adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
21 Iyul 2017 23:10
10711
ƏDƏBİYYAT

"Qurtuluşdan sonra yeni nəsil ədəbiyyatı"


Yaşadığımız zəmanədə kitab oxumadan həyatı dərk etmək, dünya ilə ayaqlaşmaq mümkün deyil. Çünki mütaliə etdikcə insanın nəfəsi açılır, mənəvi dünyası zənginləşir. Qəlbindən sakini olduğu dünyaya açılan pəncərə daha da genişlənir. Amma hərdən ona da təəssüflənirsən ki, sıralarımızda kitab oxumaqdan qaçaq düşənlər də var. Belələri haqqında böyük sufi şair, Mövlanə Cəmaləddin Rumi çox gözəl deyib ki, oxumayanlar üçün heç nə yazılmayıb.
Hər oxucunun bir cür mütaliə edir. Bir yazıçı dostumun çox qəribə kitab oxumaq vərdişi var. O, kitabı oxuduqca səhifələrin ağ yerlərində kitab haqqında ürəyindən keçən qeydləri aparır. Mənsə kitab oxuyanda mütləq əlimin altında qələm və qeydlər aparmaq üçün kiçik həcmli vərəqlər olmalıdı. Bunlarsız nə isə oxumaq mənə darıxdırıcı gəlir. Sanki nəsə çatışmır. Oxuduğum kitablar ilk olaraq mövzusu, üslub və forması ilə diqqətimi özünə cəkir, maraq dünyama daxil olur, oradan da yavaş-yavaş ürəyimə, qəlbimə yol tapır...
Elə kitablar var ki, oxuyandan sonra onun haqqında yaranmış xoş təəssüratlar uzun zaman adamın yaddaşında qalır. Sanki ondan doymursan. Kitabı dönə-dönə mütaliə etmək istəyirsən. Tələsik oxuyanda isə adamın yaddaşında heç nə ilişib qalmır. Neçə vaxtdır ki, tənqidçi, tərcuməçi və publisist Nərgiz Cabbarlının "Qızıl kəlmə" mükafatına layiq görülmüş "Qurtuluşdan sonra yeni nəsil ədəbiyyatı" kitabını oxuyuram. İlk səhifələrini vərəqləyəndə onu tez bir zamanda bitirəcəyimi düşünürdüm. Amma kitabın səhifələri boyu irəli getdikcə oxu prosesi bir az ləngidi. Bu da mövzuların maraqlı, dərin və geniş olması ilə bağlı idi. Kitabda elə mövzular var idi ki, onu tez bir zamanda oxuyub üstündən keçmək olmurdu. Mövzunun ifadə etdiyi məna ətrafında xeyli düşünüb daşınmalı olurdum. Eyni vaxtda əlimin altındakı kağızlarda bəzi qeydlər aparırdım.
Kitab oxucuların üzünə "Qurtuluşdan sonra Azərbaycan şeiri" bölməsi ilə açılır. Bu bölmədəki şeirlər 1993-cü il-2005-ci illəri əhatə edir. Müəllif böyük bir dövrə güzgü tutaraq təhlil aparır, poeziya nümunələrini oxucuların diqqətinə çatdırır. Kitab elə ilk səhifələrdən diqqəti cəlb edir. Nərgiz xanım mövzunu oxuculara daha dolğun və geniş çatdırmaq üçün yalnız nəzəri bilikləri sadalamaqla işini bitmiş hesab etmir. Üz tutduğu mövzulara uyğun olaraq tarixə ekskursiya edir. Yazılmış şeirləri qələmə alındığı dövrün, zamanın hadisələri ilə bir yerdə təhlilə çəkir. Ədəbiyyat nümunələrinin yaranmasını doğuran səbəb və nəticələrdən geniş söz açır. Olub keçənləri xronoloji ardıcıllıqla sadalayıb oxucunun yaddaşını təzələyir, poeziyanın istinad qaynaqlarını daim diqqət mərkəzində saxlayır. Nəticədə ortalığa gözlənilən müsbət nəticələr çıxır. Ədəbi prosesləri, yaradıcılıq mühitini, o illərin ab-havasını tarixi dövrlə paralel olaraq oxucunun diqqətinə çatdırılması, məncə, kitabın maraqla qarşılanmasını təmin edən başlıca amillərdən biri, bəlkə də elə birincisidir. Çünki kitabı vərəqləyən oxucu tarixi hadisələrlə yanaşı həmin dövrdə yaranmış ədəbiyyat nümunələri ilə də yaxından tanış olur. Belə bir formanın seçilməsi müəllifin həm bacarığından, həm də işinə məsuliyyət və sevgisi ilə yanaşmasından xəbər verir.
