Fiziklər - liriklər: ənənəvi mövzu "yeni" müstəvidə

Mövqe
Allahverdi Eminov
Müəllifdən: İyirmi birinci əsr cəmiyyətin mənəvi və sosial həyatında misilsiz rol oynayır, zəruri nəzəri - praktik məsələlərin həllini stimullaşdırır. İnsan yalnız bir sahə ilə maraqlanmır, düşünmür, daha müxtəlif və geniş elmi sferalara baş vurmaq, nəyisə öyrənmək, mənimsəmək ehtiyacı duyur - istər dəqiq elmlər, istərsə humanitar biliklər olsun. Belə istək şairlərə də, alimlərə də xas xüsusiyyətdir. Təsadüfi deyil ki, ötən ərsdə bir anlayış yaranmışdı: şairlər alimləşir, alimlər şairləşir. Necə ki, tarix boyu belə bir səydən yayınmamışlar.
Ç.Darvin, A.Eynşteyn, P.Openqey-mer, Yusif Məmmədəliyev lirik hisslərini maddiləşdirmişlər: şeirlər qələmə almış, musiqi alətlə-rində çalmış, hətta gözəl səslərə malik olduqlarını gizlətməmişlər. Xarakterikdir ki, hərbin sərt qanunlarını xarakterlərinə hopdurmuşlar da biganə qalmamışlar, o cümlədən məşhur general Əliağa Şıxlınski xeyli sayda lirik şeirlərini yazmış və çap etdirmişdir...
Bu və ya digər alimlərin ən təvazökar xüsusiyyətləri bir də onda olmuş ki, incəsənətin hissləri cilalamasını birbaşa yaşamışlar. Digər tərəfdən, elmi axtarışa enerji verilmişlər. N.Tusi, Ö.Xəyyam (dahi alim idi), L.Vinçi (o da həmçinin). Kenler, Maykelson və b. Kainatı estetik qav-ramağı bacarmışlar, bu düyüm onların kəşflərində bir növ yardımçı olmuşdur. Bəli, poeziyaya üz tutanlar poetik aləmin sehrinə aldanmadılar, elmi nailiyyətlərin arxasınca getdilər. A.Eynşteyn, F.Dostayevski yaradıcılığına verdiyi misilsiz qiyməti və yazıçını dahi riyaziyyatçı Qausdan üstün tutması bir faktdır.
Deməli, əsrlərlə hər iki qüdrətli hiss: liriklik və fiziklik yanaşı da addımlamışdır. Deməli, bu məsələ günün (əsrin) tapıntısı olmamışdır, tarixən mövcudluğunu qorumuşdur. Deməli, bəşəri kəşflərin meydana çıxmasında poeziyanın azmı-çoxmu rolu danılmamışdır. Və bu hiss "fiziklər - liriklər" terminilə dövriyyəyə buraxılmışdır, şahidlərisə dahi alimlərdən Rentgen, Faradey, Nils Bor, Eynşteyni, Rezerford, Xudu Məmmədov və başqaları olmuşlar. Onların da, digər yaradıcı in-sanların da təfəkkürü inteqral prosesdir, alimin və şairin fəaliyyyətini bir araya gətirir, hər iki tərəf fantaziyaya arxalanır, biliyə laqeyd qalmır, təhlil - tərkib (analiz - sintez) qabiliyyətini biruzə verir. Söhbəti uzatmaq istəməzdim və çağdaş oxuculara, ötən əsrin ən dəbdə, mühüm olan məsələlərindən xəbərsiz gənclərə (elə alimlər də istisna deyil) xatırlatmaq istərdim ki, "fiziklər - liriklər" ("və"siz, əks halda ayrılırlar) yeni olmamışdır, tarixiliyi özündə ehtiva etmişdir. Baxaq: ən görkəmli elmşünaslar, evrioloqlar, fantastlar: Lui-de Broyl, B.Runin, M.Xoen, A.Puankare, A.Bruşilinski, İ.Zabelin, P.Kapitsa və digərləri. Bu adları ona görə yada saldım ki, bir problemin ortaya atılması daima maraq