12 Mart 2015 09:28
3782
LAYİHƏ

BURA QOBUSTANDIR, VƏTƏNDİR BURA...

"...Qobustanın çox qədim tarixi vardır. Bizim bütün bu tarixi keçmişimiz və milli dəyərlərimiz lazımi səviyyədə qorunur və bununla bərabər, müasir şərait, müasir infrastruktur yaradılır. İnsanların yaşaması və işləməsi üçün bütün imkanlar vardır. İş yerləri açılır, məktəblər, xəstəxanalar, idman qurğuları tikilir, yollar, su kəməri çəkilir".

Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev


İndi necə, dönüb baxmadan
keçə bilərsənmi bu yerlərdən?


Bəzən keçmiş illəri, günləri xatırlayıb bu günün reallıqları ilə müqayisələr aparanda heyrət etməyə bilmirsən. Elə məsələlər var ki, insanı hətta inanılmazlıq düşüncəsinədək çəkib aparır. Bütövlükdə respublikamızın yüksəlişi, dünya ölkələri sırasında mötəbər yer tutması təbii sevinc doğurur, hər bir Azərbaycan vətəndaşını qürurlandırır. Bütün bunlar dövlətimizin, onun rəhbəri cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticələridir. Azərbaycan Respublikasının Prezidenti bu istiqamətdə daha effektiv işlər görülməsinin vacibliyini vurğulayarkən məhz ölkəmizin parlaq gələcəyini nəzərdə tutaraq hər birimizdə böyük ruh yüksəkliyi yaradır.
Bəli, bütün bunlar bir gerçəklikdir, qazanılan uğurların təntənəsidir. Və bu məqamda bayaq söylədiyimiz fikrə qayıtmaq zərurəti - ötənləri xatırlayıb müqayisələr aparmaq, mövcud nailiyyətlərlə yanaşı, az qala bir zövq məsələsinə də çevrilir. Bunlardan tək bir faktı da göstərmək bəs edər həmin düşüncə, xatırlama ekskurslarına.
Budur, qarşımızda keçmişi çox primitiv və bəsit görkəmi ilə xoşagəlməz hislərlə xatırlanan gözəl və müasir rayon görünür. Bura Qobustandır! Kəndləri, rayon mərkəzi ilə qurulan, ucalan, inkişaf edən qədim Qobustan!

Prezident qayğısının sevincini,
qürurunu paylaşmaq


Bəlkə də respublikanın heç bir bölgəsində rayon mərkəzinə bu dərəcədə müdaxilə olunmayıb. Qobustan şəhəri son illər hamının gözü qarşısında sanki tamam sökülərək yenidən tikilmiş, göz oxşayan bir məkana çevrilmişdir. Bir-birindən gözəl binalar, səliqəli küçə və meydanlar, istirahət mərkəzləri, digər yeniliklər bu kiçik dağ rayonunu özünün sosial-iqtisadi inkişafı və müasirliyi ilə xüsusi diqqət mərkəzinə yönəltmişdir. Təcrübəli dövlət məmuru olan icra başçısı Adil Məmmədov bütün Qobustan əhalisinin fikrini bildirərək deyir: "Belə bir qayğı və diqqətə, mən deyərdim xüsusi diqqətə görə biz möhtərəm Prezidentimiz İlham Əliyevə minnətdarıq. Məhz dövlətimizin qayğısı, cənab Prezidentimizin xüsusi sərəncam və göstərişlərinin nəticəsi olaraq Qobustan rayonu indiki müasir görkəmini qazanmış, eyni zamanda sürətli inkişafa nail olmuşdur..."
Burada mən yazar olmaqla yanaşı, bir ölkə vətəndaşı kimi də Prezidentimizin bir çox məqamlarda vətəndaşlarına xüsusi alicənablıqla yanaşmasını xatırlayıb qürur hissi keçirirəm. Ölkənin şimal-qərb bölgəsində baş verən məlum zəlzələnin acılarını tez bir zamanda unutdurmağı bacaran və daim xalqı ilə bir olan güclü rəhbərdir bizim Prezidentimiz. Və bu mənada onun Qobustan kimi bir zamanlar sanki unudulmuş bir rayonu müasir görkəmli məkana çevirməsi məntiqi nəticədir. Cənab Prezidentin bu rayona etdiyi çoxlu səfərlərini də xatırlayaq...
Qobustan rayonunun bütün sakinləri bu məsələləri həmişə fəxrlə, qürurla xatırlayırlar.
Uğurlu illərin davamlı olsun