Tanınmış tənqidçi Nərgiz Cabbarlı müstəqilliyimizin ilk illərində yaranmış ədəbiyyat nümunələrinin janr və xüsusiyyətlərini dəqiq müəyyənləşdirir, maqarlı paralellər və ümumiləşdirmələr aparır. Düşünürəm ki, belə forma oxucu üçün çox dəyərli və maraqlıdır. Çünki onu yormur, əlindən tutub kitabın içərilərinə doğru aparır. Hadisələrin bədii inkası olan misralarla tanış olduqca oxucunun qarşısında ötən dövrün mənzərələri aydın şəkildə canlanır. Oxucu yaşanmış tarixin bədii səhifələrini həvəslə vərəqləyir. Müəllif o dövrdə yaranmış poeziya nümunələrini təhlilə çəkərkən keçmişlə bu gün arasında körpü yaradır. O dövrdə yaranmış əsərləri də sanki həmin körpüdən keçirərək bu günün və sabahın oxucularına çatdırmağa çalışır.
Kitabı bütövlükdə ötən illərin ədəbiyyatına analitik baxış da adlandırmaq olar. Bu baxış həm üfiqi, həm də şuqulidir. Kitabdakı mövzuların rəngarəngliyi, çeşidliliyi də oxucunu özünə çəkir, onu yormur. Müəllif ədəbiyyatın qoşa qanadı olan nəsr və nəzm əsərlərini dərindən təhlil edir, onu həm olduğu, həm də necə olmalı olduğunu oxuculara göstərməyə çalışır. O dövrdə yaranmış əsərlərin keyfiyyət dəyşikliklərini, inkişaf meyillərini müəyyənləşdirir.
Əsərləri təhlil edərkən hiss olunur ki, heç bir hadisə, fakt müəllifin gözündən qaçmır. Nərgiz Cabbarlı təhlilə çəkdiyi dövrün bütün hadisələrinə nəzər yetirir, əsərləri diqqətlə nəzərdən keçirir. Kitabdakı bu sətirlər yazdıqlarımızı bir daha təsdiq edir: "1993-2005 ci illər Azərbaycan poeziyasının uğradığı keyfiyyət dəyişikliklərini, inkişaf meyillərini və problem, ideya, mövzu baxımından hansı xüsusiyyətlər əldə etdiyini araşdırmaq üçün 1993-cü ilə qədər olan dövrə - yuxarıda sadalanan siyasi hadisələrə, lokal müharibələrə, milli-etnik qarşıdurmalara nəzər salmağımız təsadüfi deyil. Çünki belə etmədikdə çıxarılan nəticələr, yürüdülən mülahizələr doğru olmayacaq."
Göründüyü kimi, Nərgiz xanım irəli sürdüyü dəyərli fikirləri ilə o dövrdə yazılmış müxtəlif əsərlərə müxtəlif aspektlərdən yanaşır. Oxucuya zövq verən, ədəbiyyat tariximizi zənginləşdirən dəyərli, həmçinin qüsursuz əsərlərin və onların müəlliflərinin adlarını da çəkir. Müəllif tanınmış şair Salam Sarvanın yaradıcılığını daha geniş bəhs edir. Şairin yaradıcılığının müxtəlif mərhələlərinə nəzər yetirir. Bəzi əsərlərin isə çatışmayan cəhətlərini qabardır. Oxucuya çatdırılan sözlərdə, fikirlərdə zərgər dəqiqliyi hiss olunur. Bəzi məqamlarda isə Nərgiz xanım müəlliflərə dəyərli məsləhət və tövsiyələr də verir.
Kitabda ədəbiyyatımızı, ədəbiyyat tariximizi zənginləşdirən təkcə ayrı-ayrı yazıçı və şairlərdən deyil, həmçinin o dövrdə yaranmış və fəaliyyət göstərmiş yaradıcı qruplardan da söz açır. Ədəbi birlik və qrupların fəaliyyətindən, həmçinin ortalığa qoyduğu əsərlərdən danışır. Qrup və ədəbi birliklərin ədəbiyyat tariximizdə yerini və rolunu müəyyən edir.