doğurmuşdur, amma keçmişi ya bilərəkdən, ya da bilməyərəkdən "arxivə" atmaq ən azı ədalətsizlikdir, "yeniliyə" sahib çıxmaqdır. Unutmayaq ki, ortaya atmaq, konfranslar, yığıncaqlar keçirmək, hətta xarici alimləri ölkəyə, deyək ki, Milli Akademiya xəttiylə dəvət etmək zahirən gözləniləndir, necə ki, o tip ilin sonlarında Azərbaycan M.E.A-nın "fiziklər - liriklər" mövzusunda təşəbbüsü müsbətdir. Lakin dünəni unutmaq, araşdırma aparmamaq, mövzu ilə kimin birbaşa məşğul olduğunu, məqalələr, əsərlər çap etdirdiyini unutmaq... heç cürə məqbul sayılmamalıdır! Baxıb görürsən ki, o şəxs - tədqiqatçı sanki yoxmuş - əsərləri ki qalır, bələd olan kiməsə bir mənbədir. Təvazökarlıqdan uzaq sayın (çünki bu mövzunun ilk "pioneri" olaraq). Bu sətirlərin müəllifi ötən əsrin 70-ci illərin ortalarında ilk məqaləsi olan "Fiziklər - liriklər"i "Azərbaycan müəllimi" qəzetində nəşr etdirdi. Mərhum Maarif Naziri, akademik Mehdi Mehdizadə bu məqaləni oxuyandan sonra gənc müəllifə (A.Eminova) telefon açmış: "Belə yazılar müəllimlərimizə, aspirantlarımıza çox lazımlıdır, davam etdirin" demiş və ruhlandırmışdır. Böyük pedaqoqun, alimin təvazökarlığı, diqqətliliyi idi tərəfindən. İlk addımdan sonra "fiziklər - liriklər" mövzusunda "Zəkanın gücü, fəhmin duyumu", "İşıq və kölgə", "Bu, Eynşteyndir", "Hissin qüdrəti" və sair məqalələrim "Ədəbiyyat və incəsənət", "Azərbaycan gəncləri", "Azərbaycan müəllimi" qəzetlərində işıq üzü gördü. Tənqidçinin mövzuya yanaşmasında ilk faza məhz çap olunmuş elmi məqalələri, kitabları zəhmət çəkib tapması, oxumasıdır. Təəssüf ki, bu gün təcrübəli, yaxşı alimlər də özündən əvvəlki yazılanlara son dərəcə laqeydlik göstərir, elmi vəzi-fəsi olmayanların üstündən xətt çəkirlər. Bu gün "fiziklər - liriklər" mövzusunun təşkilatçıları sanki Azərbaycana qonaq gəlmişlər. Halbuki, mənim məhz bu problemlə bağlı "Kəşf haqqında novella" (bir müəlliflə) kitabım 2009-cu ildə Bakıda "Mütərcim" nəşriyyatı tərəfindən nəşr edilmişdir.
Maraqlıdır, konfranslar vaxtı, sonra ortaya atılan mövzu ilə əlaqədar nə elmi, nə də publisist məqalə işıq üzü görməmişdir, icmallar təqdim olunmuşdur. Halbuki, xüsusən, orta məktəb müəllimlərinin, bakalavriantların, doktorantların belə yazılara ehtiyacları vardır...
Mən oxucularımla həmişə anlaşmışam. Ona görə ki, idrakım müqabilində toxunduğum mövzuya yaxınlaşıram, lazımı şəxsi fikirlərimi deyirəm, qeyri-təvazökarlığa imkan yaratmıram. Axı elm elə bir dəryadır - hələ ki bu ümmandan bir damcı qoparan özünü xoşbəxt hesab etmişdir. Əgər belə bir etirafı A.Eynşteyn, A.Puankare, P.Openqeymer, Y.Məmmədəliyev, N.Bor, Rafiq Əliyev, M.Plank... özlərinə rəva bilməmişlər... Əgər Eynşteyn: "Elmdə də poeziyanın elementi iştirak edir" demişsə... oxuculara "Heyrətin təntənəsi" məqaləmi ünvanlayıram. Redaksiya əməkdaşları çapını lazım bilərsə, məmnun qalardım.
