Vaqif Cavadov: "Yüksəlişdə olanda da mənə qiymət verilmirdi"

O, bir zamanlar Azərbaycan futbolunun gələcəyi hesab edilirdi. Əvvəlcə Rusiya MOİK-nin ikinci komandasındakı çıxışları, ardınca bu ölkənin U-17 komandası, ardınca Azərbaycan millisi, "Qarabağ", "Tvente" dönəmi... Və bu gün. Vaqif Cavadov klubsuzdur. Nə baş verdi ki, ölkənin ən istedadlı futbolçularından biri futbolsuz qaldı? "Ədalət" qəzetinin bu və digər suallarımızı millimizin sabiq futbolçusu Vaqif Cavadov cavablandırır.
- Vaqif, bildiyimə görə hazırda fərdi məşqlər edirsiniz. Hazırlıq prosesi necə gedir?
- Heç bir klubla məşq etmirəm, özüm formamı saxlayıram. Artıq bir aydır ki, məşq edirəm.
- Danışıq apardığınız klub varmı?
- Hələ yaya kimi gözləməliyik.
- Ancaq azad agent statusu ilə indi də müqavilə bağlaya bilərsiniz.
- Onsuz da çempionat bitmək üzrədir, yayı gözləyək.
- İstərdim ki, karyeranızın əvvəli ilə bağlı bir neçə sual verim. Azərbaycana gəldiyiniz ilk illər adınızdan söz etdirirdiniz. Sonradan nə baş verdi ki, klubsuz qaldınız, ümumiyyətlə, hansı səbəblər Vaqif Cavadovu futbolsuz qoydu?
- Bu çox böyük mövzudur, ortada böyük nüanslar var. Bunu yalnız futbolçu karyeramı bitirdikdən sonra açıqlaya bilərəm. Əslində, indi də demək olar.
- Detallı olmasa da, əsas faktorları deyə bilərsiniz.
- Yüksəliş dövründə olanda da mənə qiymət verilmədi. Təbii ki, oynamadıqca eniş qaçılmazdır. Hər bir futbolçu daim oynamalıdır ki, formadan düşməsin. Hətta Messi də ehtiyatda qalsa, formasını itirəcək.
- Sizin "Tvente"yə gedişinizi səhv addım saymaq olarmı?
- Arzu edərdim ki, hər bir futbolçumuz belə bir kluba transfer olunsun. Hətta oynamasa da, çempion olsun.
- Yəni, oynamadan çempion olmaq da uğur sayılırmı?
- Mən "Tvente"də kubok oyunlarında meydana çıxmışam.
- Yanılmıramsa, Stiv Maklarenin gedişindən sonra sizə ehtiyac duyulmamışdı.
- Bəli, iki dəfə baş məşqçi dəyişikliyi oldu, həm də zədələndim. Bütün bunlar artıq arxada qaldı. Ancaq onu deyə bilərəm ki, hər bir azərbaycanlı futbolçu Hollandiya çempionatının lideri olan kluba transfer edilsin. "Tvente" məni transfer edəndə onlar çempionatda birinci yerdə idi. Məni onlara heç kim təklif etməmişdi, özləri istəyib transferimi həyata keçirmişdilər.
- Deyə bilərikmi ki, bizim futbol markamızın elə də yüksək olmaması bir çox hallarda legioner futbolçularımıza maneçilik törədir?
- Əgər mən ora getmişəm, deməli, azərbaycanlı futbolçuya da ehtiyac ola bilər. Məndən başqa da legioner futbolçularımız olub. Bu, oyunçunun özündən və istedadından asılıdır. Yaxşı futbolçu hər zaman nəzərə çarpır.
- Rusiyanın U-17 millisinin əsas üzvlərindən idiniz və günün birində Azərbaycan milli komandasını seçmək qərarına gəldiniz. İndiki vəziyyətdə verdiyiniz həmin qərara görə peşmansınızmı?
- Heç vaxt peşman olmamışam. Şadam ki, öz vətənimə dönmüşəm, burada uğur qazanıb, xaricə yollanmışam. Çoxları hesab edirdi ki, Azərbaycana gəlməklə, səhv addım atdım. Ancaq "Tvente"yə transfer olunmağımla sübut etdim ki, səhv etməmişəm.
- Azərbaycana gələndə neçə yaşınız var idi?
- On altı yaşım var idi.
- Rusiyanın əsas millisinə düşmək imkanınız var idimi?
- Mən Rusiyanın İqor Kolavanovun başq məşqçisi olduğu U-17 millisinin oyunçusu idim.
Onlar həmin ərəfədə Avropa çempionu oldular, mən öz vətənimi seçdim. Mənə buranın aşağı yaş qruplarına deyil, birbaşa milli komandaya dəvət gəlmişdi. On altı yaşımda Azərbaycan millisinin şərəfini qorumuşam.
- Ramil Şeydayev də Azərbaycan çempionatında uğur qazana bilmədi və Rusiyayay qayıdandan sonra ard-arda dörd qol vurub...
- Ramil Şeydayev istedadlı və bacarıqlı futbolçudur, yaxşı ki, özündə güc tapdı və sınmadı. Ona uğurlar arzlayıram. Bir daha deyirəm ki, futbolçu oynamalıdır ki, nəticə versin.
