05 Avqust 2025 13:19
151
SİYASƏT

Zəngəzur dəhlizi və Xəzər düyünü: Yeni geosiyasi mərhələ başlayır - Səxavət Məmməd yazır

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində addımlar atılır.

Abu-Dabi görüşündən sonra Vaşinqtonda da görüş keçiriləcəyi iddia olunur. Maraqlıdır ki, bu iddiaların yayılmasının ardınca uzun müddətdir səssiz qalan Azərbaycan və Ermənistan müdafiə nazirlikləri paralel olaraq açıqlama verərək bir-birini atəşkəsi pozmaqda və yalan məlumat yaymaqda ittiham etdilər.

Son günlərin ən çox müzakirə edilən mövzusu Zəngəzur dəhlizidir. Bəzi dairələr dəhlizi hətta ABŞ-ın keçmiş prezidenti Donald Trampın adı ilə də bağlayırlar.

Bəs Zəngəzur dəhlizi yalnız Azərbaycanla Naxçıvan arasında quru əlaqəsi yaratdığı üçünmü bu qədər önəmlidir? Qətiyyən yox! Əgər məsələ yalnız bundan ibarət olsaydı, bu, beynəlxalq miqyasda ciddi müzakirə mövzusu olmazdı. Azərbaycan onsuz da İran üzərindən Naxçıvanla quru əlaqəsi qurur.

Əsas məsələ Çindən İngiltərəyə qədər uzanan “Bir kəmər, bir yol” layihəsinin mühüm hissəsinin məhz bu dəhlizdən keçməsidir. Hansı dövlətin Zəngəzur dəhlizinə nəzarət edəcəyi qlobal güclərin diqqət mərkəzindədir. İndiyədək müxtəlif ssenarilər irəli sürülüb – Azərbaycanın hərbi güc tətbiq etməsindən tutmuş, hətta ABŞ şirkətinin dəhlizi icarəyə götürməsinə qədər. Son proseslər isə göstərir ki, Zəngəzur dəhlizinin Rusiyanın nəzarətinə verilməsi ehtimalı çox aşağıdır.

Lakin sual yaranır: Rusiya dəhlizdən kənarlaşdırılsa, onun layihəyə təsir imkanları tamamilə sıfırlanacaqmı? Çox güman ki, yox. Çünki Moskva üçün “Bir kəmər, bir yol”a təsir göstərməkdə əsas istiqamət Zəngəzur deyil. Əsl “A planı” Xəzər dənizidir.

“Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya Azərbaycan, Qazaxıstan, Türkmənistan, Rusiya və İran tərəfindən imzalansa da, İran parlamenti hələ də sənədi ratifikasiya etməyib. Konvensiyanın 22-ci maddəsinə əsasən:

 “Bu Konvensiya beşinci ratifikasiya sənədi Depozitari tərəfindən alındığı tarixdən qüvvəyə minir.”

İranın ratifikasiya etməməsi Xəzərdə hüquqi qeyri-müəyyənlik yaradır və bu, Rusiyaya manevr imkanı verir. Moskva son aylarda Xəzərdə aktivliyini artırıb və hətta ötən ilin dekabrında Rusiya Təhlükəsizlik Şurasının iclasında Xəzərin təhlükəsizliyi prioritet məsələ kimi önə çıxarılıb.

Xəzərdə beş dövlət mövcuddur və hərbi güc baxımından Rusiya üstün mövqedədir. Azərbaycanın quru və hava qüvvələri müasir texnologiyalarla təchiz edilsə də, dəniz qüvvələri hələ də zəif halqadır.

44 günlük müharibədən sonra Azərbaycan köhnə hərbi təyyarələrini Pakistandan alınan JF-17 qırıcıları ilə yenilədi. Hazırda isə Pakistan Hərbi Dəniz Qüvvələrinin ali komandanının Bakıya səfəri fonunda iki ölkə arasında donanma sahəsində əməkdaşlıq perspektivləri də gündəmə gələ bilər. Pakistan hərbi gəmilərin inşasını Çin və Türkiyə ilə birgə həyata keçirir, lakin bu, uzunmüddətli və maliyyə tutumlu layihədir.

Bütün bunlar onu göstərir ki, Zəngəzur dəhlizi açılsa belə, regionda geosiyasi mübarizə bitməyəcək. Rusiyanın Qazaxıstana qarşı ritorikasının sərtləşməsi və Xəzər dənizindəki hərbi fəallığın artması yeni mərhələnin başlanacağının siqnalıdır.

Görünür, yaxın gələcəkdə Zəngəzur düyününün həllini Xəzər düyünü əvəz edə bilər.