Heyrətin təntənəsi
Bəlkə də söhbət açacağımız məsələ qlobal xarakter daşıyır. Lakin oxucumuzun dilindən düşməyən "elementar hissəciklər"dən başlamaq istərdik. Niyə məhz bundan? Ona görə ki, hər bir elmi kəşfin, fərziyyənin yaranması elementar hissəciklərdən başlayır. Təsadüfi deyil ki, bu, nəinki mütəxəssisləri, habelə geniş auditoriyanı maraqlandırır. Çünki maddi aləmin düzülüşü də... elementar hissəciklərsiz qeyri-mümkündür. Lakin yenə də hər şey bu proseslə bitmir. Alimə, ümumiyyətlə insana predmetlər və formullar aləmində bir şey də gərəklidir: Alimin elmi axtarışla-rına təsiri pozitiv cavablar deyil, bu cavabların estetik ümumiləşdirməsi, dünya mənzərəsinin ziddiyyətləri və bu təbii ziddiyyətlərin bədii dərki, dünyaya rasional baxışın mürəkkəbliyi olmuşdur. Bəli, Aristotel təsdiq edirdi ki, estetik yaşanma insana nə həddindən az, nə də çox dərəcədə təsir etməməlidir.
Adətən, ideya xarici hərəkətdən daxili aləmə - ağıla - mənimsəməyə təsirdə özünü büruzə verir. Əksinə də olur: ideya ağıldan hissə yol alır. Eramızdan əvvəl VI əsrə qayıdaq. Qədim Yunanıstanda başda Pifaqor olmaqla məşhur natural-fəlsəfi məktəb olmuşdur. Pifaqorçuların musiqi sahəsində görkəmli kəşfi: musiqidə tonun yüksəkliyi musiqi alətinin uzunluğundan və sadə ədədi münasibətlərdən asılılığı sonralar kosmoqoniyaya şamil olundu. Beləliklə, aləmin harmoniyası təlimi meydana çıxdı: Yeddi məlum planetin öz sferası ilə Yer kürəsi ətrafında hərəkət etməsi mütənasib ədədlərlə harmonik musiqi səsləri çıxarır.
Məgər pifaqorçular bu səsləri eşidirdi? Təbii ki, yox. Lakin onlar intellektual və daxili hisslə bu səsin harmoniyasına inanırdılar! Elm tarixçilərinin bir etirafı da fikrimizin təsdiqi üçün əsas ola bilər. Onlar sual vermişdilər: Nə üçün çox da bö-yük olmayan İtaliya İntibahı dövründə Rafael, Tsitisian, Mikelancelo, Leanordo da Vinçi və digər şəxslər yetirilmişdir? Cavabları sadə və sərrast olunmuşdur. Ona görə ki, onlara incəsənət daha doğma idi.
Kepler (1571-1630) şeir də yazmışdır. Lakin o, heç vaxt poetik aləmin şirnikdirici təsirini dada bilmədi. Bu "bədii" təsəlli Kepleri astranomiyada tapdı. Bütün varlıqda bir harmoniya axtardı və ömrü boyu bu təbii qanunauyğunluğun öyrənilməsinə çalışdı. Nəhayət, öz şagirdlərinə Yupiter və Saturn planetlərinin hərəkətini izah etdi.
İdeyanın, fərziyyənin emosional təsirini böyük alim D.Maksvel (1831-1879) də qiymətləndirmişdir. Amerika fiziki İ.Kempbell məşhur "Elm nədir?" kitabında (1921) məhz riyazi gözəlliyə xüsusi səhifələr həsr etmişdir. O, yazır ki, mən oxucularıma bu gözəllik nə ilə tamamlanır, "eleqant arqumentlər" nə ilə ifadə olunur? - sualını izah etməkdə acizəm. Bunun üçün yalnız riyaziyyatçı olmalısan. İ.Kempbell iki sütunda riyazi düsturlar yazır və onları müqayisə edir. Sağ tərəfdə verilən düsturlar daha cazibəlidir, simmetrikdir. Və riyazi gözəlliyə ilkin yanaş-madır.
