adalet.az header logo
  • Bakı 24°C
  • USD 1.7
20 May 2017 09:26
3400
GÜNDƏM

ODPƏRƏSTLƏR

Y.M. NAGİBİN (1920-1994)
Mənim Racla tanışlığım Kəlkətdə bapbalaca bir studiyada başlandı. Studiya, sadə adamlarçün sadə adamlardan bəhs edən filmlər çəkir. Bəla burasındadır ki, sadə adamlar nədənsə varlılar haqda filmləri xoşlayırlar, yoxsullardan, yəni özlərindən danışan filmləri isə bəyənmirlər. Nəticədə, xalqdan ötəri kino yaratmağa çalışan studiya başını birtəhər girələyir.
Mən ha çalışdımsa Racın studiyada nəçi olduğunu qətiyyən anlayammadım. O, hər şeydən əvvəl ssenariçidir. Bundan başqa, o, çəkiliş üçün münasib əsərlər gəzib axtarır, ssenari sifariş verir, elə də səriştəli olmayan müəlliflərə kömək edir, dialoqlara əl gəzdirir. Lakin bu hələ harasıdır ki, Rac rejissorluq da edir, kiçik rollarda oynayır, lazım gələndə işıq cihazlarının başında durur, dekorları bir-birinə calayır, əgər filmdə qorxulu təqiblər varsa huşu dağınıq, öz aləminə dalmış, gözləri zəif görən Rac sükan arxasına keçir; axı yaxşı kaskadçı qızıl qiymətinədir. Rac dəridən-qabıqdan çıxır ki, film başa gəlsin, bununçün o, nə desən ola bilər. Racın fədakarlığı ona, bəlli başağrısı və qarğaşa, çoxlu cismani və mənəvi zərbə, həm də qançır, həm də çox az pul gətirir. O, lap kasıbın biridir. Əlbəttə, Rac küçədə yatmır, dostları pivəyə qonaq eləməkçün cibində beş-on qəpiyi var. Rac özü ancaq çay içir, spirtli içkilər onun içindəki qaynaşmayla yola getmir, onun pulu qəlyanaltı yerində qırmızı bibərli horra əndərilmiş bir öynəlik balığa, küçədə ayaqüstü bir kasa düyüyə, görkəzmə sayda qaramtıl pis iyli siqaretə ancaq bəs edir. Nikotin nədənsə onun iri, hamar, qar kimi ağappaq dişlərinə qıymır. Racın arıq sifəti dəri sarıdan korluq çəkir, ustufca təbəssümdən onun dərisi ani olaraq qulaqlarının dibinə dartılır və qüdrətdən yaranmış dişləri qorxunc şəkildə qıcanır. Onları nazik dodaqlarının altına geriyə çəkib gizlətmək onunçün çətindir, dünyanın ən xeyirxah adamının çöhrəsində bu adamdan təbəssümü uzun müddət qonaq qalır. Racın parıltılı saçları yağlanmış kimi görsənir, elə qara gözləri də parıltılıdır, quru dərisi qarabuğdayıdır, o ucaboyludur, sümüklüdür, uzun əlləri narahat ömürlü sahibinin bütün boyalarıyla rəngdən-rəngə çalan, bir vaxt ağ olan çesuça pencəyinin qollarından çox irəliyə çıxıb; burda torpaq və qum, otun yaşılı, sürtgü yağlarının qövsi-quzehli naxışları, mürəkkəb ləkələri, istiot horrasının pası, dərinə hopmuş siqaret külü var, sadəlövh və incəliklə baxan uzun dırnaqlı zərif barmaqları qovzanan nimdaş səndəllərinin üstünə tökülən milli biçimli şalvarı da belə bəzəklənib. Əgər Rac bir az özünə, geyiminə, qırımına, hərəkətlərinə göz qoyb baxsaydı fısqırıq olardı. Ağzını əngəldib uzanan təbəssümü, qəribə kələ-kötür hərəkətləri, sifətinin əsməcələri, qəfil dalğınlıq tutmaları, yüngül dəlisovluqla qəlizləşən, elə də abırlı olmayan görkəmiylə o məhəl qoymadığı qadınların diqqətini özünə çəkir. Racın kinoyla yox, rəssamlıqla məşğul olan, özü kimi ağıldan seyrək sevgilisi var. Rac onun ala-toran qarabasmalarını "hind neorealizmi" adlandırır. O, dəhşətli gediş-gəlişə laqeyd halda, çox da bərk qorunmayan müqəddəs inək kimi hər yerdə qarşımıza çıxırdı. Görünür, inanmağı lazımdı ki, Rac hələ salamatdır və ona göstərmək istəyirdi ki, özü də sağdır. Tuta bilmirdim mən onun peyda olduğu və qeybə çəkildiyi anı, bizim harada olduğumuzu anlamırdım necə hesablayır, həm də bu, məni əsəbiləşdirirdi, Racın isə vecinə deyildi.
