08 Oktyabr 2025 17:54
91
ƏDƏBİYYAT

XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində “Unudulmaz Əfəndiyevlər irsi” adlı tədbir keçirilib - FOTOLAR

XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatının görkəmli xadimləri – Xalq yazıçıları İlyas Əfəndiyev və Elçin Əfəndiyevin xatirəsinə həsr olunmuş “Unudulmaz Əfəndiyevlər irsi” adlı tədbir keçirilib.

Tədbirdə iki görkəmli ədibin zəngin yaradıcılıq irsini əks etdirən “İlyas Əfəndiyev: Geriyə baxarkən” və “Elçin və kino” kitablarının təqdimatı gerçəkləşib.

Nəşrlərin ideya müəllifi Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyevadır. Kitabların elmi məsləhətçiləri Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov və “Şərq-Qərb” nəşriyyatının baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlıdır.

Təqdimat mərasimini açan Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli İlyas və Elçin Əfəndiyevlərin Azərbaycan ədəbiyyatı tarixində xüsusi yerə malik olduqlarını, milli dramaturgiya və nəsrin inkişafına mühüm töhfələr verdiklərini vurğulayıb.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar,  Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov,  Bakı Bələdiyyə Teatrının rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyov, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov, tədqiqatçı, filologiya elmləri doktoru Abid Tahirli, “Şərq-Qərb” nəşriyyatının baş redaktoru Nərgiz Cabbarlı, “Şərq-Qərb” nəşriyyatının direktoru Sevil İsmayılova çıxış ediblər.

Natiqlər yazıçılarla bağlı xatirələrini bölüşüb, onların əsərlərinin ölkənin ədəbi həyatı üçün əhəmiyyətindən danışıb, İlyas Əfəndiyevi və Elçin Əfəndiyevi fərqləndirən yüksək insani keyfiyyətləri vurğulayıblar. Qeyd edilib ki, Əfəndiyevlər ailəsinin yaradıcılığı Azərbaycanın mədəni irsinin önəmli tərkib hissəsidir, eyni zamanda, yeni nəsil yazıçılar və oxucular üçün ilham mənbəyidir.

Çıxışçılar tərəfindən bildirilib ki, onların yaratdıqları ədəbi-bədii nümunələr Azərbaycanla yanaşı, Türk Dünyasında, eləcə də beynəlxalq ədəbi çevrələr və oxucu auditoriyasında böyük maraq doğurur, milli mədəniyyətimizin tanıdılmasında mühüm rol oynayır.

Sonra Milli Məclisin deputatı Günay Əfəndiyeva çıxış edərək tədbirdə iştirak edən, Əfəndiyevlər ailəsinin zəngin ədəbi irsinin qorunub saxlanılması və təbliği ideyasını dəstəkləyən hər kəsə təşəkkürünü bildirib.

Təqdimat mərasiminin bədii hissəsində muğam televiziya müsabiqəsinin qalibi, xanəndə Nisbət Sədrayeva, tarzən Rüstəm Müslümov və Azərbaycanın Əməkdar artisti, kamança ifaçısı Toğrul Əsədullayev çıxış ediblər.

Tədbirdə Türkiyə, Özbəkistan və Tacikistanın Azərbaycandakı səfirləri, tanınmış mədəniyyət, incəsənət, ədəbiyyat xadimləri, KİV və ictimaiyyət nümayəndələri iştirak ediblər.