Dahi Eynşteynin elmi yaradıcılıq potensialı da maraqlı idi. Alim 1949-cu ildə yazdığı avtobioqrafiq oçerkində onu əhatə edən fiziki təsir və gerçəkliyə özünün estetik münasibətini gizlətməmişdir: Kainatın harmoniyası ona az implus verməmişdir. "Daxili təmizlənmə"- müşahidələri ilə nəzəriyyəsi arasındakı qarşılıqlı münasibətlər - fiziki konsepsiyalar "daxili təkmilləşdirmə" tələb edirdi. Dünya ilə cəmiyyətin paradoksal qavrayışı real və konkret nəticələrə gəlib çıxdıqda "qəddar təcrübə" təbiətin özünə də tətbiq edilir. Hərəkət edən cisim ona işıq sürətinə yaxın bir sürət verən "qəddar təcrübə" şəraitində özünü necə aparır? Əlbəttə, paradoksal! A.Eynşteyn paradoksunun təcrübi, əyani inandırıcılığı onu bədii paradoksala yaxınlaş-dırdı. Mənəvi intisiyanın zəif və həssas körpüsündən adlayan paradoksal faktlar Eynşteyn şüurunda elmi assosiyalar doğururdu və ona elə görünürdü ki, nə vaxtsa meydana gələcək nəticələr və ümumiləşdirmələr həlqəsindədir və bu həlqənin paradoksallığı, qeyri-adiliyi həmin faktların paradoksallığını aradan götürəcəkdir. Təsadüfi deyildir ki, mənəvi intusiya Eynşteyni bədii obrazlara bağlamışdı. Və burada yenə bir kövrək və ciddi sual çıxır. Məsələn, Lmanclı cəngavərdə hansı hisslər, hansı illüziyalar rasional alimə doğma idi? Biz suala professor B.Kuznet-sovun cavabı ilə kifayətlənəcəyik: "Eynşteynin rasionalizmi məlum həqiqətlərdən qaçma idi": ya-da salaq ki, "Don Kixot" romanında dünya ədəbiyyatının ən ülvi təsiri var və bu adam üçün gərgin emosional həyat öz ardıcıllığına baxmayaraq bütün adi, gündəlik maraqların qarşısını kəsmişdi. Xeyir və Şərin mütəmadi fərqləndirilməsinin rəmzi olan Don Kixot dünya ədəbiyyatında ən təmiz mənəviyyatdır". Bu mənəvi təmizliyə ən etibarlı əyani misalı Eynşteynin məşhur bir fizikə yazdığı sözlərdə axtarmaq ədalətli olardı: "Hər adam nə etməlidir: təmizlik nümunəsi olmalı, siniflər cəmiyyətində etik inamları ciddi surətdə saxlamaq mərdliyi göstərməlidir".
Məşhur alim Qaliley sübuta yetirə bildi ki, Yer Günəşin ətrafında necə fırlanır. O, Florensiyalı professorlardan xahiş etdi ki, Yupiterin peyklərinə optik cihazla baxsınlar. Alim axtarırdı ki, bu fiziki həqiqəti yeni səviyyədə necə dərk etmək olar. Əgər Qaliley düşüncəsini "oyatmağı" bacarmasaydı, bəlkə də o, heç bir şeyi aydınlaşdıra bilməzdi.
Müasir elm kəskin şəkildə fikirlərimizin sərhədini fantaziya hesabına genişləndirir. O, yalnız elmi idrakın imkanlarını artırmır, habelə humanitar elmlərin də rolunu qabarıqlaşdırır. Biz deyəndə: Oxucu inkişaf edib, dərhal başa düşürük ki, bu, elmin hədsiz tərəqqisi və ona olan maraqla bağlıdır.
Elm hissləri cilalayır, uzaq və yaxın siqnalları yüksək diapazonda qəbul etmək bacarığını inkişaf etdirir. Bu isə incəsənətlə digər elm sahələrinin qarşılıqlı anlama əlaqəsinə şərait yaradır. Elmi-texniki inqilab bu cəhəti daha parlaqlığı ilə qarşıya qoyur. Müxtəlif elmlərin bir-birinə yaxınlaşması da məhz onların bəzi xüsusiyyətlərilə əlaqədardır.
Məşhur Amerika alimi Openqeymerin fikrincə, elm və incəsənətlə məşğul olanlar daima dərkedilməzlik aləmində yaşayırlar. Hər iki tip yaradıcılar ümumi xaos arasındakı qanunauyğunluğu tapmalı və yenilikdəki ahəngdarlığı aydınlaşdırmalıdır.
(ardı gələn sayımızda)
Digər Xəbərlər

"Rusiya kəşfiyyat şəbəkələrinə qarşı açıq əməliyyat mərhələsi başlayıb" - Osman Gündüz

Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı - AÇIQLAMA + VİDEO