Şeydayev "Krılya Sovetov"da əsas heyətdə oynaya-oynaya qollar vurur. Cəmi bir oyunda meydana çıxandan üç dəqiqə sonra fərqlənib. Digər qolların hamısını əsas heyətdə meydana çıxaraq vurub. Amma Azərbaycanda ona çox şans verilmirdi. Sonradan meydana daxil olub hər dəfə qol vurmaq olmur. Amma zəif istedadı olan futbolçu da daim oynamaqla, güclü futbolçuya çevrilə bilər.
- Siz də son dönəmlərdə "Qarabağ"ın əsas heyətinə düşə bilmirdiniz. Karyeranızın eniş nöqtəsi kimi bunu hesab etmək olarmı?
- Nəinki "Qarabağ"da, istənilən klubda daim oynamalısan ki, artırasan. Mən "Keşlə"yə Maksimovun dövrünə yeni gələndə oynamırdım. Amma ikinci dövrədə əsas heyətdə oynadım və həmin il kubokun finalında "Qəbələ"ni məğlub etdik.
- Milli komandada hansı məşqçilərlə işləmisiniz?
- Şahin Diniyev və erti Foqtsla işləmişəm. Prosineçkinin dövründə isə cəmi bir oyuna - Maltayla qarşılaşmaya çağırılmışam.
- Bu üç məşqçidən sizinçün hansı daha doğmadır?
- Berti Foqtsu deməsəm, olmaz. O, Azərbaycan futboluna çox şey gətirib. O, həm futbolçuya qiymət verməyi öyrətdi, həm də pis çıxmasın, mediaya milliyə necə yanaşmağı aşıladı.
- Mahir Şükürov müsahibələrinin birində bildirmişdi ki, Berti Foqtsun vaxtında millinin heyəti çox güclü idi, sadəcə rəqiblər münasib olmurdu deyə, yaxşı nəticə qazana bilmirdik. Məsələn, o heyətlə Millətlər Liqasında nəticə qazanmaq olardımı?
- Təbii ki, bu, futboldur, əminliklə nəsə demək çətindir. Amma o vaxt belə bir turnir olsaydı, yəqin ki, nəticə qazanardıq.
- Məsələn, o heyətlə Kosovoya səfərdə 4:0 məğlub olardıqmı?
- Kosovanın oyunçuları güclü çempionatlarda oynayır, nəsə demək çətindir.
- Milli komandamızın oyunlarına baxırsınızmı?
- Əlbəttə.
- Bəs milli çempionata?
- Bəli, baxıram.
- 8-10 il əvvəlki çempionat daha maraqlı idi, yoxsa indiki?
- Əlbəttə, əvvəlki çempionat daha maraqlı idi. Ona heç kim şübhə edə bilməz. Əvvəl çempionatda "Xəzər Lənkəran"la "Neftçi" oynayanda qırğın olurdu. "Qarabağ", "Bakı", "İnter", "Simurq", "Kəpəz", Turan" kimi güclü komandalar çıxış edirdi. İndi "Qarabağ"la "Neftçi"dir ki, bu rəqabət də hər zaman olub. Bu iki komanda hər zaman futbolçulara qiymət verib.
- Milli çempionatımızda təxminən 300 oyun keçirmisiniz. Ən arzuolunmaz müdafiəçi kimi hesab edirsiniz?
- Rəşad Sadıqova qarşı oynamaq çətindir, oyunu oxuya bilir. "İnter"in gürcü müdafiəçisi Abramidze, Rail Məlikov, Saşa Yunisoğlu kimi müdafiəçilərə qarşı oynamaq çətin olub. Elnur Allahverdiyev də sərt oynadığından çətin müdafiəçilərdən hesab edirəm.
- Həmin oyumlularla ünsiyyətiniz varmı?
- Bəli, əlaqəmiz var, dostuq. Amma adlarını dost olduğumuz üçün çəkmirəm.
- Müsahibə ərzində bir məqam diqqətimi çəkdi. Siz uzun illər Rusiyada yaşamağınıza baxmayaraq, Azərbaycan dilində səlis danışırsız...
- (gülür) Bəli, rus dilini mükəmməl bilirəm, amma öz dilimi unuda bilmərəm. Hər bir azərbaycanlı öz dilini bilməlidir. Rusiyada yaşayanda da evdə öz dilimizdə danışırdıq. Azərbaycana gələndə müəyyən qədər çətinlik çəksəm də, getdikcə daha yaxşı öyrəndim.
- Bir çox tanınmış futbolçular, o cümlədən Vüqar Nadirov Regional Liqada çıxış edir. Nə zamansa ya Regional Liqada, yaxud birinci dəstədə çıxış edərsinizmi?
- Regional Liqada çıxış edən heç bir futbolçunun xətrinə dəymək istəmirəm, onlar evlərinə çörək aparmaq üçün oynayırlar. Amma mənim belə fikrim yoxdur. Özümü heç kimdən artıq hesab etmirəm. Sadəcə, özüm üçün o liqada oynamağı uyğun bilmirəm. Regional Liqa hər bir futbolçu üçün başlanğıc da ola bilər və əslində, olmalıdır da. Hətta o liqadan da milli komandaya futbolçu cəlb edilə bilər.
Digər Xəbərlər

"Rusiya kəşfiyyat şəbəkələrinə qarşı açıq əməliyyat mərhələsi başlayıb" - Osman Gündüz

Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı - AÇIQLAMA + VİDEO
