb onunla ağlayan, son nəfəsinə qədər ümidini ondan kəsməyən, Eva Braunun, yəni Hitlerin ilk sevgisinin əsl hekayəsi.

16 fevral 1912-ci ildə doğulan Eva Braun bir dərzi ananın və müəllim atanın qızı idi. Qadınların alman iqtisadiyyatında rol aldığı, birlikdə işləyib, birlikdə yüksəlmə dövründə ali məktəbi bitirən kimi atası onu fotoqraf Hoffmanın yanına yollayır. İşi ilə gözə girməyi bacaran Eva Hoffamın köməkçiliyi ilə bərabər həm də modellik etməyə başlayır.

Hoffman isə sıradan, bəsit bir fotoqraf deyildi. O, Nazi Partiyazının broşürlərini hazırlayan, afişalarını asan, eyni zaman da Hitlerin şəxsi fotoqrafı idi. Elə o böyük qarşılaşma da burada yaşandı.

İşlərin durğun, heç kimin gəlib-getmədiyi dövrdə Eva özünün yeni çıxan fotolarına baxırdı. İçəri bir adam girdi, bəstəboy, amma əzəmətli görünən, qəribə tərzi olan, saçları başının solundan ayrılıb sağına doğru daranmış fərqli görünən biri idi. Eva ilk baxışdaca bu adama vurulmuşdu. Hitlerin də bir neçə görüşdən sonra ondan xoşu gəlmiş və onu evinə dəvət etmişdi. Əvvəlcə bu təklifə soyuq davranan Eva, sonra Hitlerin cazibəsinə dözməyib təklifi qəbul etmişdi. Amma Nazi Partiyasının gündən-günə yüksəldiyi bir dövrdə gecələri qadınlarla keçirtməyə vaxt yox idi. Mitinq etmək üçün bir gün içində bir çox şəhər dəyişdirən Hitler Eva ilə maraqlanmır və bu vəziyyət Evanın qısqanmasına yol açırdı. İnsanın işinə bu qədər aşiq olması Evanı hər gün daha çox incidir, nə qədər sakit biri olsa da, gündən-günə əriyir, gecələr gizlicə ağlayır, hər gecə səhər onu görmək ümidilə yatır, amma səhər oyanan kimi tək olduğunu görüb yenə ağlamağa başlayırdı.

Hitlerin qollarında oyanmamaq ona əzab verir, onsuz yaşamayacağını düşünüb atasının silahıyla özünə qəsd etməyə çalışsa da, alınmır. Məqsədi özünü öldürmək olsa da, bu hərəkətilə Hitlerin diqqətini çəkməyi bacardı. Hitler artıq onunla tez-tez vaxt keçirir, ona bahalı hədiyyələr alır, mitinqlərə getdiyi şəhərlərə onu da yanında aparırdı. Nazi Almaniyasının hökm sürdüyü illərdə qadınların iş həyatından uzaqlaşdırılaraq sadəcə uşaq doğmağa yönəldildiyi bu dövrdə Eva var-dövlət içində yaşayır, özünə bahalı qumaşlardan geyimlər tikdirir, zinət əşyalarını evdə olduğu zaman da barmaqlarından çıxartmırdı. Xüsusən onun üçün işləyən dörd dərzi Evanın zövqünü oxşamaq üçün çalışır, gündə yeddi paltar dəyişdirən Evanın xidmətində dururdular. Bu ərəfədə sevgilisi yəhudiləri ölüm düşərgələrinə göndərir, xalqının işsizlikdən ölməsinə izn verir, Almaniyanı göz görə-görə müharibəyə sürükləyirdi. O isə qulaqlarını tıxayır, onu xəbərdar edən insanlara əhəmiyyət vermirdi. Heç vaxt nə siyasətlə maraqlanmadı, nə də Hitlerin yəhudilərə qarşı etdiklərini tam olaraq bildi. Halbuki Hitler öz katibəsinə Evanın təmiz alman olub-olmamasını yoxlamağı tapşırmışdı. Yəni əgər Eva alman çıxmasaydı, o da ölüm düşərgələrində ölümə məhkum olacaqdı.