O, məni öz studiyasında çəkilmiş bir neçə filmə baxmağa vadar etdi, kənd taksi sürücüsü haqda olanı aşkar ürəyimə yatdı, qalanları isə, niyyətləri uca olduğuna baxmayaraq mənə maraqsız gəldi.
-Pah atonnan, səninçün də maraqsızdır, - Rac var qüvvəsiylə sümük dizlərinə şappıldatdı. -Axı əsl həyat budur. Olmaya adamların başını piyləyən şit alver kinoları xoşuna gəlir?
-Qətiyyən xoşuma gəlmir, - dedim. Ancaq bu filmlərin hind seyrçiləri arasında belə misilsiz uğur qazanmasının səbəbi nədir? Bugünkü hind gerçəkliyi kimi qələmə verilən bütün bu sərsəm, taun vaxtı kef-damaq, imarətlər, onların cah-cəlalı, ağ limuzinlər, yaltaq nökərlər, xumar gözəlçələr, varlı atalarına varis qalan-ninni deyən cavan adamlar, axı, gərək onları qeyzləndirə, təhqir edə.
-Durub söz danışırsan, - səsini qaldırdı Rac, - qeyzləndirir, təhqir edir nədir, -heyran qoyur, gəl-gəl deyir, ağıllarını əllərindən alır. Kasıblar bir əlcə çörəyindən və bir kasa düyüsündən keçir kinoya gedib gözüaçıq şirin yuxuya dalmaqçın. Heç kim nə həsəd aparır, nə acıqlanır,nə də həyatla tutuşdurur bu qarabasmaları. Əli hər şeydən üzülmüş, evsiz-eşiksiz, bir tikə çörəksiz adamlar şirin yuxuya dalırlar. Bu, artıq küçə dilənçisi deyil-uşaq vaxtı səfillərin oğurladığı varisidir milyonçunun, o isə qabyuyan deyil - Kapurun kiçik oğlunun nişanlısıdır, qozbel cırtdan bazar təlxəyi deyil - Vişna tanrının bəsirəti və hökmü vəhy edilmiş imarətdə yaşayan prokurordur. Xəstələr, şikəstlər, dilənçilər-həyatı puç olanlar özlərini qəhrəman, gözəl, varlı, qalib qiyafəsində görürlər, - bu onlara əl arabasını irəli itələməyə güc verir. Nağılı əllərindən alsan nə qalar onlara?
Raca dedim ki, davakar bayağılığın şəninə bu tərif məni mat qoyub və bir azsa sarsıdıb. Rac incik halda üzünü turşutdu. Böyük qəlb sahibləri çox vaxt gülgü hissindən yarımır. - Başa düşmədin məni. Alver kinosunu görməyə gözüm yoxdur, ancaq onun gücünə də bələdəm. Onun ünvanına deyilən bütün həcvlər havayı güllədir. Tamaşanı ancaq başqa tamaşayla üstələmək olar, daha yaxşısıyla. Biz də belə etmək fikrindəyik. Edəcəyik də, şübhən olmasın. Axı ilk baxışda bekarlığına baxmayaraq o, zərərsiz deyil. O, başın altda yastıq qoyan, sinsidən, əxlaqı pozan...
-Ruhdan salandır, - üstün gəldim mən; çünki dalbadal sadalamağı həmişə sevmişəm, nahaqdan "Qarqantua və Pantaqruel" mənim masaüstü kitabım deyil ki?
-Doğrudur, bir növ tiryəkdir; ruhdan salan və ağlı dumanlandıran, mübarizə əzmindən çəkindirən, gerçək aləmdən yalançı incəsənət kəşanəsinə genidən. Tiryək kimi mənliyi sökən, ancaq bir az yavaş-yavaş. Biz elə kino yaratmaq istəyirik ki, oyatsın, həyəcanlandırsın, özünə və yan-yörəsinə baxmağa vadar etsin, insanların özlərindən gizli qüvvələrini üzə çıxartsın. Tamaşaçıları əyləndirmək fikrimiz yoxdur bizim, qoy onlar əzab çəksinlər, iztirab keçirsinlər, qəm yesinlər, ağlasınlar...
-Həm də darıxmasınlar, - üstün gəldim mən.