2014-cü ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda rayonun sosial-iqtisadi inkişafını təmin edən bir çox məsələlər təhlil edildi. Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov məruzə ilə çıxışında bütün bunların dövlət qayğısı və tapşırılan işlərə məsuliyyətlə yanaşmanın nəticəsi olduğunu vurğulayaraq dedi:
- Hesabat dövründə 2013-cü illə müqayisədə pərakəndə əmtəə dövriyyəsi 4,1 faiz, əhaliyə göstərilən pullu xidmətlər 4,7 faiz, orta aylıq əmək haqqı isə 4,9 faiz artmışdır. Əhalinin pul gəlirləri 2013-cü illə müqayisədə 0,5 faiz artaraq 68 milyon 729 min 500 manat təşkil etmişdir. 2003-cü ildən 2015-ci ilədək 3316-sı daimi olmaqla, 15 min 851 yeni iş yeri açılmışdır. 2014-cü ildə rayonda 2246 yeni iş yeri yaradılmışdır ki, bunlardan 246-sı daimi iş yerləridir. Rayonumuzda tikinti, quruculuq abadlıq işləri də müvəffəqiyyətlə davam etdirilir. Hesabat dövründə Qobustan şəhərində Telekommunikasiya Qovşağı və Poçtampt binaları, Cəmcəmli kəndində yeni Elektron Avtomat Telefon Stansiyası, Yekəxana kəndində isə poçt binası tikilib istifadəyə verilmişdir. Ərəbşalbaş kəndində yerli sahibkar tərəfindən şadlıq evinin tikintisi davam etdirilir. Daxili imkanlar hesabına Şıxzahırlı kəndində ərazi nümayəndəliyi üçün inzibati bina tikilib istifadəyə verilmiş, Ərəbşalbaş kəndində isə nümayəndəliyin binasında son tamamlama işləri aparılır. Qobustan şəhərinin girişində şəhər göstəricisi tamamlanmışdır. Qobustan şəhərində penitensiar müəssisələrdə cəza çəkmiş şəxslər üçün 50 yerlik Sosial Adaptasiya Mərkəzinin və Kənd Təsərrüfatı Nazirliyinin ərazi idarəsi üçün inzibati binaların tikintisi davam etdirilir. Heydər Əliyev Prospektində, Bakı-Şamaxı yolunun şəhər ərazisindən keçən hissəsində abadlıq işləri aparılmışdır. Sahibkarlar tərəfindən Qobustan şəhərində 2 kafe və 2 ticarət mərkəzi istifadəyə verilmişdir.
2014-cü ildə rayon üzrə yerli büdcə gəlirləri 2 milyon 500 min manat planlaşdırılmış, 2 milyon 511 min 858 manat yığım olmaqla 100,47 faiz icra edilmişdir. Yerli gəlir və xərcləri tənzimləmək üçün nəzərdə tutulan vəsaitin ayrılması 2014-cü ildə 100 faiz təmin edilmişdir.
Rayonumuzda sahibkarlığın inkişafına xüsusi diqqət göstərilir. 2003-2014-cü illərdə rayon üzrə Sahibkarlığa Kömək Milli Fondu vasitəsi ilə ümumilikdə 261 sahibkara 4,3 milyon manat kredit verilmişdir. Kənd təsərrüfatı məhsulları istehsalçılarına 11,2 milyon manat subsidiya verilmişdir.
2014-cü ildə 106 sahibkara 1,1 milyon manat dövlətin güzəştli kreditləri verilmişdir. Bu kreditlər hesabına 500-dən çox, o cümlədən 2014-cü ildə 126 yeni iş yerinin yaradılması imkanı yaranmışdır.
Kəndlərdə keçirilən səyyar görüşlərdə, ayrı-ayrı qəbullarda vətəndaşlarımızı narahat edən əsas məsələlərdən biri toxumla təminatın olmaması idi. Yuxarı təşkilatlarla apardığımız çoxsaylı danışıqlar nəticəsində çox düzgün qərar qəbul edilmişdir. Rayonumuza "Azər Toxum" MMC tərəfindən yüksək keyfiyyətli kifayət qədər toxum ayrılmışdır. Bu toxumun dəyərinin dövlət tərəfindən ödənilməsi isə rayon əhalisini daha da sevindirmiş, onların çoxsaylı müraciətlərində möhtərəm Prezidentimizə dərin minnətdarlıq ifadə edilmişdir. Elə bu köməklik nəticəsində 2015-ci ilin məhsulu üçün 22 min 529 ha sahədə şum çıxardılmış, bundan 21 min 958 ha sahədə payızlıq taxıl əkilmişdir.
Kənd təsərrüfatının digər sahələrində də müəyyən nailiyyətlər əldə edilmişdir: 5509 ton diri çəkidə ət, 17 min 601 ton süd istehsal edilmişdir ki, bu da müvafiq dövrdən 2,2 faiz və 1,8 faiz çoxdur. Eyni zamanda yumurta istehsalı 3,0 faiz, yun istehsalı isə 1,0 faiz artmışdır. İribuynuzlu mal-qaranın sayı da 0,2 faiz artaraq 29 min 430 başa, qoyun və keçilərin baş sayı 0,4 faiz artaraq 187 min 543 başa çatmışdır. 2014-cü ildə kənd təsərrüfatı məhsulları istehsalçılarına yanacaq və motor yağlarına görə 4314 nəfər istehsalçıya 1 milyon 168 min 72 manat vəsait verilmiş və 2887 nəfər buğda istehsalçısına 606 min 650 manat vəsait verilməsi nəzərdə tutulmuş, I və II reproduksiyalı toxum satdığına görə 10 nəfər toxumçuya 61581 manat vəsait verilmişdir.

Əhalinin sosial müdafiəsi
diqqət mərkəzindədir


2014-cü ildə orta aylıq pensiya 155,44 qəpik təşkil etmişdir ki, bu da 2013-cü illə müqayisədə 0,9 faiz çoxdur. Bütün pensiya və müavinətlər 2014-cü ilin dekabr ayının 23-dək tam şəkildə ödənilmiş, gecikmə hallarına yol verilməmişdir.
2014-cü ildə 520 nəfər ailəyə (2462 nəfər ailə üzvü olmaqla) Ünvanlı Dövlət Sosial Yardımı verilmişdir ki, bu da 2013-cü illə müqayisədə 86 ailə çoxdur.

(ardı gələn sayımızda)

Məzahir ƏHMƏDOĞLU
AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