Bir müddət sonra yenə Hitlerin ona qarşı diqqətinin azaldığını görən Eva köhnə fəndinə əl atıb ikinci dəfə intihara cəhd etdi. Bu vəziyyət onun ailəsini çox narahat etmişdi. Mühafizəkar, amma qatı alman milliyətçisi olan atası bir mitinq ərəfəsində Hitlerə heyran qalmışdı. Təsirli çıxışı, bədən dili və alman üstünlüyünü aşılayan ideologiyası Hitleri yaxşı bir kürəkənə çevirmişdi. Aralarında heç bir problem qalmamış, ikinci intiharın ardınca Hitlerin sevgisini, diqqətini qazanmışdı. Amma aralarındakı münasibətdən heç kimin xəbəri yox idi. Hitler onu hər yerə katibəsi kimi aparırdı. Eva sadəcə xanım Eva Hitler idi, bu sevgidən alman xalqının xəbəri olmamalı idi. Çünki Hitler özünü tamamilə alman xalqına həsr etmiş bir fədai olaraq bilinməli idi.

29 aprel, 1945-ci il, müharibədə məğlubiyyətdən qaça bilməyən alman ordusu Berlinə qədər geri çəkilmişdi. Qızıl Ordu paytaxtı dayanmadan bombalayır, daş üstündə daş buraxmırdı. Bir adamın başlatdığı və milyonlarla insanın öldüyü bir müharibə artıq son anlarında, hətta son saatlarında idi. Hitler düşdüyü vəziyyətdən çıxış yolu arayır, Eva isə onunla evlənəcəyini, bir ömür xoşbəxt yaşayacağını xəyal edirdi.

Qızıl Ordu Berlini bombalayır, yerdən 8 metr aşağıda isə toy hazırlıqları gedirdi. Hətta nikah məmuru belə tapmışdılar. Yeməklər hazırlandı, şampanlar açıldı, ölüm düşərgələrində ölən yəhudilərin üstündən yığılan zinət əşyalarının içindən çıxan alyansları barmaqlarına taxıb Qızıl Ordunun cəmi-cümü bir neçə kilometr yaxınlığında evləndilər. Təpələrə yağan bombalar sığınacağın divarlarını silkələyir, boyalar qopub yerə tökülür, piano, skripka və bomba səslərinin müşyiətilə rəqs edirdilər. 

Hitler hələ də sakit və düşüncəli olmasına rəğmən Eva necə lazımdı bəzənib-düzənmiş və ətrafa gülüş səpələyirdi. Çünki o, ən böyük xəyalını gerçəkləşdirmişdi.

Sonrakı naharda artıq Qızıl Ordu sığınacağın qapılarına qədər gəlmişdi. Yeməkdən sonra əri ilə otaqlarına getdilər. Təxminən 8 dəqiqə sonra silah səsi eşidildi. Adamlar otağa girən zaman gözəl bir yuxudaymış kimi görünən Evanı və özünü başından vuran Hitleri gördülər. Görünüşünün pozulmasını istəməyən Eva sadəcə zəhərli dərman içmişdi, Hitler isə həm dərman içmişdi, həm də özünü silahla vurmuşdu. Vəsiyyətləri təkcə cəsədlərini yandırılması idi.

Cəsədləri sığınacağın gizli baxçasında tez-bazar yandırılaraq vəsiyyətləri yerinə yetirildi.

Hitler həyatının sonunadək Evaya dəfələrlə xəyanət etdi. Bunların arasında ən diqqət çəkənlərdən biri alman müğənni və aktrisa Renata Müller idi.

Renata Hitlerin onu zorlamağa məcbur etdiyini demişdi. Lakin istəyi bununla bitməyən Hitler qadını onu söyüşlərlə təhqir etməyə və qamçılamağa məcbur etmişdi. Bu iddianın nə qədər həqiqət olduğu bəlli olmasa da, Renatanın da taleyi Hitlerin həyatındakı digər qadınlar kimi oldu. 1937-ci ildə özünü pəncərədən ataraq intihar etdi.

Hitler necə bir sonluq düşünürdü, bilmirik, amma bir şey dəqiqdir ki, Eva on illik sevgi həyatında ən xoşbəxt bir neçə saatını yaşayıb öldü. Ona “qızıl qəfəsdə yaşayan qadın” deyirdilər. Gizli bir sevginin pərdəarxası, sağlığından heç vaxt bilinməyən “birinci xanım”ı.

Hazırladı: Eminquey