"Modernist-eksperimental şeir və çağdaş poeziyada "neomodernizm" dalğası" bölümü də çox maraqlıdır. Burada diqqətçəkən məqamlar çoxdu. Müəllif bu bölmədə oxuculara yeni yaranmış və daha çox gənclərin diqqətini çəkən yeni janrların yaranma tarixindən, forma və üslub xüsusiyyətləri barədə hərtərəfli məlumat verir.
Kitabdakı mövzuları bir-birindən ayırmaq mümkün deyil. Çünki onlar ədəbiyyatın ayrı-ayrı zərrələridir və bir-biri ilə zəncirvari şəkildə sıx bağlıdır. Bu mövzular hamısı sonda ədəbiyyatımızın daha da zənginləşməsinə xidmət edir. Əgər belə demək mümkünsə bu mövzular hamısı ədəbiyyat adlı bir ağacın ayrı-ayrı budaqları və yarpaqlarıdır.
İstənilən bir əsərin oxunaqlı olmasını təmin edən amillərdən biri də onun dilinin sadə və anlaşıqlı olmasıdır. Nərgiz Cabbarlının kitabının dili də çox sadədir. "Yaradıcılıqdakı pozitiv ovqatın kəskin dəyişimi" bölməsinin ilk cümlələrini sanki oxumursan, eləcə, bulaq suyu kimi qurtum-qurtum içirsən. Gəlin bir neçə cümləyə diqqət yetirək: "Şeir canlı orqanizmdir. Onun da qəlbi, ruhu var. Ritmi, ürək döyüntüsü var. O da nəfəs alır, nəfəs verir, ağrıyır, ağrıdır... Və bu döyüntünün, bu səsin içərisində bircə ton belə başqa səsin izinə rast gəlsən, hər şey alt-üst olar. Özlüyündən çıxar. "Kimliyini" itirər. Çünki kimsə, nəyisə, hansı şeirisə, hansı misranısa xatırladan nümunələr bu dünyaya qüsurlu doğulmuş insanlar kimidirlər..." Yaradıcılıqdakı pozitiv ovqatı təhlilə çəkən bu sətirlər oxucunun yaddaşına hopur, ona zövq verir, qəlbində xoş duyğular oyadır, təəssüratlarını daha da zənginləşdirir.
Nərgiz xanımın roman haqqında yazdıqlarını isə böyük diqqət və maraqla oxudum. Onun bu janr haqqındakı fikirləri oxucu mənə çox maraqlı gəldi. Düşünürəm ki, Həmid Herisçinin "Solaxay", Cavid Zeynallının "Leyla", Vüsal Nurunun "Dorantağ" və başqa müəlliflərin romanları haqqında olan fikirləri təkcə həmin müəlliflər üçün deyil, həmçinin ədəbiyyat sevərlər üçün də çox dəyərlidir. Roman yazmağa həvəs göstərən müəlliflər kitabdakı dəyərli məsləhət və tövsiyələrdən kifayət qədər yararlanıb yaradıcılıqlarında geninə-boluna zənginləşdirə bilərlər.
Nərgiz Cabbarlının təhlil və baxışı uşaq ədəbiyyatından da yan keçməyib. "Uşaq" ədəbiyyatının "parakəndə" mənzərəsi" bütövlükdə uşaq ədəbiyyatının bugünkü durumuna, sabaha açılan ümid qapılarına həsr olunub. Burada diqqəti daha çox cəlb edən Nərgiz xanımın yeni yazılan nağıllar barədə fikirləridi. Hiss olunur ki, müəllif uşaq ədəbiyyatının bu günündən və sabahından çox narahatır. Bu narahatlıq onun yazılarında da özünü açıq şəkildə göstərir. Onun bu mövzuda qələmə aldıqlarını həyəcan təbili də adlandırmaq olar. Bu təbilin səsləri bizi düşündüməyə və gələciyimiz olan uşaqlar üçün yeni-yeni maraqlı əsərlər yazıb-yaratmağa səsləyir.
Yardıcılıq yollarının karvanı heç vaxt dayanmır. Bu karvanın sarvanları daim yollardadır, axtarışdadır. Yeniliyin, təzə fikirlərin, yeni ideya və istiqamətlərin sorağındadır. İnanıram ki, tənqidçi, tərcüməçi və publisist Nərgiz Cabbarlı bundan sonra da yeni yazacağı əsərləri ilə oxucularını sevindirəcək, ədəbiyyatimızın yolunda daim mayak olacaq. Sanballı, dəyərli əsərləri ilə ədəbiyyat tariximizi daha da zənginləşdirəcək.

Vahid MƏHƏRRƏMOV