-Hə, - bir az səsini endirərək Rac mənimlə razılaşdı, - darıxmaq ölüm kimidir. Ancaq ciddi şeylərdən danışanda, ondan qaçmaq asan məsələ deyil. Taksiçi haqda filmdə bunun çəmini tapmışıq. Ona baxmağa gəlirdilər və studiya işlərini bir az yoluna qoydu. Olsun səbəbi oydu ki, mən deyən ciddi deyildi? Sən necə fikirləşirsən? Həyatımız kədərli olduğu kimi film də kədərlidir, qəhrəman isə ən ağır dəqiqələrdə də gülümsəyir, o, şərin axıracan gedəcəyinə inanmır. Yəqin elə bu özünə çəkir. İnsanlara, heç olmasa, cüzi işıq payı, heç olmazsa ümid işartısı lazımdır. Kino alverçiləri isə hər şeyə qızılı üzlük çəkirlər, biz isə kədərin bozumtul rəngini. Bundadır bizim səhvimiz. Bir də ki, biz çox ucuz filmlər çəkirik. İndi isə bahalı kinoların dövranıdır. Hətta kasıblar haqda bahalısı olmalıdır, sən məni anlayırsan? Kinoda mütləq bənzəyiş xərc istəyir. Biz isə bacardıqca ucuzunu çəkməyə çalışırıq. Seyrçini alda-dammazsan. Ucuz tamaşa, xüsusilə tələbkar olan kasıbların şəstinə toxunur. Alverçiləri insan psixologiyasını bilməməkdə qınaya bilməzsən.
...Məşhur Şiva məbədi yerləşən Elfant adasına getməzdən bir həftə qabaq qəhvə içməkçün Bombeydəki Dənizkənarı otelə baş çəkəndə bu söhbət yadıma düşdü. Qəribə tanışlıq hissi oyatdı məndə nəhəng karvansarayın gözəgirən cah-cəlalı. Sonra isə mən geniş alatoran dəhlizə açılan qızıl suyuna çəkilmiş hündür şəbəkə qapının üstündə yazını gördüm: "Qızıl otaq", "Gümüş otaq", "Almaz otaq". Bu otaqlara növbə ilə göz gəzdirəndə mən hind hakimlərinin, həkimlərinin, mühəndislərinin həyatından bəhs edən ətürpəşən səhnələri gördüm ki, Bombey filmlərinə inansaq, Aşşur hökmdarları və Amerika milyardçıları onların yanında dilənçidir. Əlbəttə, balaca dilənçi qızın tutduğunu buraxmayan xırdaca əllərindən son qəpiyini qopartmaq üçün güclü vəsait lazımdır; qızıl, gümüş, almaz otaqlar kasıbın nəfsiylə, onun quruldayan qarnıyla, onun çustdan ötrü qəribsəyən ayaqlarıyla, onun yastıq həsrətiylə asfaltda yatmaqdan ağrıyan qabırğalarıyla, onun şirin soyuqluq arzusunda olan damaqlarıyla cəng edib həmişə üstün gəlir. Yoxsul bir ovuc düyü, çust, paltar, zərdablı qızılı nemətin əvəzinə saatyarımlıq qızıl, gümüş, almaz röya alır. Rac və onun dostları yoxsulların əlindən onların oyuncaqlarını, gödək nirvananı almaq istəyirlər ki, şüur həmişə oyaq qala, iztirab çəkə, çıxış yolu tapa, millətin köhnə, heç də sehrli nağıl olmayan iradəsizliyi həqiqətə çevrilməyə.
Bizi Olofonta aparan turistlərlə dolu katerin pərləri suyu ancaq çalxalayırdı, irəli hərəkətlə isə işi yoxudu. Göyərtədən aşağı baxanda su, katerin köhnə, rəngi tökülmüş gövdəsinin yanında guya dövrələnirdi, ancaq sahil gəminin quyruğundan aralanmırdı, qənşərdəki hündür, nazik palmalarla tutaş xırda ada yaxına gəlmirdi.
Mən yersiz qarğaşalı sərnişin həyatlı, bütün qoca heysizliyi ilə kəhildəyən kater duyumunu itirmədən mürgü döyürdüm, öncə məni sağdan-soldan itələyəndə sərin kölgədən əvvəlcə ətim çimçəşdi; sonra onun mənbəyi burnumu vurdu-dar dərəylə bölünmüş iki yaşıl təpə -Elfantı, Fillor adasını aşkarladım. Kater yerişini yeyinlətmədi, təkərinin pərləri eynən həmin havayılıqla suyu çalxalayırdı, uzun yol isə dalda qalmışdı. Bəlli oldu ki, ancaq azman cinin yaratmaq gücündə olan möcüzəni yatmışam.
Çirkab çöküntülü sahil qırağına, qumsala qədər, təpənin ətəklərini manqo yaşıllığı tutmuşdu. Böyük torpağa qayıdan turislər taxta körpünün yanına yığılmışdılar.
