08 Oktyabr 2025 15:54
118
SİYASƏT

“Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilən sammiti ciddi siyasi mesajdır”

“Əlbəttə, Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilən zirvə toplantısı çox maraqlı hadisədir. Region, türk dilli xalqlar və bir az da iri miqyasda götürsək, Yaxın Şərq üçün ciddi bir sammitdir. Burda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 15 dekabrın dünya türk dili ailəsi günü qeyd olunması ilə bağlı təklifinin özündə də ciddi bir mesaj var. Bu ondan ibarətdir ki, artıq Türk Dövlətləri Təşkilatı, ayrılıqda götürüləndə Türkiyə özü, Azərbaycan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan və bu bura müşahidəçi kimi qoşulmuş Macarıstan bu tarixə təsbit olunmuş ciddi hadisədir”. 

Bunu Adalet.az-a açıqlamasında siyasi şərhçi Qulu Məhərrəmli deyib. 

O bildirib ki, YUNESKO-da 15 dekabrın Dünya türk dili ailəsi kimi qeyd olunması təklifinin də xüsusi əhəmiyyəti var:

“Təbii ki, bu bir mədəniyyət təklifidir. Amma bütövlükdə götürəndə Türk Dövlətləri Təşkilatının     Qəbələdə keçirilən sammitinin ciddi siyasi əhəmiyyati var. Ola bilər ki, əvvəlki sammitlər bir az məhdud sayda çox təbliğatı xarakter daşıyırdı. Amma son 2-3 ildə, xüsusən Azərbaycanın Qarabağda çaldığı tarixi zəfərdən sonra atılan addımlar onu göstərir ki, Türk Dövlətləri Təşkilatı, birliyi artıq regional güc kimi çıxış etməyə başlayır. Bu dövlətlərin birliyi özünü bir güc kimi göstərir”.

Q.Məhərrəmli deyib ki, digər tərəfdən təşkilatın daxilində artıq təkcə təbliğatı missiya yox, konkret əməkdaşlıq formatı görünür:

“Yəni artıq son illərdə ayrı-ayrı ölkələr arasında, türk birliyi çərçivəsində, ümumtürk dilinin, ümumtürk əlifbasının,  ümumi iqtisadi zonanın yaradılması, ayrı-ayrı ölkələr arasında əməkdaşlığın başlanması və dərinləşməsi onu göstərir ki, artıq türk dövlətləri arasında konkret sahədə əməkdaşlıq fəaliyyəti özünü açıq şəkildə göstərir. Türkiyə və Macarıstanla əlaqələrdən sonra Orta Asiyada türk dövlətləri ilə əməkdaşlığın genişlənməsi ciddi bir məsələdir. 
Azərbaycanla Qazaxıstan arasında iqtisadi əməkdaşlıq, son dövrdə mədəniyyət, təhsil sahəsində əməkdaşlıq özünü xüsusi şəkildə göstərir”. 

O bildirib ki, eləcə də bir oyanmış şir kimi görünən və çox böyük iqtisadi gücü, əhali sayı diqqəti cəlb edən Avropayla əməkdaşlıq yolunu tutmuş Özbəkistanda çox ciddi proseslər gedir:

“Avropa bu ölkəyə çox böyük maliyyə qoyur. Mədəniyyət, təhsil, media və təhsil sahəsində çox ciddi addımlar atılır. Ona görə də Azərbaycanla Özbəkistan arasındakı əlaqələr də diqqəti cəlb edir. Məsələn, hazırda iqtisadiyyat və təhsil sahəsində ciddi əməkdaşlıq planları qurulur. Məsələn, mənim müəllimi olduğum Bakı Dövlət Universiteti ilə Özbəkistanın Media və Kommunikasiya İnstitutu arasında təhsil sahəsində çox ciddi əməkdaşlıq aparılır. Bütün bunlar onu deməyə əsas verir ki, Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilən sammiti sadəcə bir təbliğat materialı deyil, ciddi siyasi mesajdır və bu reallıq mütləq nəzərə alınmalıdır”.

Vasif ƏLİHÜSEYN