İsmayıl İmanzadə
(Anam Ruqiyyə Bəşir qızının əziz xatirəsinə)
Axdı gözlərimdən yaş narın-narın,
Həsrətin qəlbimdə yenə dil açdı.
Gəldim görüşünə... qərib məzarın
Sənin əvəzindən üstümə qaçdı.
Şəklinə göz dikdim yana-yana mən,
Halıma acıdı burda sükut da.
Bilirəm, çağırsam dinən deyilsən,
Yuxuya getmisən qara tabutda.
Yalandan deyimmi hələ bir az döz,
Daha kəsilibdir hər bəndin-bərən.
İçimdən əsən yel səni üşütməz,
Nə açıq qapın var, nə də pəncərən...
Yanıb külə döndü şirin diləklər,
Nə yerdən qalxırsan, nə səsin gəlir.
Qəbrinin üstündə bitən çiçəklər
Titrədi... dedim bəs, nəfəsin gəlir...
Zülmətin qırılan səsimi udur,
İstərəm avazım ruhuna yetsin.
Göz yaşım bir ovuc qəm toxumudur,
Qoy səpim qəbrinin üstünə bitsin.
Acı söz
Bir kəlmə xoş sözlə durulur qan da,
Arzular-diləklər dil açıb dinir.
Acı söz zədəyə dönəndə canda
Elə bil yer üzü zülmətə dönür.
Qəfil bir zərbədən yayınmaq hədər,
Kim dözər taleyin sırsırasına?
Məlhəm tapılmayıb indiyə qədər
Gözlə görünməyən söz yarasına...
İlahi, sözdəki qüdrətə bir bax,
İsinir onunla ürək bir anda.
Bircə sərt baxışla sönür od-ocaq,
Qalır ayaq altda şöhrət də, şan da.
Acı bir kəlməylə aşınır ürək,
Söz dönür mərmiyə cəngdə-savaşda.
Qeybə çəkiləndə qəfildən mələk,
Şeytan yuva qurur ağılsız başda...
Gərilən əsəblər dözməyir səsə,
Ürək sızlayanda çoxalır çat da.
Acı söz hardasa keçəndə başa
Kəlmədən qan iyi gəlir həyatda.
İlk sevgi
Unutmaq çətindir ilk məhəbbəti,
Həyatda bircə yol doğulur o da.
Heç vaxt sona çatmır sözü-söhbəti,
Közərdir ürəyi düşəndə yada.
Yaman gödək olur ömrü nədənsə,
Körpə arzuları ölür içində.
Şirin xəyallarda çevrilib səsə,
Üz tutur zülmətə durna köçündə...
Gizlicə saxlayır nisgili, qəmi
Ayaqlar altında qalmağı sevmir.
Payızda kövrələn buludlar kimi
Elə hey boşalıb dolmağı sevmir.
Ötəri istəyin tez dönür izi,
Onun nə çiçəyi, nə barı olmur.
Kiminsə qəlbində qalsa da izi,
Ölən ilk sevginin məzarı olmur.
Şair
Sevgisi qəlbi coşduran,
Gəlini-qızı çaşdıran.
Baxışı göz qamaşdıran, -
Yetənə vurulan şair.
Tüstülənər hər yaşında,
Tapar dilini daşın da.
Bir qəfil söz savaşında
Düyməsi qırılan şair.
Gizlətməz başını qında,
Bənd alan deyil heç yanda.
Tək bircə göz qırpımında
Bulanıb durulan şair.
Qədrini bilməyir naşı,
Qəzəbi də ər savaşı.
Nadanla getsə yanaşı
Usanıb yorulan şair.
Ömrü-günü verməz bada,
Ağzı sözlə gələr bada.
Sınmayır dar ayaqda da,
İçindən qırılan şair.
Salavat çevir
Söndü sinəmdəki ocaq,
Ta bitdi "olub-olacaq".
Ruhum nigaran qalacaq,
Kölgəmə salavat çevir.
Bir ömrün uçuq damıdır,
Sevincin itən tamıdır.
Bu gün cümə axşamıdır,
Dur qəmə salavat çevir.
Kül üfürdü üzə yalan,
Bəxt vəfasız, ömür talan.
Şeytanın cəngində qalan
Aləmə salavat çevir.
Söz yatmır dilə, ağıza,
Duyğularmı döndü buza?
Rəhmət dilə kağıza,
Qələmə salavat çevir.
Qız
Damla-damla gözlərimdən töküldü,
Kölgə kimi harayasa çəkildi.
Rəngi solmuş xatirədi, şəkildi -
Həsrətimdə göyərən qız, bitən qız.
Ocaq idim, isinmədi közümə,
Ha səslədim, bənd olmadı sözümə.
Xəyalımda gülümsəyib üzümə -
Gözlərimin qabağından ötən qız.