Bunacan mənim söhbətim "mən" adından gedirdi, indi isə biz araya gəlir. Bu "biz" dediyim kiçik kino nümayəndəliyi iki çox tanınmış aktrisadan və iki az tanınmış ssenariçidən ibarət idi. Hind kinoqurumunda bizə böyük tələbat olduğundan tez-tez bölünərək fəaliyyət gostərirdik, sonra yenidən hansısa mühüm tədbir və əyləncəli səfərdən yana yığışırdıq və bu sarıdan bizim səfərbaz yiyələrimiz xəsislik etmirdilər. Bax buna görə, biz bura bütöv dördlüklə gəldik.
Sahildə bizi qızılgülü sari və gümüşü ayaqqabı geymiş, qırx yaşlarında təndürüst, alışdım-yandım, özünə gəraylanan gözəl bir qadın durub gözləyirdi, onun üzüklə çitənmiş barmaqları çiyninə atdığı sallama solğun yasəməni yaylığını tutmuşdu, uzun qeyri-adi dərəcədə mükəmməl boynunda qərar tutan balaca kübar başı və qamətinin gözəçarpan dümdüzlüyü ona, adamı mat qoyan bir şəhanəlik verirdi. Biləndə ki, bu qənirsiz qadın bizə bu gün bələdçi verilib pərt olduq və bir az da ruhdan düşdük. Azca sadəsi olsaydı bizimçün. Diqqəti çəkən qamətinin adi peşəylə uyuşmazlığı, - müxtəlif kədərli mülahizələr doğururdu. Gözəl qadın həssaslıqla sezdi bizim pərtliyimizi və məlumat verməyi rəva bildi ki, o, peşəkar bələdçi deyil, qızının oxuduğu balet məktəbində müəllim və inzibatçı, eyni zamanda Bombey jurnallarından birinin incəsənət şöbəsinin əməkdaşıdır, bundan əlavə Bombeyin civarında yeni kinostudiya tikdirən kinokompaniya ilə də iş birliyi var. Həm də onun dedikləri olanları əksiltməyə çəksə də anladıq ki, belə yolgöstərənə ürcah olmaq hamının qismətinə düşmür.
Narahatlıq sovuşdu, ancaq tapmaca əlamətləri qalırdı hələ də. Bələdçinin ardınca biz Şiva məbədi yerləşən mağaraya aparan dolanbadolan və hündür pilləkənlə yuxarı qalxmağa başladıq. Kömür kimi yanmış sağrıüstü dolaqlı hamballar bizi ötərək özlərinə yoxuşla əziyyət vermək istəməyən varlı turistləri açıq yüngül kürsüdə qaldırırdılar. Mən həsədli baxışlarla onları müşayiət edirdim. Pul kisəm nə qədər olsa da yüngül kürsüyə bəs edərdi. Ancaq özünü bələdçi kimi qələmə verən ilahənin gözünün qabağında qocalığı boynuma almaq istəmirdim. Ürəyim ağzımdan gəlsə də, saysız-hesabsız, get-gedə kiçilən pillələri görməməkçün gözlərimi yumaraq yuxarı dırmaşırdım. Zirvəyə çatdığıma və ölmədiyimə görə göylərə və öz inadıma çoxlu şükür elədim. Daş mağarada misilsiz məharətlə təraş edilmiş nəhəng heykəllərin hind qonağı haqqında belə şirin səslə oxumağı məni heyrətə saldı, kövrəltdi və qəlbimi göylərə bülənd etdi və arada mən qənirsiz yol yoldaşımıza ancaq bələdçi kimi baxdım, ac gözlərimi ona zilləməkdən vaz keçdim, ancaq eşidən qulağımı ona tərəf döndərdim.
Müəmmalı Şivanın deyişməsini əks etdirən orta əsrlərin erkən dövründə yapılmış bu məbəd, Himalayın utancaq, canalan ürkək, hərdən nazlı-ədalı qızına ehtiraslı və incə sevgisi neçə qollu qorxunc allaha gözlənilmədən bəşərilik bəxş edir. Yıxan, tikən, qoruyan üçüzlü Şivanın təsviri mağaralarda olsa da, birinci və baş çılğın allahın surəti, qalan heykəllərdə təcəssüm edilməyib həmçinin, - eyni zamanda Şivanın bədheybət kinli arvadının, - handa ki o - Durqa qana susayan. qisasçı bir ifritədir. İlahi və ilahə burada, bizim bələdçinin deyimin-cə, "müsbət şəkildə" qələmə verilib.

(ardı gələn şənbə sayımızda)