Mən bir yorğun yolçu idim, sən çapar,
Çıxıb getdin... saçlarıma yağdı qar.
Ürəyimdə közün qalıb, gəl apar -
Ay illərin zülmətində itən qız.
Neyləyəsən
Ömrün yükü qamətini əyirsə,
Nisgilə də könlünü ver, - xeyirsə.
Qara bəxtin - bir az da döz - deyirsə -
Neyləyəsən?
Zəvzək tərif körükçüdü yalana,
Nə deyəsən qaphaqapa, talana?
Əgər ağzın dirənibsə dalana -
Neyləyəsən?
Bu oyunda macal verməz şeş beşə,
Hər yetəni aldatmaq da bir peşə.
Qlüm səni salıbdırsa təşvişə -
Neyləyəsən?
Əzəl gündən xeyir şərlə savaşda,
Dönük bəxti ha qovala, ha daşla...
İnsaf yoxsa üzə düşən qırışda -
Neyləyəsən?
Yadda saxla anlar köhnə fırfıra,
Vaxtsız əcəl dəmir yeyən, daş qıran.
Ürəkdisə nalə çəkib qışqıran -
Neyləyəsən?
Sevgi hücrəsiyəm
Bir zəmanə yolçusuyam,
Dağdan, dərədən keçmişəm.
Bulanıb durulan suyam,
Bənddən-bərədən keçmişəm.
İstəmişəm coşub daşam,
Ayağımdan dartıb naşı.
Göz yaşımla suvarmışam
Üstümə atılan daşı.
Hərdən qorxunc burulğanda
Çevrilmişəm fırfıraya.
Həyat eşqim qaytarıbdı
Təzədən məni sıraya.
Heç vaxt özgə kölgəsini
Sanmamışam çətir, mətə.
Bir işim düzəlsin deyə
Düşməmişəm yüz sifətə.
Daş altdan çıxıb çörəyim,
Halallıq sirdaşım olub.
Həyatda nə susan dilim,
Nə ağrımaz başım olub.
Baş alıb getsəm də hara
Bələdçim haqqın səsidir.
Dünya köhnə karvansara,
Qəlbim sevgi hücrəsidir.
İçimdə boğulan səs
Eşidən yox harayımı
Ünüm çatmır uzaqlara.
Yol ayrıcında qalmışam,
Bilmirəm heç gedim hara.
Ayağıma ilişən daş
Buraxmır ki, çıxıb gedəm.
Gözlərimdə donubdu yaş,
Yaxamdan yapışıbdı qəm.
Üz-gözümdən qırov yağır,
Hər anım bir sazaq kimi.
Arxamca düşən qara yel
Ulayır yalquzaq kimi.
Zülmət kəsdirib üstümü,
Səbrimə sığınıb ahım.
Yuxum ərşə çəkilibdir,
Açılmaq bilmir sabahım.
Hərdən toxunur üzümə
Ölümün soyuq nəfəsiş
Bilmirəm harda dəfn edim
İçimdə qırılan səsi.
Həyat savaş meydanıdır
Savaş meydanına bənzəyir həyat,
Zəiflər nə vaxtsa sıradan çıxır.
Ani bir təkandan qəlbə düşür çat,
Başdan tüstü qalxır, üzdən qan çıxır.
Həyatın qəribə oyunları var,
Çox vaxt başa keçir haqsız olan kəs.
Nədənsə qıraqda qalır günahkar,
Qanunlar tapdanır boğulanda səs.
Özgə bir hökmü var hər gələn günün,
Dəyişir çox şeyin avazı, rəngi.
Hakim satılıbsa, çox vaxt güclünün
Boynundan asılır zəfər çələngi...
Qanunlar susanda güc keçir başa,
Ayaqlar altında qalır şərəf-şan,
Hər ölən bir ümid qanlı tamaşa,
Abırdan, həyadan qalmayır nişan.
Toxluqdan məst olub işğırır harın,
Nəmli baxışlarda sökülməyir dan.
Şərin kölgəsinə sığınanların
Qorxunc hədə yağır tozanağından...
Bəzən göz açmamış ölür arzular,
Əsəblər bir anda çəkilir dara.
Həyatın amansız qanunları var,
Kimsə sahib çıxmır uduzanlara.
Digər Xəbərlər

“İnanıram ki, Əlisəmid bu böhranlı vəziyyətdən çıxacaq...”

Əlisəmid Kürün vəziyyəti açıqlanıb

“İndi onu özümə olan hörmət kimi qəbul edib dünyanı vecimə almıram”

VAXTIN TAXTI - “İYİRMİ DÖRD SAAT”

Əlisəmid Kür reanimasiyaya köçürüldü

KAİNAT ŞAİRİ BÖYÜK NİZAMİ YARADICILIĞINDA TARİXİLİK və TÜRKÇÜLÜK

ÜRƏYİNDƏN ŞUŞA KEÇİR, GÖZLƏRİNDƏN XATİRƏLƏR...- Əntiqə Kərimzadə yazır
